Terminologiya tragikomediyası
Ölkəmiz 24 illik bir rejimin, heydərizm rejiminin yağıcasına basqıları altında can verməkdədir. Özgürlük, demokratiya, insan hüquqları, qanun, qanunçuluq adına nə varsa hamısı çoxdan dışlanıb, çıxdaş edilib. Bu üzdən də ölkəni irəliyə aparacaq, gəlişdirib Yer üzünün qabaqcıl ölkələri sırasına çıxaracaq nəsə yoxdur. Ölkə hakimiyət-dövlət düzəyində yalan içrə boğulur, boğdurulur: ardıcıl olaraq ölkəni yolsuzluğa-yoxluğa sürükləmə gerçəklərini – uğursuz politikaları – ört-basdır etmək üçün!
Ölkə gerçəklərini yayan “Azadlıq” radiosunu, “Azadlıq” qəzetini, “Turan” informasiya agentliyini qapanmış duruma gətirən İ.Əliyev deyir: Azərbaycan mətbuatında yalan, qərəzli məlumatların sayı kəskin azalıb”. Bu çıxışın özünün necə bir yalan olduğunu görmək-bilmək üçün rejim qəzetlərinə, rejim televiziyalarına ötəri göz atmaq yetər. Onlar ölkə gerçəklərini bütünlüklə baş-ayaq qoyan yalanlarla doludur. İ.Əliyevin başqa bir çıxışı ölkədə gerçəyə yer qoymayan yalanların başının hara bağlandığını göstərən ən tutarlı faktlardandır: “Azərbaycan dövləti sosial dövlətdir və bizim siyasətimizin mərkəzində Aərbaycan vətəndaşı durur”. İşsizlik-pulsuzluq-yoxsulluq, bütün bunların doğurduğu dolanışıq dözülməzliyindən bir ildə ölkədə 12 min 300 ailə dağılırsa (2016-cı ilin rəsmi statistikası), burada göstərilən nədənlər üzündən bir ildə 797 adam özünü öldürürsə, Təhsil, Sağlamlıq sistemləri bütünlüklə pulludursa, ölkədə gerçək sosial qarantiya yoxdursa, “Azərbaycan dövləti sosial dövlətdir” deməkdən də böyük yalan, yalançılıq ola bilərmi?!
Bütün başqa gəlirlər bir yana, az bir arada ölkəyə bircə neftdən 350 milyard gəlir gəldi. Gəldi, demək olar, gəldiyi kimi də getdi, daha doğrusu , yağıcasına mənimsəndi, dağıdıldı, göyə sovruldu. Bircə o neft gəlirləriylə İNNOVASİYALAR yoluyla Azərbaycanda aqrar sektordan tutmuş bilim alanınadək Azərbaycanı gəlişdirib dünyanın ən qabaqcıl, ən üstün, ən varlı ölkələrindən birinə çevirmək olardı. Ancaq, demokratiyadan diktaturaya keçid etməklə, korrupsiyanı, monopoliyanı DÖVLƏT POLİTİKASINA dönüşdürməklə ölkə çox-çox illər geriyə atıldı. Bilim (elm), ayrıca olaraq Dil baxımından da eləcə.
Özünün antiTürk baxışlarına uyğun olaraq H.Əliyev hakimiyətə qayıdışından az sonra Dilin (Türk dili), Ulusun (Türk ulusu) adını dəyişməklə, üstəlik, AntiTürk politikalara üstünlük qazandırmaqla ölkənin içindən yenilməsinin özülünü qoydu! 20-ci yüzilliyin başında Azərbaycan Demokratik Respublikası 282 ilkə qol qoymaqla az bir arada yalnız Doğu dünyasında deyil, Batıda belə Azərbaycana bir çox üstünlüklər qazandırmışdı. Əliyevlər yüz il sonra, 21-ci yüzilliyin başlanğıcında Azərbaycanın üzünü bütünlüklə özlərinə yararlı keçmişə yönəltməklə ölkəmizi Afrikanın ən geridə qalmış ölkələrinə yoldaş etdi. Buna görə Keniya (Afrika) müxalifətinin lideri bu yaxınlarda ölkəsində kleçirilən prezident seçkisi ilə bağlı hakimiyətə səslənərək demişdi: “Keniyanı Azərbaycana çevirməyin!”
