Prezidentin repressiyalar üzrə köməkçisinin strateji iddiaları barədə oçerk
Azərbaycan Saatının dünənki (26 noyabr 2017) proqramında prezident köməkçiləri haqqında bir yorum səsləndirildi. Hesab edirik ki, bu şərh Azadlığın oxucuları üçün maraqlı ola bilər, ona görə də həmin hissəni xüsusi ayrıntılarla saytımızda yerləşdiririk.
Söhbət isə prezidentin köməkçilərindən biri olan Fuad Ələsgərov haqqında idi
Hakimiyyət uğrunda mübarizənin tarixi bəşər tarixi ilə eyni vaxtdan başlayır. Saray intriqaları, nüfuz savaşı ən güclü hökmdarların ən güclü vaxtlarında belə olub və çox vaxt da yaxınlığına, doğmalığına baxmayaraq çox adamın qanı tökülüb, çox padşahlar oğullarının, qardaşlarının, ya da əksinə, oğulla, qardaşlar hakimiyyət naminə bir-birlərinin qanını töküblər. Bəzən mübarizə o qədər kəskin olub ki, doğma tərəflər bir-birini qırıb çatanda, heç gözlənilmədən, diqqət çəkməyən hansısa məmur saray işçisi hakimiyyəti ələ keçirib və əvvəlkilərin hamısının axırına çıxıb.
Bizə yaxın belə tarixlər çox olub. Leninin xəstəliyi hamıya məlum olanda hakimiyyət uğrunda mübarizə o qədər gərgin idi ki, Stalin 1921-ci ilin noyabrında Leninə məktub yazıb kimdən şikayət etsə yaxşıdır? Leninin arvadı Krupskayadan. Düzdür o məktubda Lunaçarskidən də, Trotskidən də şikayət edirdi, amma hakimiyyət uğrunda mübarizədə başçının arvadından belə şikayət göz altına alınırdı.
Məktubdan sonra Stalinə partiyanın baş katibi vəzifəsi verilir. Lenin 1922-ci ildə bir də ayılır ki, Stalin əlində çox hakimiyyət birləşdirib və məşhur “Qurultaya məktub”unu yazır. Lenin yazırdı: “ Stalin qısa müddətdə əlində o qədər hakimiyyəti cəm edib ki, bu, gələcəkdə böyük zərərlər verə bilər”.
Əlində cəm etdiyi hakimiyyətin əsasında Stalin hakimiyyətə gəldi və 29 il SSRİ-yə başçılıq etdi. Partiyada isə Stalini bəlkə də beşinci, altıncı adam kimi görürdülər. Özündən əvvəl gələn beş-altı adamın axırına Stalin asanlıqla çıxdı, hətta Trotskini Meksikada öldürtdü.
Brejnev də Xruşşova ən çox yaltaqlanan, hər sözünü tarixi dərs kimi dəyərləndirən biri olub. Amma əl altdan siyasi büro üzvləri arsında onun əleyhinə mütəmadi danışıqlar aparıb Xruşşovun quyusunu qazırdı. Qazdı da. 18 il SSRİ-nin rəhbəri oldu.
Niyə bu faktları yada salırıq? Müstəqil Azərbaycanda 24 ildir Əliyevlər hakimiyyətdədir. Hələ Heydər Əliyevin dövründə hakimiyyət uğrunda saray daxilində mübarizə gedirdi, amma böyük Əliyev işini sərrast qurmuşdu və oğlu İlhamı prezident etmək üçün bütün daxili və xarici amilləri cilalamışdı. Ona görə də indiki prezidentə qarşı saray daxilində açıq mübarizə aparan yox kimiydi. İndi 14 ildən çoxdur İlham Əliyev hakimiyyət zirvəsindədir, amma onun da prezidentliyi dövründə hakimiyyət uğrunda mübarizə gedir və bu mübarizəni yalnız müxalifət deyil, elə sarayın öz içərisində də aparanlar var. Əvvəllər ikinci Əliyevin sarayında onu gözü götürməyənlər çox az idi, məsələn, sabiq səhiyyə naziri Əli İnsanovun ondan xoşu gəlmirdi. Buna ögrə də İlham Əliyev onu asanlıqla həbsə atdı və nə qədərki prezidentdir, Əli İnsanovu həbsdən azad etmək fikrində olmayacaq.
Özündən sonrakı birincilik estefati
Bu ilin fevralında xanımı Mehriban Əliyevanı yeni konstitusiya qaydalarına görə rəsmən ölkənin ikinci şəxsi elan edəndə də prezidentin məqsədi sarayda hakimiyyət sevdasına düşənlərə konkret ismarış vermək idi – gözünüzü, əlinizi çəkin.
