ABŞ prezidenti Donald Trampın kampaniyasının qısa müddət ərzində sədri olan Pol Manafort Rusiyanın 2016-cı il ABŞ prezident seçkiləri ilə bağlı aparılan cinayət təhqiqat işi ilə əlaqədar bu gün könüllü şəkildə özünü Federal Təhqiqatlar Bürosuna təslim edib.
Federal münsiflər heyəti cümə günü xüsusi məsləhətçi Robert Müller tərəfindən aparılan təhqiqatlar nəticəsində irəli sürülən ittihamları təsdiqləyib.
Bazar ertəsi Ukraynada geniş lobbiçilik maraqları və Rusiya ilə əlaqəsi olan Manafortdan səlahiyyətli orqanlara təslim olması tələb olunub. Manafordun sabiq biznes həmkarı Rik Qeyts də özünü səlahiyyətli orqanlara təslim edib.
Manafort 2016-cı ilin iyun ayından avqust ayınadək Trampın kampaniyasını idarə edib və ondan bir neçə ay əvvəl kampaniyada mühüm mövqelərdən birində olub.
Bundan başqa Rusiyanın prezident seçkilərinə müdaxiləsi və Rusiya ilə Tramp kampaniyası arasında əlaqə ilə bağlı Konqres tərəfindən ayrıca təhqiqat aparılır.
ABŞ təhqiqat komitəsi 2017-ci ilin əvvəli Rusiya prezidenti Vladimir Putinin ABŞ demokratiyasını sarsıltmaq və Trampın seçkilərdə qalib gəlməsinə kömək etmək məqsədi ilə şəxsən müdaxilə edtiyi barədə nəticə çıxarıb.
Müllerin Manafortun və sabiq milli təhlükəsizlik üzrə məsləhətçi Maykl Flinnin fəaliyyətini nəzərdən keçirdiyinə inanılır.
Oxunub: 296