Bu uzun, qaçılmaz giriş nədən gərəkdi? Sputnikin Nazirlər kabineti yanında Terminologiya komissiyasına bağlı yaydığı bilgidən. Bilgi belədir: “Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. O, Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: “Zaryadka” – “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” – “qadağa”, “evakuasiya” – “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensuz” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” – “ bəyənmə”, “mesaj” – “ismarış” kimi təsdiqlənib”.
Başdan, “Sputnik-Azərbaycan”ın dilindən başlayaq. Bu dil bizim bir çoxumuzun işlətdiyimiz çağdaş Azərbayca dili deyil, əliyevçi gerilikçi rejim dövlətçiliyinin, gerilikçi rejim jurnalistikasının (qəzetlərin, televiziyaların, saytların) dilidir. Başdan ayaqğa dilimizi ağırlaşdıran, kobudlaşdıran ərəb-fars sözləri ilə yüklənmiş bir dil! Bu dil eləcə də “Milli Elmlər Akademiyasının”, o Akademiyaya bağlı Nəsimi adına Dilçilik institutunun dilidir. Bu ARXİV dili eləcə də “Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının, o Komissiyanın “sədri” ilə “sədr müavininin” dilidir.
Çox dərinə getmədən bilgini çağdaş dilimizə çevirirəm: “Bir sıra alınma sözlərin Azərbaycan dilində qarşılığı bəlirlənərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında doğrulanıb. “Sputnik-Azərbaycan” bildirir (soraq verir): bununla bağlı APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının başqan yardımçısı Sayalı Sadıqova bilgi verib. O, Azərbaycan dilində qarşılığı bəlirlənmiş bir sıra sözlərin sıralamasını açıqlayıb”. Kim istəsə mənim bu fars-ərəb sözlərindən ÇEVİRMƏMİ bircə-bircə tutuşdura bilər – ortadakı ayrıntini, dilimizin üstünlüyünü görüb-bilmək üçün.
Terminologiya komissiyasının başqanı “Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadədir. A.Əlizadəni mən İ.Əliyevi öyməyə yönəlik bir neçə uzun-uzadı çıxışından tanıyıram. Ərəb-fars sözləri ilə dolu olmaq bir yana, onun sözügedən çıxışları yalanla da doludur. A.Əlizadə o çıxışlarda İ.Əliyevin “elmə böyük qayğısından” danışır. Bu isə bütünlüklə yalandır: İ.Əliyevin “elmə qayğısının” gerçək görsənişi onun dövlət büdcəsindən bilimə (elmə) ayırdığı qəpik-quruşdan bəllidir. Başqa oxşar bəlli olanlar da var, onlardan bircəciyi: Akademiyanın Fizika institutunun əməkdaşı Elman Şahverdiyev Akademiyada geniş yayılmış korrupsiya-qanunsuzluq faktları ilə bağlı (ayrıca olaraq saxta seçkilərlə bağlı) dövlət başçısı İ.Əliyevə 1000-dən çox (mindən çox!) məktub yazdığını, o məktubların hamısının susqunluqla qarşılandığını bildirir (“Azadlıq” qəzeti) . İndilikdə E.Şahveriyevə bir iş qalır: əməkdaşı olduğu Akademiya ilə bağlı İ.Əliyevə belə yazmaq: “Cənab prezident, sizin sayənizdə bizim Milli Elmlər Akademiyasında doğru-düzgünlük, təmizlik baş alıb gedir, elmimiz, sizin sayənizdə bütün sahələr üzrə üzrə durmadan inkişaf edir, maaşlarımız da bizə artıqlamasıyla çatır”. (Bilməyənlər üçün : elmlər doktoru 300 manat aylılq alır). E. Şahveriyev belə bir məktub yazsa, o məktub anındaca Prezidentin saytına qoyular, qəzetlərə ötürülər. Ancaq, yazmır. Nədən? Akademiyada gündəlik olaraq üzləşdiyi, qarşılaşdığı, baş başa gəldiyi… düşkün durum üzündən! Terminologiya komissiyasının ortaya qoyduğu indiki sıralama Akademiyadakı o düşkün durumun hamılıqla qarşılaşdığımız görsənişlərindəndir.
“Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının” açıqladığı sıralamaya baxaq. “Zaryadka” – “yükləmə”. “Rusca-Azərbaycanca lüğət”də (“Şərq-Qərb”, Bakı-2005) bu sözün açımı belədir: 1.doldurma. 2. enerji, qüvvə ehtiyatı (öz dilimizdə GÜC SAXLANCI deyə bilərik. – X.B.) Belə görünür, Terminologiya komissiyasının başında duranlar yersiz özgüvənlikdənmi, topluma sayğısızlıqdanmı əl altındakı SÖZLÜYƏ (akadaemiya dilçilərinin dilində ərəbcə – lüğət) baxmağı da gərəkli bilməyiblər. Beləliklə, “zaryadka” bizm dildə “doldurma” deməkdir.
“Adapter” – “yükləyici”. “Azərbaycan dilinin izahlı lüğəti” (Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı 1964): “Adapter (əsli lat.). Qramofon (patefon) valının səsini reproduktor vasitəsilə vermək üçün elektromaqnitli cihaz”. “Rusca-Azərbaycanca” sözlüyə baxaq: “Adapter – adapter (patefon valının səsini elektrik vasitəsilə reproduktora verən elektromaqnitli mexanizm. Başqa birinə, “Türkcə sözlük”ə (Yeni basqı, Ankara 1988) baxaq: “adaptör – Bir aletin çapları birbirindən farklı olan parçalarından birini ötekine keçirəbilmek için yararlanılan bağlayıcı. Üç sözlük tutuşdurmasından göründüyü kimi, sonuncu adapter “kimliyinin” ən düzgün açımıdır. Demək, adapter bizim dildə “bağlayıcı” deməkdir. Elektriki bir nəsnədən başqa nəsnəyə ötürdüyü üçün ona ÖTÜRÜCÜ də demək olar, daha “yükləyici” yox.
“Embarqo” – “qadağa”. Düzgündür. (“Yasaq” da yazmaq olardı).
“Evakuasiya” – “köçürülmə”. “Rusca-Azərbaycanca” sözlüyə baxaq: “Evakuasiya – təxliyə, boşaltma, boşaldılma (müharibə zamanı əhalinin, idarələrin, sənaye müəssisələrinin və s. təhlükəli yerlərdən uzaq və daha əmin yerlərə köçürülməsi)”. Görün bu ölkə kimlərin əlində qalıb! “Evakuasiya” sözünün bizim dildə nə demək olduğunu anlatmaq üçün qısaca iki söz gərəkir: boşaltma, köçürmə. Bunların ikisi də öz sözümüzdür açıq-aydın, anlaşıqlı. Ancaq, “Rusca-Azərbaycanca” sözlükdə buna uzun – uzadı, üstəlik, ərəb-fars sözlərilə dolu açıqlama verilir –bütünlüklə gərəksiz yerə. Uzun-uzadı açıqlama verməyi gərəkdirən nədir? Ərəbin yersiz “təxliyə” sözü. Bu gün Fövqəladə hallar nazirliyinin, teleradioların dilində geniş yer tutan bu sözü dilimizə gətirən dövlət büdcəsindən boşuna pul alan parazit dilçilər, yetkililərdir. “Rusca-Azərbaycanca” sözlüyün baş vərəqində onun İ.Əliyevin “12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunub ölkə kitabxanalarına hədiyyə edildiyi göstərilir”. Olsun, ancaq, sözlüklər bizdə olduğu kimi, 40-50 il bundan qabakı sözlüklərdən mexaniki üzköçürmə yolu ilə “yenilənməməli”, onlara çağaşırı dəyişikliklərə-yeniliklərə uyğun yaradıcılıqla yanaşılmalıdır. Geniş yayılmış korrupsiya-parazitizm üzündən bizdəki sözlüklərin, demək olar, hamısı müxaniki köçürmə örnəkləridir. Son: “evakuasiya” sözünün dilimizdəki anlamları bunlardır: “köçürmə”; “boşaltma” (yerinə görə).
