Oktyabrın 30-da Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 il müddətinə həbs edilib.
Keçmiş MTN-çi Akif Çovdarovun adı yerli mediada ilk dəfə 2008-ci illərdə çəkilib: “Azadlıq” qəzetinin o vaxtkı müxbiri Aqil Xəlil Bakıda “Zeytunluq bağı” ərazisində döyülməsini Akif Çovdarovla bağlayıb.
Həmin ilin mayında Baş Prokurorluq məlumat yayaraq bildirmişdi ki, Akif Çovdarov istintaqda şahid kimi dindirilib və o, jurnalisti döydüyünü təkzib edib.
Prokurorluq onu da əlavə etmişdi ki, döyülmə halı sübuta yetirilmədiyi üçün Aqil Xəlilin şikayəti əsasında başlanan işə xitam verilib.
Akif Çovdarovun adı bir də 2015-ci ildə çəkildi: Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi və 20-yə yaxın vəzifəli şəxs həbs edildi. Qurumda idarə rəisi və general-mayor rütbəsi daşıyan Akif Çovdarov da onların arasında idi.
Akif Çovdarov kimdir?
Həbs edilənə qədər Milli Təhlükəsizlik Nazirliyində Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Akif Çovdarov 1952-ci ilin avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. Ona verilən ittiham aktında göstərilir ki, əslən azərbaycanlı olan Akif Çovdarov 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə SSRİ DİN Akademiyasını bitirib.
Akif Çovdarov 1976-cı ilin iyul ayından etibarən Daxili İşlər Nazirliyində zabit rütbəsində bir sıra vəzifələrdə işləyib. Onun MTN-lə yolu 2004-cü ilin oktyabrında kəsişib. Akif Çovdarovun milli təhlükəsizlik orqanlarına gəlməsindən 2 ay öncə Eldar Mahmudov yenicə təyin edildiyi DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən çıxarılaraq Milli Təhlükəsizlik naziri təyin edilmişdi.
Akif Çovdarov MTN-də şöbə müdirliyindən Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlmişdi.
O, xidmət müddəti ərzində 19 dəfə müxtəlif növ mükafatlara layiq görülüb, bir orden, iki medalla təltif edilib, general-mayor rütbəsinədək qalxıb.
İttiham aktında deyilir ki, “Çovdarov 07-14 noyabr 2015-ci il tarixində keçmiş MTN-nin sərəncamında olmuş, 2015-ci il noyabr ayının 14-də keçmiş MTN-nin müvafiq əmrinə əsasən, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb”.
Həbs və ittihamlar
Sabiq MTN-çi 2015-ci ilin dekabrın 14-də həbs edilib. Baş Prokurorluq həmin vaxt yaydığı məlumatda bildirimişdi ki, Akif Çovdarovla bərabər 20-dən çox adam həbs edilib.
Akif Çovdarova verilən ittihamlar ağır və “mürəkkəb sayıldığından Səbayel məhkəməsinin qərarı ilə o, istintaq və məhkəmə müddətini həbsdə keçirmişdi.
Baş prokurorluğun hazırladığı ittiham aktında deyilir ki, Akif Çovdarov keçmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində işləyərkən “tabeliyindəki əməkdaşlara sahibkarlıqla məşğul olan şəxslərlə bağlı yoxlamalar aparmasını, onları “heç bir xidməti zərurət olmadan nazirliyə gətirdərək sorğularının keçirilməsinə göstərişlər verib”.
İttiham aktında göstərilir ki, sabiq general-mayor sahibkarların “hədələnmələrinə və kobud rəftara məruz qalmalarına şərait yaradıb”.
Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada suçlandırılırdı.
Ağır Cinayətlərə Dair İşlər Məhkəməsində keçirilən məhkəmədə onlarla zərərçəkən, xüsusilə sahibkar fəaliyyəti olan şəxslər ifadə verib və Akif Çovdarovun onlardan müxtəlif təzyiqlər yolu ilə külli miqdarda pul aldığını bildiriblər.
Akif Çovdarov məhkəmə boyu ayrı-ayrı epizodların bəzisini təkzib edib, bəzisinin də başqa cür baş verdiyini söyləyib. Keçmiş MTN-çi ona verilən ittihamların hamısını rədd edib.
Oxunub: 468