Vəkil Elçin Sadıqov Facebook statusunda həbsdə olan bloger Mehman Hüseynovla bağlı xəbər paylaşıb.
“Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Əflatun Qasımovun icraatına verilib. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmündən verdiyim apellyasiya şikayətinə yenidən 03 noyabr 2017-ci il tarixdə, 15.00-da baxılacaq.
Məhkəmədən bildirdilər ki, Mehman Hüseynov artıq Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına (Şüvələn qəsəbəsində yerləşən təcridxanaya) köçürülüb”.
Xatırladaq ki, Mehman Hüseynov 2017-ci il yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.
Hüseynov Nəsimi Rayon Məhkəməsinin qarşısında jurnalistlərə bildirib ki, işgəncəyə məruz qalıb, başına torba keçirilib.
Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotolarını yayıb.
Ancaq Daxili İşlər Nazirliyi blogerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.
Nəsimi RPİ-nin rəisi Musa Musayev bloger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Sentyabrın 29-da Ali Məhkəmə bloger Mehman Hüseynovun kassasiya şikayətini qismən təmin edib. Ali Məhkəmə cinayət işini yenidən apellyasiya baxışına qaytarıb.
Azadliq.info
Oxunub: 166