“Economist” yazır ki, Vladimir Putin 17 il bundan əvvəl prezident olandan bəri onun Rusiya üzərindəki hakimiyyəti həmişə olduğundan daha güclüdür.
Rusiyaya hələ də post-Sovet ölkəsi kimi baxan Qərb hesab edir ki, Putin Stalindən sonra bu ölkənin ən qüdrətli başçısıdır. Həm liberal-demokratlar, həm də mühafizəkar ənənəçilər Putini 21-ci əsrin çarı hesab edirlər.
Məqalədə deyilir ki, Putin öz şöhrətini ölkəni rusların yaddaşında xaos kimi qalan 1990-cı illərdən çıxarıb onu yenidən dünyanın sayılan ölkəsi etməklə qazanıb. Lakin Oktyabr inqlabının 100-cü ildönümü yaxınlaşdıqca daha bir acı həqiqət üzə çıxır: Putində də çarın zəiflikləri var.
“Economist” yazır ki, Putin keçmiş SSRİ-dən dalğa kimi keçən rəngli inqilablardan narahatdır, halbuki təhlükə bu dalğa yox, bolşevizimin dirilməsidir.
Məhz buna görə də Putin 2018-ci ilin yazından, özünün Konstitusiya tərəfindən icazə verilən son 6 illik prezidentliyinə başlayandan sonra ortaya böyük bir sual çıxacaq: Bəs sonra nə olacaq? Narahatlıq bundandır ki, “çar” Vladimir də özündən sonra böyük bir xaos və təlatüm qoyub gedə bilər.
Məqalədə deyilir ki, Putin dünyanın yeganə avtokratı deyil. Son 15 ildə bir çoxları “qalib hər şeyə sahib olur” prinsipi ilə hakimiyyəti zəbt ediblər. Bu, Sovet İttifaqının çöküşü ilə başlanmış demokratiya təntənəsinə zərbə olub, “Economist” yazır.
Recep Tayyip Erdoğan, mərhum Hugo Chavez və Narendra Modi özlərini elə aparıblar ki, sanki onlara ümumxalq dəstəyi xüsusi imtiyazlı hakimiyyət verib.
Çin lideri Si Cinpinq də bu həftə özünün Kommunist Partiyası üzərindəki hakimi-mütləqliyini rəsmiləşdirib.
Məqalədə deyilir ki, Putinin avtoritarlığı bilavasitə Rusiyanın tarixi keçmişindən qaynaqlanır. Bu hökumət hakimiyyətin necə işlədiyini və hansı səhvlərə yol verdiyini göstərir.
Çar kimi Putin də Rusiyada patronajlardan ibarət hakimiyyət piramidası qurub. O, 2001-ci ildə oliqarxlara qarşı çıxdıqdan sonra, medianı, bunun ardınca neft və qaz nəhənglərini nəzarətə götürməklə elə bir sitem yaradıb ki, bütün pul və hakimiyyət ondan keçir.
Putin bütün hərəkətlərini hüquqi qaydalara uyğun rəsmiləşdirir, amma hamı bilir ki, prokurorlar və məhkəmələr tam olaraq onun tabeliyindədir.
O, hazırda rəy sorğularına görə rusiyalıların 80 faizinin dəstəyinə malikdir, ona görə ki, rusiyalılara “Putin yoxdursa, Rusiya da yoxdur” formulunu təlqin ediblər.
“Economist” yazır ki, birinci Pyotrdan bu yana, 3-cü Aleksandr və 2-ci Nikolay da daxil bütün rus çarları belə bir sual qarşısında qalıblar: Rusiya Qərb yolu ilə modernizasiya olunmalıdır, yoxsa sabitiliyin xətrinə irəli getməməlidir. Bu sual Putinin də qarşısında dayanır. Putinin cavabı belədir ki, o iqtisadiyyatı liberal texnokratlara, siyasəti isə DTK zabitlərinə etibar edir.
Təbiidir ki, belə vəziyyətdə siyasət iqtisadiyyata üstün gəlir. Burası da var ki, sanksiyalara və rublun devalvasiyasına baxmayaraq Rusiya iqtisadiyyatı xammal satışına bel bağlayır.
Xammal satışı indi cəmi 2 faiz ÜDM artımı verə bilər, halbuki 2000-2008-ci illərdə bu rəqəm 5-10 faiz idi.
“Economist” yazır ki, Putin də, bütün çarlar kimi öz hakimiyyətini repressiya və hərbi münaqişələrlə möhkəmləndirib.
Ölkə daxilində o stabillik, ənənə və pravoslav dini naminə siyasi müxalifəti və sosial liberalları əzib.
Onun Krımı ilhaq etməsi, Suriya və Ukraynada apardığı münaqişələr isə axşamlar TV qarşısına toplaşan xalq üçün təntənəli qələbə xəbərlərinin yayınlanmasına imkan yaradıb.
Bu xəbərlərə görə Putin öz ölkəsini 1990-cı illərin alçaldılmalarından sonra yenə də hörmətə mindirib.
Bəs postmodern çarı dünya üçün nə deməkdir? İndiyədək alınan dərslərdən biri Rusiya təhlükəsidir. Rusiya Ukraynaya müdaxilə edəndən bəri Qərbi Rusiya revanşizmi narahat edir. Ən böyük narahatlıq Baltik ölkələrindəndir.
Lakin Putin öz legitimliyini itirmədən həqiqətən də böyük qurbanların verilməsinə gedə bilməz. 1904-1905-ci ilin rus-yapon müharibəsində və Birinci Dünya Müharibəsində ikinci Nikolayın başına məhz bu gəlmişdi.
Məqalədə deyilir ki, Rusiyanın tarixində hələ də xalqın qorxa biləcəyi təcrübələr var. Ölkənin xaricində təhlükə olmadıqda hakimiyyət asanlıqla repressiyalara əl ata bilər.
Putin üçün daha bir çətin sual hakimiyyətə ondan sonra kimin gələcəyidir. Zaman dəyişib. O hakimiyyətini qan qohumluğu ilə ötürə bilməz. Belə olduğu surətdə Rusiya prezidenti özündən sonra hakimiyyətə kifayət qədər zəif fiqurun gəlməsini təşkil edəcək. Elə bir zəif fiqur ki, əsl hakimiyyət gücü onun əllərində qalmış olsun.
Beləliklə, real demokratiyanın olmadığı bir ölkədə legitim hakmiyyətin gələcəyini yenidən Rusiyanı parçalayan hakimiyyət çarpışması həll edəcək.
“Economist” yazır ki, Putinin bugünkü hakimiyyəti qüvvətli olduqca, onun xələfinin tapılması prosesi daha çətin olacaq.
Oxunub: 552