Rusiya noyabrın 28-də “Vostochny” kosmodromundan buraxılmış hava peykiylə əlaqənin itdiyini bildirir.
Rusiyanın “Roskosmos” kosmik agentliyi bildirib ki, peyklə əlaqə qurmaq mümkün olmayıb, çünki o, planlaşdırılmış orbitdə deyil.
“Vostochny” kosmodromunun tikilməsində məqsəd Rusiyanın Qazaxıstanda yerləşən Baikonur kosmodromundan asılılığını azaltmaq olub.
Baikonur-dan hazırda Beynəlxalq Kosmik Stansiyaya uçuşlar üçün istifadə olunur.
***
Noyabrın 28-də Rusiyanın yeni “Vostochny” kosmodromundan ikinci Soyuz-2 raketi buraxılıb.
Bu raket orbitə hidrometeoroloji kosmik aparat olan Meteor-M peykini və daha 18 Rusiya və xarici istehsal olan peyk aparıb. Bu barədə bir gün öncə Rusiyanın baş naziri Dmitry Medvedev açıqlama vermişdi.
Meteor peyki orbitə çıxarılan üçüncü belə qurğudur və hava durumu barədə məlumatların ötürülməsini asanlaşdıracaq.
Vostochny-dan ilk raket 2016-cı ilin aprelində buraxılıb. O zaman Soyuz raketi orbitə üç peyk çıxarmışdı.
Medvedev deyib ki, “Vostochny” kosmodromundan xarici peyklərin də buraxılması Rusiyanın beynəlxalq bazarda mövqeyini möhkəmləndirir.
Rusiyanın TASS agentliyinin məlumatına görə, raket buraxılmamışdan kosmodromun yerləşdiyi Amur regionunda yüksək səviyyəli təhlükəsizlik və fövqəladə tədbirlər görülüb.
Bu kosmodromun tikintisi 2012-ci ildə başlanıb və bir sıra qalmaqallarla yadda qalıb. Mənimsəmə iddiaları üzrə cinayət işləri açılıb, fəhlələr maaşlarının yubanmasına aclıq və tətillərlə etiraz ediblər.
Oxunub: 370