Amma əksinə proseslər gedir. Bu təyinatdan narazı qalan klan daha məxfi şəkildə, həm də birləşmiş halda post İlham Əliyev dövrünə ciddi hazırlaşır. Komandada hamı özünü sədaqətli göstərir, bəzilərinin bu sədaqəti şübhə doğurmur da, amma daha hiyləgərləri, də var ki, onların davranışları postəliyev dövrünün birinciliyinə iddialı kimi görünən planları icra edirlər. Bunun üçün də maksimum çalışırlar ki, bu ərəfədə əllərində daha çox hakimiyyət cəm etsinlər, sərvət toplasınlar, daha çox söz sahibi olsunlar.
Hər şey kadrlardan başlayır. Ölkənin açar vəzifələrinə öz kadrlarını yerləşdirmək, bu prosesin vacib halqasıdır. Azərbaycan hakimiyyətində prezidentdən sonra ən çox kadr yerləşdirən, öz adamlarını müxtəlif strukturlara rəhbər vəzifələrə göndərən kim ola bilər? O nə baş nazirdir, nə parlament sədri, heç birinci vitse-prezident də deyil. Baş nazirdən başqa, adları qeyd olunan şəxslər hansısa səlahiyyətlərin sahibləri olsalar da adını çəkəcəyimiz şəxs qədər dövlət strukturlarına nüfuz edə bilmirlər.
Bu gün Azərbaycan hakimiyyətində belə bir şəxs Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovdur.
Güc strukturları daxilində güc mərkəzi
Vəzifəsinin adından da göründüyü kimi Ələsgərov ilk növbədə hüquq mühafizə orqanları içərisində öz kadrlarını yerləşdirmək, onun sözü ilə təyin olunmayanları da tərəfinə çəkmək üçün əvvəl sıxma-boğmaya salıb, sonra öz çətirinin altına salmaqla xeyli tərəfdaş toplaya bilib.
Daxili İşlər Nazirliyində Ələsgərov 18-dən çox polis rəisi, bir o qədər də bölmə rəisi, rəis müavini yerləşdirə bilib. Sadəcə Daxili İşlər Nazirliyi sistemində təqribən 20 faizlik güc hər adama nəsib olan imkan deyil, bəlkə, hətta Ramil Usubovun özünə də… Təcrübəli nazir Ramil Usubov bəzi hallarda onunla hesablaşmaq istəməyəndə Ələsgərov təyinat haqqında prezidentin məlumatlı olduğunu, guya ölkə rəhbərliyi ilə razılaşdırıldığını söyləməkdən çəkinmir. Bəzi hallarda razılaşmayan Usubov onu da bilir ki, etiraz olunanda Ələsgərov öz mənbələri vasitəsilə nazirlik haqqında mənfi informasiya toplayıb prezidentə məruzə edir, ona görə də bir neçə dəfə məhdud kontingentli müşavirələrdə İlham Əliyev nazirliyin işindən narazılığını dilə gətirib. Burda başqa şərtlər də var. Ələsgərovun təqdimatı ilə təyin olunan rəislər aylıq “görüm baxımı” da şəxsən prezidentin köməkçisinə çatdırırlar . Bu yazılmamış qanunların nəticəsi olaraq Ələsgərov ölkənin ən zəngin adamları sırasında yer tutub.
Zakir Qaralovun yuxulu etirazı
Respublika Prokurorluğunda Ələsgərovun kadrlarını az qala hamı tanıyır. Artıq neçə illərdir ki, Bakı rayonlarının əksər prokurorları, müavinləri məhz Ələsgərovun təqdimatı ilə qoyulub. Baş prokuror Zakir Qaralov neçə illər qabaq prezidentə yarımyuxulu, yüngülvarı şikayət etsə də, Ələsgərov ümumi nəticələri baş prokurorun əleyhinə elə yönəldib ki, bu giley-güzara bir daha qayıdılmayıb. Yuxarıda qeyd olunan “aylıq salam”lar prokurorluq sistemində də, cənab Ələsgərovun “halal haqqı” kimi ləngimədən çatdırılmalıdır.
Prezidentin qohumundan daha yaxın
Ədliyyə Nazirliyi Ələsgərovun köhnə iş yeridir. Oranın mətbəxinə daha yaxşı bələddir. Məhkəmə sədrləri, rayon hakimləri mütləq Ələsgərovun bığının altından keçməlidir, əks halda prezidentin qohumu nazir Fikrət Məmmədov da Ələsgərovdan gözlənilməz zərbələr ala biləcəyinin fərqindədir. Cəmi bir ay əvvəl məhkəmə sistemindəki yerdəyişmələr, vəzifədən azad olunanların yerinə təyinatlar birbaşa Ələsgərovun razılığı nəticəsində baş tutub – həm də son söz kimi nazirin yox, məhz onun razılığının vacib olduğu hər bir hakimə çatdırılıb. Özünün birbaşa təyin etdiyi məhkəmə sədrləri, hakimlər isə arxalarını “dağa” söykədiklərini güman edib hər cür qanunsuzluğa gedirlər.
