New York-da çərşənbə axşamı günü baş vermiş avtomobil hücumunda həlak olanlar arasında beş argentinalı dost olub.
Pikapın velosiped yoluna girməsi nəticəsində azı səkkiz adam ölüb, 11 nəfər ciddi yaralanıb.
Maşınını Lower Manhattan-da velosiped cığırına sürən 29 yaşlı özbək mühacirinə polis atəş açıb. O yaralanıb və həbs edilib.
Rəsmilər olayı terror kimi qiymətləndirirlər.
ABŞ mediası sürücünün 2010-cu ildə Amerikaya gəlmiş Sayfullo Saipov olduğunu yazır.
Avtomobilindən çıxarkən onun “Allahu Əkbər” qışqırdığı deyilir.
Nəqliyyat vasitəsindən özünü İslam Dövləti (İD) adlandıran hərbi birləşməyə aid qeyd tapılıb, CBS News hüquq-mühafizə orqanlarına istinadən xəbər yayır.
Saxlanmış şəxs xəstəxanaya yerləşdirilib.
Argentina xarici işlər nazirliyi hücumda beş argentinalının ölümünü təsdiqləyib. Həlak olan dostlar mərkəzi Argentinanın Rosario şəhərində yerləşən politexnik kollecini bitirmələrinin 30 illiyini qeyd etmək üçün New York-a birlikdə səyahət ediblər, Argentina mediası bildirir.
La Nacion qəzeti yazır ki, həlak olanlardan biri, dəmir istehsalı şirkəti sahibi Ariel Erlij dostlarının New York-a səyahət xərclərini ödəyib.
Argentina xarici işlər nazirliyi 48-49 yaşlı həlak olan argentinalıların adlarını açıqlayıb – Hernan Diego Mendoza, Diego Enrique Angelini, Alejandro Damian Pagnucco, Ariel Erlij və Hernan Ferruch.
Dostlardan biri, Martin Ludovico Marro xəstəxanaya yerləşdirilib.
Rosario şəhərində üç günlük matəm elan olunub.
Belçika xarici işlər naziri isə hücumda bir Belçika vətəndaşının həlak olduğunu, üç nəfərin isə xəsarət aldığını deyib.
Hücumda həlak olan digər iki nəfərin şəxsiyyəti barədə məlumat yoxdur.
New York meri Bill de Blasio deyib ki, bu, “günahsız sakinlərə yönəlik qorxaqcasına törədilmiş terror aktıdır”.
O əlavə edib:
“Bilirik ki, bu hərəkət ruhumuzu sarsıtmağa yönəlib. Amma biz onu da bilirik ki, New York-lular güclüdürlər, nyu yorklular möhkəmdirlər və hər hansı zorakılıq və bizi qorxutmaq üçün edilən hərəkətlər ruhumuzu sındıra bilməz”.
Hadisəyə ölkə prezidenti Donald Trump da reaksiya verib. O, Twitter hesabında hadisə qurbanlarının ailələrinə başsağlığı verib və onların dərdinə şərik olduğunu bildirib. “Tanrı və ölkən səninlədir!” prezident yazıb.
New York Polis Departamenti rəsmisi James O’Neill bildirib ki, yaralılar ciddi xəsarət alıb, ancaq “həyatlarına təhlükə yoxdur”.
Oxunub: 400