«Düzü, Avropa Məhkəməsinin qərarı ilə Çovdarovun həbsi üst-üstə düşəndə məndə, azacıq da olsa, ümid yaranmışdı. Dedim, bəlkə nəsə dəyişər. Ona görə yox ki, Azərbaycanda bir jurnalisti tutublar, bıçaqlayıblar. Dedim, bəlkə bu cinayətin üstünü açmaq və cəmiyyətə də, gec də olsa, bu işlə bağlı həqiqətin açığa çıxdığını göstərmək istədilər».
«Azadlıq» qəzetinin keçmiş əməkdaşı, 9 il öncə ona qarşı edilən hücumlardan sonra Fransaya siyasi mühacirətə gedən Aqil Xəlil Azadlıq Radiosuna müsahibəsində belə deyir. Jurnalist bir neçə il öncə zeytun bağlarının qırılması ilə bağlı reportaj hazırlayarkən indi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov tərəfindən döyüldüyünü iddia etmişdi. Amma o zaman hüquq-mühafizə orqanları onun dediklərinin əsası olmadığını bildirmişdilər.
Hüquq-mühafizə orqanları bu hadisədən bir qədər sonra bıçaqlanan jurnalisti cinsi azlığın nümayəndəsi kimi təqdim olunan Sergey Strekalinin qısqanclıq zəminində yaraladığını açıqlamışdılar. Həmin şəxs ilyarım azadlıqdan məhrum edilmişdi. Ancaq A.Xəlil onu yaralayanın Strekalin olmadığını demişdi.
İki il öncə keçmiş MTN-in yüksəkvəzifəli şəxsləri arasında Akif Çovdarov da həbs edildi və bugünlərdə ona hökm oxundu. A.Xəlil hökm haqqında bunları deyir:
– Məhkəmənin gedişini daimi olmasa da, arada izləyirdim. Onsuz da Akif Çovdarov nəticəni əvvəlcədən bilirdi. O, ətrafındakılar hökumətin qullarıdır, ittiham olunduqları cinayətləri tək etməyiblər. Onların əsl cinayətlərini üzə çıxarsalar, ömürlük cəza alarlar, bəlkə daha çox. İndi verilən cəza ən yüngülüdür. 12 il heç nədir. Mən tək öz başıma gələnlərlə bağlı demirəm. O zaman bu travmanı tək mən yaşamadım, ailəm, yaxınlarım da yaşadı. Mən jurnalist idim deyə, başıma gələnlər işıqlandırıldı, amma Çovdarov o qədər insanın həyatını məhv edib ki. Məhkəmənin gedişində də bu bəlli oldu. Yəni etdiyi cinayətlərin yanında 12 il heç nədir. Bəlkə də bu hökmü sevinclə qarşılayıb.
– Elə burda da cəzanın yetərli olmadığını düşünənlər var, məsələn, deputat Zahid Oruc hesab edir ki, daha sərt cəza verilməliydi. Ancaq Çovdarova və digərlərinə iki maddə üzrə bəraət verilməsi bəziləri üçün gözlənilməz olsa da, bəziləri gözlənilən sayır. Siz məhkəmədən hansı qərarı gözləyirdiniz?
– Çox maraqlıdır ki, iki il bundan qabaq elə eyni gündə – oktyabrın 30-da keçmiş MTN-çilərin həbs edildiyi vaxt Avropa İnsan Haqları Məhkəməsi mənim işimlə bağlı qərar verdi. İki il sonra Çovdarovla bağlı hökmün verilməsi də eyni günə düşdü. Təsadüflərdir, əlbəttə. Amma o vaxt mənim – bir müxalif insanın və ya belə deyək, adi jurnalistin başına gələnlərlə bağlı cinayət işi açılmadı, araşdırma aparılmadı. Düzdür, sonradan qurama, qondarma bir cinayət işi açıldı. Amma hökumət mənim başıma gələnlərə ciddi reaksiya vermədi. Avropa Məhkəməsinin qərarlarına baxmayaraq. Yəni deməyim odur ki, məlum olan cinayətlə bağlı iş açmırlar, o ki ola gizli qalan cinayətlərlə bağlı nəsə etsinlər… Çovdarov hələ 12 ili içəridə qalacaqmı, o da bilinmir. Sergey Strekalin kimi cinayətdə əli olmayan adama 1 il 6 ay iş kəsdilər və o cəmi 2 ay sonra azadlığa çıxdısa, Çovdarovun bir neçə il sonra azadlığa buraxılmasına təəccüblənmərəm. Təəssüf ki, Azərbaycanda belə gerçəkliklərlə rastlaşmaq mümkündür və gözləniləndir.
– Düzü, Avropa Məhkəməsinin qərarı ilə Çovdarovun həbsi üst-üstə düşəndə məndə azacıq da olsa, ümid yaranmışdı. Dedim, bəlkə nəsə dəyişər. Ona görə yox ki, Azərbaycanda bir jurnalisti tutublar, bıçaqlayıblar. Dedim, bəlkə bu cinayətin üstünü açmaq və cəmiyyətə də gec də olsa, bu işlə bağlı həqiqətin açığa çıxdığını göstərmək istədilər. Bir az ümidim vardı. Amma işin gedişatında gördüm ki, buna heç toxunan da olmadı. Sarsılmadım da. Gözlənilən idi. Törətdiyi cinayətlərə görə, «Azadlıq» qəzetinin müxbirinin döyməsinə, bıçaqlamasına, şərləməsinə görə vaxtilə Çovdarova orden verirdilərsə, prezident tərəfindən rütbəsi artırılırsa, başqa cinayətlərlə bağlı tədbir görülməməsini normal sayıram. Təəssüf ki, illərdir bu, belə də davam edir. Mən burdayam, amma həmkarlarım həbsdədir, müxalifətçilər həbsdədir. Şər, böhtan ataraq azad sözü deyənləri həbs edirlər, haqsızlıqlar davam edir.
