Keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Oqtay Gülalıyev siyasi məhbus həyatı yaşayan Əfqan Sadıqov və onun qurduğu sayt haqqında fikirlərini fb səhifəsində bölüşüb:
“Dostlar, bu gün azel.tv saytının 2 yaşı tamam olur.
O sayt ki, onu quran, yaradan və cəmiyyətə təqdim edən şəxs- Əfqan Sadıqov hazırda siyasi məhbus həyatı yaşayır…
O sayt ki, o qısa vaxtda korrupsioner məmurların yuxusunu ərşə çəkdi. Həmin saytda cənub bölgəsində, Cəlilabadda, eləcə də ölkədə hökm sürən özbaşınalıq, dərəbəylik, rüşvətxorluq, talançılıq geniş şəkildə işıqlandırıldı…
O sayt ki, övvəlcə onu qurub yaradan şəxsi- Əfqan Sadıqov şərləyib həbs etdilər, sonra isə saytın özünü qapatdılar. Hazırda həmin sayta giriş bağlanıb və azel.tv fəaliyyətsiz hala gətirilib.
Amma biz azel.tv- nin sayəsində Əfqan Sadıqov kimi cəsarətli və mübariz bir jurnalisti tanıdıq. O şərlənib həbs olunsa da, həbsxanada təzyiqlərə, fiziki zorakalıqlara məruz qalıb “kars”- a salınsa da cəsarətli çıxışlarını, kəsərli yazılarını davam etdirir.
Bunlar hələ də anlamırlar ki, Əfqan Sadıqovları həbs etməklə Azərbaycan xalqını susdura bilməyəcəklər. Bunlar hələ də anlamırlar ki, bir Əfqan Sadıqovu həbs etməklə yerinə yüzlərlə Əfqan Sadıqovlar gələcək. Bir azel.tv saytını bağlamaqla yüzlərlə azel.tv saytı yaranacaq və fəaliyyət göstərəcək. Əfqan bəyi yetişdirən Azərbaycan xalqıdır. Bunlar hələ də anlamır ki, xalqa qarşı mübarizə aparan hələ heç bir diktator qalib olmayıb.
İnanıram ki, Əfqan Sadıqov kimi şərlənib həbs olunan cəsur, fədakar dostlarımız tezliklə haqq etdikləri azadlığına qovuşacaq və öz sözlərini deyəcəklər. O gün uzaqda deyil!
Azel.tv saytının 2 yaşı tamam olması münasibəti ilə başda Əfqan bəy olmaqla saytın qurucularını və əməkdaşlarını təbrik edirəm. İnanıram ki, tezliklə sayt öz fəaliyyətini bərpa edəcək, haqq və ədalət öz yerini tutacaq…
Qeyd; Noyabr ayının 7- də Əfqan Sadıqovun Ali məhkəmədə kassasiya şikayətinə baxılacaq. Hamını Əfqan bəyə dəstək olmağa çağırıram!”
Azadliq.info
Oxunub: 104