Nardaran olayları ilə əlaqədar həbs olunmuş Sahil Rzayev və digər 5 nəfərin kassasiya şikayətini bu gün Ali Məhkəmə təmin etməyib. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib. Kassasiya şikayətinə onların iştirakı olmadan baxılıb.
“Müsəlman Birliyi” Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar. Onlara qarşı CM-in 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə onlar 6 ildən 6 il yarımadək müddətə azadlıqdan məhrum ediliblər.
Mayın 8-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Rəsmi məlumatlara görə, Nardaran olayları ilə əlaqədar 70 nəfər həbs olunub. Ancaq hüquq müdafiəçiləri 87 nəfərin həbs olunduğunu bildiriblər. Onların işlərinə bir neçə məhkəmədə baxılır. Onların bəzisi qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilib. Bəzisi artıq azadlığa çıxıb. 40-dan çox adama qarşı ağır ittihamlar (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar irəli sürülüb.
“Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə və digər 17 nəfər 12 ildən 20 ilədək azadlıqdan məhrum edilib.
Oxunub: 66