Azərbaycanı beynəlxalq İnternet şəbəkəsinə bağlayan milli magistral (backbone) İnternet operatoru “Azertelecom” MMC ilə “Facebook” korporasiyası arasında “Facebook” şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin “Azertelecom” MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb. Şirkətin serverləri “Azertelecom” MMC-nin Data mərkəzində uğurla quraşdırılıb və noyabrın 1-dən istifadəyə verilib. Bu barədə “Azertelecom” MMC-nin saytında bildirilib.
“Azertelecom”da hesab eirlər ki, “Facebook” şirkətinin CDN keş serverlərinin quraşdırılması ölkəmizdə yerli Facebook istifadəçiləri üçün geniş imkanlar açır. Belə ki, bu serverlərin “Azertelecom”un Data mərkəzində yerləşdirilməsi ilk növbədə bu sosial şəbəkənin istifadəçilərinə Facebook kontentinə daha qısa zaman ərzində qoşulmaq və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləmək imkanını yaradır.
“Google” beynəlxalq konsorsiumdan sonra Facebook Azərbaycanda serverler yerləşdirməklə azərbaycanlı istifadəçilərə yaxın oldu”, – Azərbaycan İnternet-Forumun rəhbəri Osman Gündüz bildirib.
“Ölkəmizdə Facebook-a artan tələbatı nəzərə alaraq, düşünürəm ki, rabitə sahəsində qlobal şirkətlərin Azərbaycana gəlişi düzgündür və çox faydalı təşəbbüsdür.
Gələcəkdə Azərbaycanda “Facebook” və digər şirkətlərdən əldə olunan gəlirləri vergiyə cəlb etməklə Azərbaycanda rəqəmsal sahibkarlığın inkişafını stimullaşdırmaq, ölkədə İnternetin inkişafı üçün yeni imkanlar açmaq olar”, – o qeyd edib.
O həmçinin Azərbaycanda dünya İnternet şirkətlərinin ofislərinin açılmasına tərəfdar olduğunu bildirib.
Məzmun Çatdırılma Şəbəkəsi (Content Delivery Network və ya Content Distribution Network, CDN) İnternetdə son istifadəçilərə məzmunun çatdırılması və yayılmasının optimallaşdırılmasına imkan verən coğrafi baxımdan paylanmış şəbəkə infrastrukturudur.
CDN kontent-provayderlərdən istifadə İnternet istifadəçiləri tərəfindən audio-video, proqram, oyun və digər rəqəmsal məzmunun yüklənməsinin sürətinin artırılmasına xidmət edir. (Turan.az)
Oxunub: 348