– Avropa İnsan Haqları Məhkəməsi sizinlə bağlı araşdırma aparılmasını tələb edirdi?
– Avropa Məhkəməsi tələb edirdi ki, mənə dəyən mənəvi zərərə görə 28 min avro ödənsin. Hüquqi tərəfləri detallı yadımda deyil, amma başlıca tələb cinayətin yenidən araşdırılması idi. Azərbaycan hökuməti bununla bağlı öhdəlik də götürmüşdü, bu işi yenidən araşdırmalı idi. Bununla bağlı mənə məktub yazmışdılar. Amma araşdırılmadı. Mənə çatacaq 28 min avrodan 22-23 min avro ödədilər. Mən bununla bağlı Prezident Administrasiyasına, Avropa Məhkəməsinə müraciət etdim. Təzminatın ödənilməsi üçün deyil, sadəcə işin araşdırılması üçün. Mənə bildiriş gəldi ki, məktub çatdı. İki ildir hökumətdən cavab gözləyirəm. Hətta bu müddətdə Avropa Məhkəməsi yenidən hökumətə müraciət etdi, onlara da cavab verilmədi. Amma bu işi sona qədər davam etdirəcəyəm.
– Aqil bəy, hadisədən 9 il ötür. Bəlkə xatırladasınız o zaman baş verənləri, Akif Çovdarovun bu hadisədəki rolunu.
– 2008-ci il fevralın 22-də «Zeytunluq» adlanan ərazidə birbaşa Akif Çovdarov və Dağbəyi Allahverdiyev tərəfindən döyülmüşəm. Müxtəlif bədən xəsarətləri almışam. Fevralın 22-dən martın 13-dək hər gün izlənmişəm. Martın 13-də axşam təxminən saat 19:30-da naməlum şəxslər tərəfindən bıçaqlanmışam. Səfirliklərin müraciətindən sonra azadlığa çıxdım və AzadlıqRadiosunun birbaşa efirində bunları ifşa etdim. Həmin gün məni «28 May» metrostansiyasında qatarın altına itələyib öldürmək istədilər. Məni boş buraxmırdılar. Təzyiqlər davam edirdi. Azərbaycanı tərk edənə, iyulun sonlarına kimi mən mühafizəçilərlə gəzirdim, onlarla bir yerdə qalırdım. Onlar Daxili İşlər Nazirliyinin adamları idi. Amma ümumiyyətlə, məni izləyən də, təzyiq göstərən də, mənə qarşı cinayət törədən də Azərbaycan hökuməti idi. Məni öz maraqlarına uyğun olaraq qoruyan isə DİN idi. Bu, paradoksal idi. Mən kimə güvənəydim? Onsuz da həyatım güvəndə deyildi. Azərbaycanda qalsaydım, bəlkə də artıq yaşamırdım, ya da həbsdəydim. Məcbur qaldım siyasi sığınacaq aldım. Burda həyatıma davam etdim, təhsilimi davam etdirdim, bura inteqrasiya oldum, vətəndaşlıq aldım, amma yenə də nə fransız ola bildim, nə də azərbaycanlı. İki cəmiyyətin arasında qaldım.
– Sizi şəxsən Akif Çovdarov döymüşdü?
– O hadisələr heç vaxt yadımdan çıxmaz. Bəlkə kimsə elə bilir ki, məni ora qəsdən göndəriblər. Amma səmimi deyirəm, elə reportajları çox hazırlamışdım, gündə o qədər ağac qırırdılar, parkları dağıdır, evləri sökürdülər. O da adi bir yer idi. Adi təsadüf nəticəsində ora reportaja getdim. Mən reportaj hazırlayanda Akif Çovdarovla Dağbəyi Allahverdiyev də ora gəldilər. O ərazidə ağacları qırdırıb torpaqları satırdılar. Mən də onların şəkillərini çəkmişdim. Mənə düzü maraqlıydı ki, bu ərazidə qalstuklu gəzən bu adamlar kimdir? Özü bilmirdi. MTN işçisi şəklinin çəkilməsini bilsə, jurnalisti salamat buraxmazdı. Çovdarovun ilk fotosunu jurnalist kimi mən çəkmişəm. Mən döyülməsəydim, bəlkə bu foto mediaya da çıxmayacaqdı. Fəhlələr bunlara dedi ki, bir nəfər burda çəkiliş aparırdı. Onlar da məni döyməyə, boğmağa çalışırdılar. Bununla bağlı videogörüntülər də var. Dağbəyi Allahverdiyev, Akif Çovdarov mənim döyülməyimdə iştirak ediblər. Onlar iki nəfər idilər, üçüncü şəxs yox idi. Mən onun kim olduğunu sonradan, bıçaqlandığım gün bildim, «Yeni Müsavat» qəzeti yazandan sonra.
Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarova 12 il həbs cəzası kəsilib. O və tabeliyində işləmiş MTN polkovniki Səlim Məmmədov, mayor Akif Əliyev və Orxan Osmanov qanunsuz azadlıqdan məhrumetmə, rüşvət alma, mənimsəmə və s. ittihamlarla yanaşı, CM-nin 181-ci (quldurluq) maddəsinin bir neçə bəndi ilə də suçlanırdı. Amma MTN-çilər haqqında hökmdə CM-nin 181.3.1 (mütəşəkkil dəstə tərəfindən quldurluq) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq) maddələri çıxarılıb. Bakı Hərbi Məhkəməsinin hakimləri belə nəticəyə gəlib ki, Çovdarov və işçilərinə qarşı quldurluq ittihamı sübuta yetirilməyib.
Oxunub: 934