Müsəlman Birliyi Hərəkatı vəkil Yalçın İmanovun üzvü olduğu Vəkillər Kollegiyasından çıxarılması ilə əlaqədar bəyanat yayıb. Bəyanatda vurğulanır ki, Yalçın İmanov Nardaran hadisələrinə görə günahsız həbs olunan məhbusların hüquqlarını müdafiə etdiyinə görə cəzalandırılıb. Çünki Yalçın İmanov Nardaran hadisələri ilə bağlı cinayət işindəki saxtakarlıqları konkret faktlarla ifşa edir, həbs olunan şəxslərin günahsızlığını hüquqi baxımdan da sübut edirdi.
“Azərbaycan hakimiyyətinin növbəti hədəfi vəkillik institudur. Siyasi və ictimai fəallardan, jurnalistlərdən, vətəndaş cəmiyyəti nümayəndələrindən sonra ölkədə repressiya növbəsi müstəqil vəkillərə və hüquqşunaslara çatıb. Hüquqi nümayəndəlik institutunun ləğvi, daha sonra adları daha çox siyasi işlərdə hallanan vəkillər Nemət Kərimli, Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev və Aqil Layıca qarşı təzyiqlər göstərir ki, mövcud iqtidar sayları getdikcə artan siyasi məhbusları tamamilə müdafiəsiz qoymağa çalışır.
Son olaraq, Yalçın İmanovun vəkillik fəaliyyətinin qanunsuz olaraq dayandırılması bunu bir daha təsdiq edir. Yalçın İmanovun vəkillik karyerasına son verilməsinin səbəbi Nardaran hadisəsində günahsız yerə həbs olunan insanları müdafiə etməsidir. Məhkəmə proseslərində qarşı tərəfin saxta ittihamlarını ustalıqla dağıdan, Müsəlman Birliyi Hərəkatı üzvlərinin və “Nardaran məhbusları”nın günahsızlığını sübut edən Yalçın İmanovun vicdanlı və prinsipial mövqeyi hakimiyyətin qəzəbinə səbəb olub. Sonuncu dəfə isə Qobustan həbsxanasında saxlanılan, 20 il qanunsuz həbs cəzası almış Abbas Hüseynova qarşı təzyiqləri və işgəncələri ictimailəşdirməsi dəyərli vəkilimizin barəsində bu bədnam qərarın verilməsi ilə nəticələnib.
Müsəlman Birliyi Hərəkatı olaraq bu qərarı qətiyyətlə pisləyirik. Hakimiyyəti öz səhvini düzəltməyə, Yalçın İmanovun vəkillik fəaliyyətini bərpa etməyə və vəkillərə qarşı təzyiqləri dayandırmağa çağırırıq”, – deyə bəyanatda bildirilir.
Azadliq.info
Oxunub: 276