Lənkəranın icra başçısı Taleh Qaraşov və Sabunçu rayonunun prokuroru Ceyhun Şirinovun məhkəmədə dindirilməsi tələb olunur.
Müsəlman Birliyi Hərəkatının sədr müavini, həbsdə olan ilahiyyatçı Elçin Qasımovun vəkili Fariz Namazlı oktyabrın 27-də məhkəmədə bu haqda vəsatət qaldırıb.
Elçin Qasımov daha 11 nəfərlə birlikdə on aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Nardaran hadisələri ilə əlaqədar bu adamlar terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama da daxil, 10-dan çox ağır maddə ilə ittiham olunur.
HAL ŞAHİDİ KİMİ PUL ALIBMI?
Məhkəmədə vəkil Fariz Namazlı ümumilikdə 23 vəsatət qaldırıb. Amma bundan öncə Elnur Məmmədov adlı şahid dindirilib. O, Müsəlman Birliyi Hərəkatının ofisində keçirilən axtarışda iştirak edib: “Məni ofisə baxış keçiriləndə sahə müvəkkili dəvət elədi. İçəridə polislər var idi, təxminən 15 nəfər. Polislər video çəkirdilər. Ofisdə stol, stul və dini kitablar var idi. Polislər Quranı və başqa kitabları apardılar”.
Vəkil İradə Cavadova ondan soruşub ki, hal şahidi kimi iştirak etmək üçün ona pul veriblər? Amma hakim bu sualın cavablandırılmasına imkan verməyib, sual çıxarılıb.
Ardınca Fariz Namazlı vəsatətlərini elan edib. Vəkil Sabunçu rayon prokurorunun dindirilməsi haqda vəsatətini əsaslandırarkən deyib ki, Elçin Qasımov 2015-ci il noyabrın 5-də həbs olunandan sonra ona, eləcə də onun buraxılması tələbi ilə Sabunçu Rayon Polis İdarəsinin qarşısında həmin gün aksiya keçirən bir neçə nəfərə inzibati həbs cəzası verilməsi haqda qərarlar çıxarılıb. Noyabrın 26-da altı nəfərin öldüyü əməliyyatdan sonra prokurorluq protest verib, onların haqqında cinayət işi başlanıb. Vəkilin sözlərinə görə, Elçin Qasımov, Ağaəli Yəhyayev və Elxan İsgəndərovla bağlı protestlərin mətni şablon olub. Elçin Qasımovla bağlı protestdə yazılıb ki, guya, o da idarənin qarşısında aksiyada iştirak edib. Halbuki, o, həmin vaxt saxlanmışdı və ora toplaşanlar onun buraxılmasını tələb edirdi.
“İCRA BAŞÇISININ BELƏ SƏLAHİYYƏTİ YOXDUR”
Lənkəranın icra başçısının dindirilməsinə gəlincə, vəkil deyir ki, Taleh Qaraşovtəqsirləndirilən şəxs İsa İbrahimov haqda xasiyyətnamə verib: “Xasiyyətnamədə də İsa İbrahimovu “radikal dini ekstremist”, “cəmiyyətə zərərli ünsür” adlandırıb. Əvvəla, icra başçısının belə xasiyyətnamə vermək səlahiyyəti yoxdur. Ona görə də həmin sənəd sübutlar siyahısından çıxarılmalı, icra başçısı da belə sənəd verməsini gəlib burada əsaslandırmalıdır”.
Elçin Qasımov vəkilinin vəsatətlərinə münasibət bildirərkən özü də şifahi vəsatət qaldırıb: “Xəzər TV”də Taleh Bağırzadə, Zülfüqar Mikayılov və mənim şəklimi göstərib, bizi “terrorist” kimi təqdim ediblər. Xahiş edirəm, “Xəzər TV”nin əməkdaşları dəvət olunsun. Görək bu məlumatı onlara kim ötürüb”.
Vəsatətlərin sayı çox olduğundan prokuror rəy bildirmək üçün vaxt istəyib. Məhkəmə ona noyabrın 10-na qədər vaxt verib.
Azadlig.org
Oxunub: 470