Oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, ilahiyyatçı Taleh Bağırzadənin tərəfdarı və Nardaran hadisələri ilə bağlı məhkəmələrin fəal iştirakçısı olan Əhsən Nuruzadənin şikayətinə baxılacaq. Apellyasiya şikayəti fəalın ev dustaqlığına buraxılması haqda vəsatəti təmin etməyən Nərimanov Rayon Məhkəməsinin qərarından verilib. Apellyasiya şikayətinə hakim Əmir Bayramov baxacaq. Bu haqda “Azadliq.info”ya Əhsən Nuruzadənin vəkili Yalçın İmanov məlumat verib.
Ə.Nuruzadə oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əlkə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14,775 qram heroin tapıldığı iddia olunur.
Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.
“Məni döyə-döyə “bandotdel”in həyətinə gətirdilər. Həyətdə əllərimi qandallayıb binanın birinci mərtəbəsində bir otağa gətirdilər. Deyəsən, şöbə rəisinin kabineti idi. “Rəis” olduğunu deyən bir nəfər əlini cibimə atdı ki, “görüm, cibində nə var?” Əlini çıxartdı, iki nəfər hal şahidi çağırdılar. Onların yanında yenə bayaq rəisin əl saldığı cibimə baxdılar, bu dəfə üç balaca bükülüdə narkotik çıxartdılar”, – Əhsən Nuruzadə həbs qərarından verilmiş şikayətə baxılarkən məhkəməsində danışıb.
Ə.Nuruzadə bundan öncə də iki dəfə – 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası verilməsi haqda danışıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.
Azadlıq.info
Oxunub: 80