“Proqnoz” – “öncəgörmə”. Hüquqçu Erkin Qədirli “öncəgörmə” yerinə “önbaxış” işlətməyi düzgün sayır. E.Qədirlinin metodoloji yanaşması düzgün deyil: o, analizlərini daha çox ingilis dilinin semantikası üzərində qurur. Ancaq, alınma sözlər də, yeni söz yaradıcılığı da doğma dilin leksik, semantik, fonetik (bunlar dilçilik terminləridir) özümlüyünə dayanmalıdır. Bu üzdən də mən “proqnoz” sözünün yerinə ÖNGÖRÜ sözünü işlətməyi düzgün sayıram. Bəlli olduğu kimi, dilimizdə UZAQGÖRƏN sözü var. “Azərbaycan dilinin izahlı lüğəti”: “Uzaqgörən – bir şeyin aqibətini (“aqibət” ərəbcədir, bizim dildə SON deməkdir. – X.B.) gələcək nəticəsini qabaqcadan görməyi bacaran, bəsirətli (“bəsirət”ərəbcədir, bizim dildə GÖZÜAÇIQ deməkdir. – X.B.)”. Buradan da göründüyü kimi, “proqnoz” sözünün dilimizdəki daha uyğun qarşılığı belədir: ÖNGÖRÜ.
“Konsensus” – “yekdillik”. Bu sözün dilimizdəki düzgün qarşılığı budur: UZLAŞMA. Açıqlama sözlüyümüzə baxaq: “Yekdil (fars.). Fikri, hissi, rəyi bir olan, həmrəy”. Bir sözlə, “yekdil” DÜŞÜNCƏ birliyi deməkdir. Yenidən açıqlama sözlüyünə baxaq: “Uzlaşmaq – uyğunlaşmaq, uyğun gəlmək, müvafiq olmaq həmahəng olmaq”. Burada belə bir anlam çaları var: nəyəsə hamlıqla (farsca, “yekdilliklə” səs vermək. Bir də var nəyə görəsə, nədən ötrüsə danışıb-bitişib bir araya – uzlaşmaya gəlmək: “konsensus” deyilən budur.
“Kserokopya” – “üzçıxarma”. Düzgündür. Ancaq, bu, Terminologiya komissiyasının tapıntısı deyil.
“Ilike” – “bəyənmə”. Bu söz onsuz da bizə Feysbukdan bəllidir.
“Mesaj” – “ismarış”. Düzgündür. Ancaq, bu da Terminologiya komissiyasının tapıntısı detyil.
Beləcə, “Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının” kiçicik bir sıralaması ilə bağlı geniş-uzun incələmə-yorumumuz başa çatdı. Yalnız bir neçə sözün qarşılığı düzgün oldu, çoxu yanlış. “Nazirlər Kabineti yanında Terminologiya Komissiyası”! Yüksək görəv daşıyıcıları, akademiklər, elmlər doktorları… sonuc nə: çox yumşaq desək, bilik yetərsizliyi! O Nazirlər Kabinetində “Kənd təsərrüfatı naziri” adını daşıyan adamın (H.Əsədov) çıxışına baxın: “Elektron müşahidə sistemi taxılı arpadan ayırmağa imkan vermir”. Açıqlama sözlüyü: “Taxıl – dənindən un və ya yarma hazırlanan bitkilərin (arpa, buğda, çovdarvə s.) ümumi adı”. Demək, taxılı arpadan ayırmağa “imkan” verməyən “elektron müşahidə sistemi” deyil, kadr atamasında (atama- Türkcə, ərəbcə – təyinat) ən aşağılardan ən yuxarılaradək başlıca rol oynayan rüşvət-korrupsiya sistemidir!
