Mayın 25-də Gürcüstandan qayıdarkən sərhəd buraxılış məntəqəsində saxlanılan və çantasına 10 min dollar pul atılaraq həbs olunan AXCP sədrinin müavini Gözəl Bayramlı və mayın 29-da Tbilisidən oğurlanaraq Bakıya gətirilən Əfqan Muxtarlının işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu haqda onların vəkilləri Elçin Sadıqov və Nemət Kərimli məlumat yayıb. Yaxın günlərdə onlar cinayət işinin materialları ilə tanış olacaqlar. Ardınca iş məhkəməyə göndəriləcək.
G.Bayramlı və Ə.Muxtarlı haqqında cinayət işləri ayrı-ayrılıqda olsa da, hər ikisinin ibtidai araşdırması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İçşlər üzrə İstintaq İdarəsində gedirdi. Hər iki cinayət işi Dövlət Sərhəd Xidmətinin istintaq idarəsində başlansa da, az sonra prokurorluğa verilmişdi.
Həm Gözəl Bayramlı, həm də Əfqan Muxtarlı ölkəyə qaçaq yolla pul gətirməkdə ittiham olunur. Amma hər ikisi də ittihamları rədd edir. Gözəl Bayramlı bildirir ki, Gürcüstandan müalicədən qayıdarkən “Sınıq körpü” sərhəd-buraxılış məntəqəsində onun çantasına 10 min dolları elə məntəqənin öz əməkdaşları atıblar. Əfqan Muxtarlı da deyir ki, Tbilisidən oğurlanıb Azərbaycana gətirildikdən sonra cibinə 12 min avro pul atıb, sonra da onun guya sərhədi Balakən ərazisindən qanunsuz keçməsi, yaxalanarkən üstündən həmin pulun tapılması haqda ittiham veriblər.
Qeyd edək ki, yerli və beynəlxalq insan haqları təşkilatları hər iki şəxsin siyasi motivlərlə həbs olunduğunu bəyan edib.
Azadlıq.info
Oxunub: 420