Dünya İqtisadi Forumu “Qlobal Gender Fərqi “hesabatını açıqlayıb.
Gender fərqi sosial, siyasi, intellektual, mədəni, iqtisadi sahələrdə, yaxud digər yanaşmalarda qadınlarla kişilər arasındakı bərabərsizlikdir.
Qlobal Gender Fərqi İndeksi səhiyyə, təhsil, iqtisadiyyat və siyasətdə bu yanaşmanı ölçür.
Azərbaycan 144 ölkə içində 98-ci yeri tutub. Qonşu Gürcüstan 94, Ermənistan 98-ci, Rusiya 71-ci, İran 140-cı yerdədir.
Azərbaycanın iqtisadi iştiraklılıq və imkanlar subindeksi 45, təhsil – 91, səhiyyə və yaşam –142, siyasi sektorda subindeksi 131-dir.
Səhiyyə və Yaşam subindeksi üzrə 34 ölkə gender fərqini tamamilə aradan qaldıra bilib. Azərbaycan, Ermənistan və Çinin bu subindeks üzrə ən aşağı göstəricilərə malik olduqları bildirilir.
Ümumilikdə, Şərqi Avropa və Orta Asiya məkanında Albaniya, Gürcüstan, Azərbaycan və Ermənistanın bütün indekslərdə ən aşağı yerləri tutduqları vurğulanır.
Bu hesabata Azərbaycan rəsmiləri, hələlik, münasibət açıqlamayıblar. Ancaq ümumiyyətlə, hakimiyyət təmsilçiləri ölkədə qadın-kişi bərabərliyinin qorunduğunu bildirirlər.
Doqquz ildir İslandiya gender fərqini aradan qaldırmış ölkələr sırasında birinci yeri tutur.
Pakistan, Yəmən, İran, Səudiyyə Ərəbistanı və Suriya isə sonuncu onluqda yer alıblar.
Bu hesabatda gender fərqi orta gəlir səviyyəsindən asılı olmayaraq ölçülür. Yəni, nisbətən yoxsul ölkələr də yaxşı mövqe tuta bilərlər. Məsələn, Rvanda və Nikaraqua ilk onluğa düşüb.
Hesabatda son hesablamalara əsasən vurğulanır ki, iqtisadiyyatda gender bərabərliyi Böyük Britaniyada ÜDM-ni 250 milyard dollar, ABŞ-da 1 trilyon 750 milyard, Çində 2,5 trilyon dollar artıra bilərdi.
Bir məsələ də var ki, qlobal gender fərqinin qapadılması indiki templə davam etsə, bu, 100 il, iş yerində fərqin aradan qaldırılması isə 217 il çəkəcək, hesabatda belə deyilir.
Oxunub: 148