Sözügedən sıralama ilə bağlı Feysbukda çoxsaylı yanıtlar oldu, onlardan bir neçəsinin, başlıca olaraq, ikisinin üzərində ayrıca dayanmaq gərəkir. Birisi yarınmaçılıqla, görünür, özünü gözə soxmaq üçün yanıt-təpkilərə qarşı çıxmışdı: “lağ eləməyin, bacarırsız, işə kömək eləyin”. Burada lağetmə bütünlüklə yerindəydi – “Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının” uzun-uzadı susqunluqdan sonra ortaya çıxardığı gülünc sıralamaya görə! Dilimizin necə yaman günə qoyulduğunu, necə urvatsız edildiyini görmək üçün bir azacıq AzTV-lərə baxmaqü yetər. Bir yandan biliksizlik, başqa bir yandan özbaşınalıqdır: kim necə iistəyir, elə də danışır! Bilik (təhsil) sisteminin biliksizlik (təhsilsizlik) sisteminə çevrildiyi televiziyalardan da , lap elə Feysbuk yazılarından da açıq görünür. Bircə fakt: çoxları istər danışıqda, istərsə yazıda da, də ədatı ilə da, də şəkilçisini bir-birindən ayıra bilmir. Ən acınacaqlısı, onların arasında Feysbukda ayrıca çalışqanlığı ilə tanınan tarixçilər də az deyil! Başqaları bir yana, tarixçisi doğma dili yetərincə bilməyən toplumla hara gedib çıxmaq olar?!
Yazar Rasim Qaraca: Yeni sözlər alınarkən Türkiyə türkcəsinin sözlük bazasından yararlanmaq ən düzgün olanıdır mənim fikrimcə. Türkiyə türkcəsindən ayrılıqda Azərbaycan dilinin heç bir gələcəyi yoxdur və ola da bilməz. Yeni dövrün gətirdiyi yeni sözlər Türkiyə türkcəsindən alınıb tətbiq olunmalı, hətta dilimizdə var olan bəzi sözlər (inkişaf-gəlişmə, tədqiqat-araşdırma) Türkiyə Türkcəsindəkiylə əvəzlənməlidir. Yəni, ərəbizmlərdən və farsizmlərdən bu şəkildə qurtulmalıdır. Böyük mədəniyyətlər kiçik mədəniyyətləri hopp eləyib udduğu bu dünyada Azərbaycan bu gedişlə heş zaman böyük mədəniyyət ola bilməyəcək. Sürətli ruslaşma və farslaşma qarşısında yeganə çıxış yolu Türkiyə Türkcəsinə sığınmaqdır, əslində özümüzə sığınmaq. Bütün bunları yazarkən Azərbaycan dilinin gözəlliklərinin də bu şəkildə qoruna biləcəyini nəzərə almamış deyiləm. Cəmi 100 ildən sonra dünyada cəmi 10-15 dilin qalacağını da siz nəzərə alın”. Başdan ayağa yad-yanlış düşüncə, yad-yanlış baxış, yad-yanlış yanaşma! Dilimizi “ərəbizmlərdən və farsizmlərdən” qorumaq yazar olaraq birinci sənin borcundur, sənsə ərəb-fars sözlərilə dolu bir dillə topluma ARI dil öyüdü verməyə çalışırsan. “Dədəm Qorqudun bitiyini” oxumusanmı, 2 min il qabakı dilimizlə bugünkü dilimizin necə doğma-yaxın, necə gözəl olduğunu görüb-duya bilmisənmi?! Görünür, yox. Sən bilirsənmi 21-ci yüzillikdə yaşayan ingilislər 18-ci yüzillikdə yaşamış ingilislərin dilini anlamırlar? Sən bilirsənmi Türk dillərinin ən yetkini Azərbaycan Türkcəsidir? Bilmirsən, bilə bilməzsən, eləcə də bilə bilməzsiz – bunu mən bilirəm. Nədən bilirəm? Hansı səpkidə olur olsun yazılarımı arı-duru Azərbaycan Türkcəsində yazdığmdan bilirəm!