Niyə?
Repressiyaların psixoloji mühərriki
Bu niyənin cavabını bilmək üçün vacib məqamı qeyd etməliyik. Ölkədə müxalif söz deyənlər, yazarlar, siyasi fəallar, dindarlar, hakimiyyətin özünə təhlükə bildiyi şəxslər barədə polisi, prokurorluğu, məhkəməni istiqamətləndirən və təlimatlandıran şəxsən Ələsgərovdur. Kimi hansı maddə ilə cinayətə cəlb etməyin və neçə il azadlıqdan məhrum etməyin tapşırıqları Ələsgərov tərəfindən gəlir. İlham Əliyev, görünür onun müstəsna keyfiyyətlərini nəzərər alaraq repressiyaların idarə edilməsini ona həvalə edib və o da əlbəttə, öz improvizasiyaları ilə bu xətti zənginləşdirir. Bu, ona həm də özünün xüsusi aktuallığını qoruyub saxlamaq üçün lazım olur. İlham Əliyev bütün klassik diktatorlar kimi müxalif olanlara, hakimiyyətin opponentlərinə qarşı qarşı hədsiz dözümsüzdür və bu keyfiyyət Ələsgərov üçün əsl nüfuz mənbəyidir. Bu amildən istifadə edərək hamını cəzalandırdığının raportunu verən Ələsgərov üçün ölkə başçısından bir neçə rayonun prokurorunun, polis rəisinin, məhkəmə sədrinin təyinatını almaq elə də çətin deyil. İlham Əliyev isə təkcə cəmiyyət üçün deyil, həm də öz aparatı üçün qapalı adamdır və hüquq mühafizə orqanlarının rəhbərləri hər dəfə zəng vurub prezidentlə dəqiqləşdirmələr aparacaq qədər lüksün sahibi deyillər. Məhz bu qeyd edlən faktor həssas məqam ( söhbət hakimiyyətdən gedir) olduğu üçün rəhbərlər əlavə sorğu aça bilmirlər.
«Bandotdel» siyasətinin mərkəzi fiquru
Azərbaycanda siyasi məhbuslara işgəncə verilməsi beynəlxalq təşkilatların , hüquq müdafiəçilərin bütün hesabatlarında yer alıb. Əhalinin “bandotdel” kimi tanıdığı BMCMİ bu işlərin başında gəlir. Məsələ bundadır ki, bu strukturun işçiləri də işgəncə verməkdən bezdiklərini dilə gətirirlər. İşgəncələrin verilməsinin, hətta hansı metoddan daha çox istifadə olunmasının məsləhətçisi, ilhamvericisi Ələsgərovdur və bunu bütün polis orqanları,nazirlik, Baş Prokurorluq da yaxşı bilir.
Ələsgərovun qəddarlığının sərhədi yoxdur. İşgəncələrin mətbuata çıxarılması, məhkəmədə açıqca söylənməsi də Ələsgərovun göstərişidir. Ələsgərov İlham Əliyevi inandırıb ki, işgəncələrin qəddarcasına olması və onun mətbuatda yayımlanması profilaktik xarakter daşıyır, başqalarına dərs vermək üçün, göz qorxutmaq üçün nəzərdə tutulub. Həm də işgəncə verənlərin gizlədilməməsi, açıqlanması, məhkəmə iclaslarına gətirilməsi bu əməkdaşların artıq geriyə çəkilməsini mümkünsüz edir və növbəti cinayətlər törətməkdən başqa ayrı yolları qalmır. Nəticədə isə Azərbaycanın Avropa Şurası və digər sivil beynəlxalq təşkilalardan təcrid olunması gündəmdən düşmür.
Müxalif fikirli insanlar xaricdə fəaliyyət göstərirsə, onlara əl çatmırsa, onların qohumlarına, xüsusilə qadın qohumlarına təzyiq etmək, polisə aparmaq, qadınları təcavüz etməklə hədələmək, qohumları məcbur edib qohumluqdan imtina etdiyi barədə ərizələr almağın da müəllifi Ələsgərovdur. Bəzi qaynaqları israrla bildirirlər ki, bu mənəvi terror elementləri hətta Daxili İşlər Nazirliyi kimi cəza aparatında belə bəyənilmir, amma prezident köməkçisi bu tədbirlərin İlham Əliyevlə ilə razılaşdırıldığı kimi standart (və təhlükəli) arqumentlərlə özünü sığortalayıb. Məsələn, Göyçay rayonunda 90 yaşlı ananı oğlu, siyasi mühacir Vidadi İsgəndərlidən imtina etdiyi barədə ərizə almağı da Ələsgərov şəxsən rayon prokuroruna özü tapşırıq verib. Belə faktların gizlədilməməsi, əksinə televiziyalara qədər yol tapması da Ələsgərovun ”xidmətidir”.
