“Mən və digər vəkil Aqil Layıcov müvəkkili olduğumuz Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə keçən ayın sonlarından görüşə bilmirik”, – vəkil Fəxrəddin Mehdiyev Turan-ın müxbirinə bildirib.
Onun sözlərinə görə, C.Hacıyevin saxlandığı 13 saylı müəssisədə əvvəllər də vəkillərə müdafiə etdiyi şəxslərlə görüş çətinliklə verilirdi: “Amma o zaman əsassız da olsa cəzaçəkmə müəssisəsində vəkillə məhbusa görüş yeri olmadığını söyləyirdilər və görüş vermiridlər. İndi hər hansı əsas gətirmirlər, sadəcə, görüşə icazə vermirlər”.
F.Mehdiyev deyib ki, bu qanunsuzluqla bağlı Ombudsman Aparatına, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət ünvanlayıblar. Ancaq Penitensiar Xidmət cavab verib ki, vəkillə görüşə məhdudiyyət qoyula bilməz. Şəxsiyyət vəsiqəsini təqdim edib, görüşə icazə almaq olar. “Bundan sonra dəfələrlə görüşə getməyimizə baxmayaraq, yenə də görüşə icazə verilməyib”, – o qeyd edib.
Vəkil bu addımların səbəbsiz olmadığını deyir, bunu həm özünə, həm də müdafiə etdiyi şəxsə təzyiq forması kimi dəyərləndirir.
F.Mehdiyev bildirib ki, C.Hacıyev 7 günlük “kars”a salınıb. Həmin müddət bitib, yenə də keçmiş bankirlə görüşə icazə vermirlər və onun səhhətindən xəbər tuta bilmirlər.
Xatırladaq ki, 2015-ci ildə Beynəlxalq Bankın rəhbərliyi vəsaitlərin talanması ilə bağlı həbsə alınıb. C.Hacıyev və daha 7 nəfər bank məsulu mənimsəmə, dələduzluq, səlahiyytindən sui-istifadə kimi cinayətlərdə ittiham olunublar, C.Hacıyev 15, digərləri də 11-13 il müddətinə azadlıqldan məhrum ediliblər. Həmin məsələ ilə bağlı Beynəlxalq Bankın bir qrup əməkdaşının məhkəməsi hələ də davam edir.
Oxunub: 122