İndiyədək mənə çoxları deyib: “Sən Türkiyə Türkcəsində yazırsan”. İndilər ABŞ-da uğurlu biznesmenlərdən sayılan Gündüz Tahirli “Azadlıq” qəzetinin baş redaktoru olduğu çağlarda mənimlə savaşa çıxmışdı: “Yazılarını Türkiyə Türkcəsində yazma!” Sonda mən ona yazılarımı Türkiyə Türkcəsində deyil, Azərbaycan Türkcəsində yazdığımı demiş, Rasim Qaracanın göstərdiyindən seçilən SÖZ BAZAMI da göstərmişdim: Türklüyə yad komunistlərin yazdığı 4 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”! Get, aç, oxu! Bir çox başqaları kimi, kitab oxumaqla çox da arası olmayan G.Tahirli ondan sonra məndən əl çəkmişdi. 20-ci yüzilliyin başlanğıc çağlarında Türkiyədə Türklüklə bağlı ölümcül bir durum yaşanmaqda idi. Əli bəy Turan (Əlibəyzadə) başçılığında Azərbaycandan Türkiyəyə parlaq bir Türklük Günəşi doğdu. Əli bəy Turan başda olmaqla Azərbaycan oğulları Türkiyəni Türklüyünə qaytardı. Böyük Atatürk Ziya Göyalpı özünün öyrətməni sayırdısa, Ziya Göyalp da Əli bəy Turanı özünün öyrətməni sayırdı. Mirzə Cəlilin “Molla Nəsrəddin” dərgisi o çağın ən gözəl, anlaşıqlı Türk dilində İstanbuldan Qazana, Qazandan Hindistanadək böyük bir çevrədə sevilə-sevilə oxunurdu. Türk dilinə daha uyğun olan latın qrafikasına keçmək düşüncəsini dünya Türkləri arasında ilkin olaraq yayan da Azərbaycan Türkü Mirzə Fətəli omuşdu. Birincisi, “kiçik Azərbaycan mədəniyəti” deyə aşağılanan o başdan bu başa dünya kültürünün ən üstün bölümlərindən biridir; ikincisi, biz Yer üzündə yalnız Azərbaycan dedyil, ölməz-yenilməz böyük Türk etnosuyuq!
Bu gün yağı yardımçısı olan Ərdoğan Türkiyəni, Türkiyə Türkcəsini durmadan ərbləşdirməkdədir, – mən inanıram! – bu sürəc uzun sürməyəcək: 20-ci yüillikdə olduğu kimi, biz iç-dış yağılara üstün gələrək yenidən özümüzə – Türklüyümüzə dönəcəyik!
Son olaraq mənim yazar Rasim Qaracaya, – dil yükünü ərəb-fars sözlərindən tutmuş Rasim Qaracaya, eləcə də onun kimi qurtuluşu Azərbaycandan qıraqda axtaranlara deyəcəyim budur: sizlərdəki yarımçıqlıq kompleksi – ulusal çatışmazlıq Dil, Tarix, Kültür başda olmaqla Azərbaycan kimliyini – Azərbaycan böyüklüyünü – Azərbaycan üstünlüyünü yetərincə öyrənib-bilməməkdən – mənimsəməməkdən qaynaqlanır. Gedin Dədəm Qorqud, Babək, Nizami Gəncəli, Nəimi-Nəsimi, Uzun Həsən, Şah İsmayıl, Məhəmməd Əmin ideologiyasını öyrənin – Böyük, Yer üzüycə Azərbaycanı görün, tanıyın, sevin! Hələ Səfiəddin Urməvi, Nəsirəddin Tusi, ölməz Füzulimiz, Muğamlarımız… – bunlar hamısı birlikdə bizim böyük keçmişimiz olduğu kimi, eləcə də böyük, uğurlu gələcəyimiz deməkdir! Bu gün bizə gərəkən nədir: bu böyük kültür üzərində durmadan yeniləşən, yeniliklərlə yüksələn ÇAĞDAŞ Azərbaycan yaratmaq, ulusalçı ŞAĞDAŞ düşüncəmizlə ölkəmizə sürəkli uğurlar qazandırmaq!
