ABŞ məhkəməsinin sənədlərində deyilir ki, prezident Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort, bundan əvvəlki davranışına, var-dövlətinə, “Ukrayna və Rusiya oliqarxları ilə bağlarına” və təqsirinə dair güclü dəlillərin mövcudluğuna görə mühakimədən yayınma riski yaradır.
Manafort şəriki Rick Gates-lə bilrikdə Ukrayndakı syasi qüvvələrlə işbirliyi zamanı ABŞ-a qarşı dələduzluğa əl atması ittihamı ilə noyabrın 1-dən ev məhbusudur.
Bu, ABŞ seçkisinə Rysiyanın mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in rəsmən elan edilmiş ilk ittihamlarıdır.
Sözü gedən bu iki şəxs ABŞ hakimiyyət orqanlarına oktyabrın 30-da təslim olub. Prokurorlar bildirirlər ki, əgər təqsirli bilinərsə, Manafort-u 12-15, Gates-i isə 10-12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Prokurorlar Manafort üçün 10 milyon, Gates üçünsə 5 milyon dollar zamin pulu kəsiblər. Zamin məsələsi ilə bağlı işə noyabrın 2-də baxılacaq.
Bu iki şəxsdən habelə pasportlarını təhvil vermək tələb olunub.
Prokurorların hazırladığı ittihamnamədə deyilir ki, Manafort-un azı üç ABŞ pasportu var və son 10 ildə 10 dəfə pasport üçün müracilət edib.
Prokurorların itithamnaməsində habelə qeyd olunur ki, Manafort və Gates Rusiya və Ukrayna oliqarxları ilə bağlara malikdirlər və onlardan milyonlarla dollar pul alıblar.
Sənəddə deyilir ki, bütün bu məlumatlar müttəhimlərin ABŞ xaricində rahatlıqla yaşaya biləcəklərinə dəlalət edir.
Buna görə də onların ölkədən qaçmaq riskinin olduğu nəticəsinə gəlinib.
Məhkəmə sənədlərində qeyd olunur ki, Manafort 2016-cı ilin martında 42 milyon dollarlıq aktivlərə malik olduğunu bəyan edib. O həmin ilin mayında aktivlərinin ümumi dəyərini 136 milyon dollar olaraq göstərib. Lakin elə həmin ilin avqustunda tərtib etdiyi iki sənəddə aktivlərinin dəyərini 28 milyon və 63 milyon dollar dəyərində bəyan edib.
Prokurorlar habelə aşkar ediblər ki, Manafort və Gates müxtəlif telefon nömrələrindən və elektron poçtlardan istifadə ediblər.
Manaforun vəkili bütün bu ittihamları əsassız adlandırıb.
Manafort və Gates-ə qarşı 12 epizod üzrə irəli sürülmüş ittihamların arasında çirkli pulların yuyulması, qeydiyyatsız əcnəbi agent kimi fəaliyyət, saxta sənədlərin hazırlanması və bank hesablarının gizlədilməsi var.
İttihamnamədə deyilir ki, bu iki şəxs moskvayönlü Ukrayna lideri Viktor Yanukoviç üçün gördükləri iş üçün 2010-2014-cü illərdə milyonlarla dollar pul alıblar.
Oxunub: 172