Düzünə qalsa, 21-ci yüzildə ərəb-fars sözlərilə dolu yazılar yazan yazarlara bunarı demək çağ itkisidir, ancaq, deməmək də olmur – toplum üçün, toplumun gərəyi üçün…
Tarixçi Altay Göyüşov: “Əksər tarixçilərimiz 1920-ci illərə kimi çıxan qəzetləri oxuya bilmir. Əksəriyyət Kəmalüddövlə məktublarını oxuyanda başa düşmür. Heç bir xalqda bu yoxdur. Gürcüdən daha millətçi deyilik. Bağ, saat sözləri gürcüləşdirmək ağıllarına gəlmir. Ona görə də 11-ci əsr mətnini oxuyur və başa düşür. Dil dinamik məsələdir, oynamaq üçün deyil. Bir adi türkiyəli Osmanlı dilini başa düşmür. Türkmən dili bizə elmi nöqteyi-nəzərdən yaxındır, amma özbəyi daha yaxşı başa düşürük. Çünki ikinci lazımsız dil təmizləmələrindən imtina edib, orqanikliyini qoruyub. Dillə oynamaq tarixi saxtalaşdırmaq kimi bir şeydir”. Başdan ayağa ərəb-fars sözləri – 21-ci yüzilin gənc Azərbaycan tarixçisinin dili: necə də acınacaqlıdır! Belə bir dillə hələ bir öyüd verməyə, yol göstərməyə də çalışasan! 1920-ci illərə kimi çıxan qəzetlər dilimizə, kültürümüzə yad ərəb əlifbasında olduğundan oxuya bilmirik. Bir də o çağlardakı dilimiz Altay Göyüşovun indiki ərəb-fars sözlərilə dolu dilindən daha çox ərəb-fars sözlərilə yükləndiyindən ortaya anlaşılmazlıq çıxır. Biz də dünənki-bugünkü anlaşılmazlıqları biryolluq aradan qaldırmaq üçün dilimizi arıdıb Türkləşdirməyə çalışırıq. Kəmalüddövlə məktublarını oxuyub başa düşməmək də Altay Göyüşov kimi çağdaşlarımızın gələcək soylarımız üçün yaratdığı sorunlardandır: çoxsaylı ərəb-fars sözləri! 20-ci yüzilliyin başlarında Mirzə Cəlil Başda olmaqla bir sıra aydınlarımız dilimizi bacardıqca ərəb-fars sözlərindən arıdıb indiki duruma gətirdilər. İndi bizim borcumuz dilimizi daha çox arındırmaqla daha çox Türkləşdirməkdir – mən uzun illərdir buna çalışıram, uzun illərdir belə bir dildə – arı-duru Türkcədə yazır, danışıram.
“Heç bir xalda bu yoxdur”, demək ən azı ingilsilərin dil tarixini bilməmək, eləcə də Avropanın Almaniya, Fransa kimi çağdaş, qabaqcıl ölkələrində dillə bağlı baş verənləri bilməməkdir. Almaniyada alman dilinin arındırılması uğrunda ardıcıl iş aparılır. Fransada 1980-ci illərin başlanğıcında Fransa parlamenti fransız dilini yad sözlərdən, başlıca olaraq ingilis sözlərindən arındırma qanunu çıxarıb. İngiltərədə isə ingilis dilini yüksək düzəydə bilmək sosial qatından asılı olmayaraq, adamlara ayrıca üstünlük, dəyər qazandırır.
Gürcü dilində iki yad söz tapıb bunu örnəyə çevirmək nə deməkdir? Dönə-dönə yazmışıq, bir daha yazaq: Yer üzündə bütünlüklə arı dil yoxdur, ola da bilməz. Dili Türkləşdirmək süzcgəcdən-filtirasiyadan keçirmək deyil; daha uğurlu, daha yararlı-yatımlı qarşılıqlarla onu yersiz-gərəksiz alınma sözlərdən arındırmaqdır. Örnək: sən ərəb qatışıqlı bir dillə danışmaqla deyirsən: “Mənə dövlət tərəfindən diplom verilib”. Mən deyirəm: “Dövlət mənə diplom verib”. Birincidə dilimizin düzgüsü (düzgü – norma) pozulur, ikincidə düzgü qorunur.
“Ona görə də 11-ci əsr mətnini oxuyur (gürcü) və başa düşür”. Ona qalsa biz VII yüzil “mətnini” – Dədəm Qorqudun bitiyi”ni oxuyub başa düşürük. Sonrakı çağlarla bağlı başa düşməzliyimiz dilimizi başına götürən ərəbləşmə, farslama üzündəndir – bir tarixçinin bu sayaq saya gerçəkləri görməməyi çox acınacaqlıdır.
Hə, dil düşüncə görsənişidir, o üzdən də onu ardıcıl olaraq yeniləmək gərəkir. Dil canlı varlıq olduğundan, onunla oynamaq olmaz, onunla uzlaşmaq-yollaşmaq gərəkdir.
“Bir adi türkiyəli Osmanlı dilini başa düşmür”, – bu da tarixçi yanaşması deyil. Osmanlı özünün son çağlarında Türklükdən bütünlüklə uzaqlaşaraq ərəbləşmişdi – indi Ərdoğanın Türkiyənin ərəbləşdirdiyi kimi!
“Türkmən dili bizə elmi nöqteyi-nəzərdən yaxındir”. BAXIŞ/BAXIM yerinə ərəbin çox-çox öncələr dilimizdə işlək olmuş “nöqteyi-nəzəri”. Əski dilçiliyimizdə buina “izafət tərkibi” deyərdilər. Türkmən dili bizə “elmi nöqteyi-nəzərdən deyil, soy-kök BAXIMINDAN yaxındır. Başqa Türklərlə, lap elə qonşu-qardaş Türkiyə ilə bizim aramızdakı dil anlaşılmazlığı başlıca olaraq ayrı-ayrılıqda aldığımız ərəb-fars sözlərindən yaranır. Düzü, mən bilmirəm Türkmən dilində necə bir “lazımsız təmizləmə” aparılıb, ancaq, “dil təmizləmələrindən imtina edib”, deyə özbəkləri öyməyi yersiz-gərəksiz sayıram. İndini bilmirəm (onu A.Göyüşov bildirir) ötən yüzilliyin 70-80-ci illərində Daşkənddə çox olmuşam. O çağlar özbəklərin dili ərəb-fars-rus sözləriylə doluydu. Yadımda daha çox qalan, məndə gülüş doğuran bir söz: bizdəki “Uşaq bağçası” sözünün yerinə onlar “Bololar sadı” yazırdılar. Mənim görüyüm bütün uşaq bağçalarının qarşısına belə yazılmışdı. Altay Göyüşov özbək dilini doğrudan çox yaxşı başa düşürsə, bu onun gerçək özbək dilini deyil, ərəb-fars-rus dillərini yaxşı bilməyinə bağlı ola bilər. Onun özbək dilinin “orqanikliyinin” qorunduğunu deməsi də, görünür, orada ərəb-fars-rus sözlərinin toxunulmaz qalması ilə bağlıdır.
Dil qanunlarını bilmədən dildən danışmaq da, məncə, “tarixi saxtalaşdırmaq kimi bir şeydir”: sözsüz, burada söhbət dil qanunlarına bağlı dil tarixindən gedir. Hərdən ulusların özləri kimi dilləri də saldırıya (təcavüzə-işğala) uğrayır: dili saldırılardan – aqressor sözlərdən qorumaq aydınlar üçün başlıca borca çevrilməzsə, onda aydınlıqdan danışmağa dəyməz!
Oxunub: 468