Ali baş komandanın yarısı qədər səlahiyyət
Bu il Ələsgərovun səlahiyyəti daha da artırıldı və “hərbi işlər üzrə” köməkçi statusu da əlavə olundu. Hərbi sistem haqqında elementar bilgiləri olmasa da , hüquq-mühafizə orqanlarında tətbiq etdiyi idarəetmə metodlarını burda da işə saldı. Bütün kadr təyinatlarını, hansı hərbiçinin hansı birləşməyə göndərilməsi, hətta təlimlərin onunla razılaşdırılmalı olduğunu Müdafiə Nazirliyinin rəhbərlərinə bildirəndə, əlbəttə qarşı tərəfin ciddi etirazları olub, amma prezident köməkçisi Ali baş komandanın adı ilə danışırsa, izahata və etiraza yer qalmır: «Şahdan gəlmiş nökərəm, dinmə dişlərin tökərəm».
Xüsusi xidmət emissarı
Eldar Mahmudovdan sonra DTX- yə də müdaxilə Ələsgərov üçün çətin olmayıb. Xüsusi xidmət orqanının indiki rəhbəri Ələsgərov qarşısında xüsusi etiraz qabiliyyətinə malik deyil. Bu xarakterinə görə Ələsgərov hətta kimi “ verbovka “ etməyi, kimdən hansı informasiyanı almağı, kimin telefonlarına qulaq asmağı da asanlıqla göstəriş verə bilir. Bir neçə məşhur jurnalisti hələ Eldar Mahmudovun dövründə həbsxanada Çovdarovun əli ilə əməkdaşlığa cəlb edən, sonra onlara sayt açdıran və maliyyə yardımı edən Ələsgərov bu yolla hakimiyyətdəki rəqiblərinə, həm müxalif fikirli insanlara saytlar vasitəsilə böhtan və təhqir yağdırır. Əməliyyat məlumatları əldə edən kimi informasiyanı öz saytlarına ötürür və bəzən o qədər tələsir ki, perspektiv «əməliyyatları» da qabaqcadan ifşa etmiş olur. Ələsgərovun tapşırığı ilə izlənən və danışıqlarına qulaq asılanlar arasında hakimiyyət nümayəndələri də az deyil.
Məzahir üzərində zahiri nəzarət aparatı
Ələsgərovun işi yalnız hüquq mühafizə orqanları və hərbi sistemlə yekunlaşmır. O, Mərkəzi Seçki Komissiyasının işinə də müdaxilə etməkdən çəkinməyib. Xüsusilə seçki dairələrinə, seçki məntəqələrinə bir xeyli öz adamını yerləşdirməklə yanaşı qalanları ilə də təkbətək görüşlər keçirir, prezidentin adından tapşırıqlar verir, yalnız onun tapşırığını eşidəcəklərini vurğulayır, səsvermənin nəticələrini , neçə faiz olacağını da mütləq onunla razılaşdıracaqları barədə göstərişlər, təlimatlar verir. Seçki prosesinin vacib siyasi faktor olduğunu, strateji hədəf olduğunu düşünən Ələsgərov “hər ehtimala qarşı” bu strukturun da rıçaqlarını əlində saxlamağı özünün strateji hədəfi hesab edir.
«Asan» gəlirlərin anlaşılmaz bölgüsündə
Məşhur “Asan xidmət”i isə Ələsgərov öz balası hesab edir və xalqa xidmətdən çox burdan gələn gəlirlər onu maraqlandırır. Hətta çox məlumatlı mənbələr də Asan Xidmətdən əglən gəlirlərin necə bölüşdürüldüyü və hansı istiqamətlərə xərcləndiyi barədə dürüst bilgilərə sahib deyillər. Fakt budur ki, Asan xidmətdən əldə edilən real gəlirlər naməlum məntiq əsasında bölünür və bu bölgünün prinsipləri yüzdə 25 faiz dəqiqliklə cənab Fuad Ələsgərova bəllidir.
Köməkçilər arasında «yardımçı müharibə»
Ələsgərov isə dayanmaq bilmir və onun fəaliyyəti hakimiyyətdə təmsil olunanların maraqları ilə toqquşur. Prezidentin digər köməkçisi Əli Həsənovla Ələsgərovun qanlı-bıçaq olduğunu hətta ölkə başçısı da bilir. Bu il jurnalistlərin ev bölgüsündə F.Ələsgərov Əli Həsənovun kurasiyasında olan bu sahəyə də müdaxilə edib, həm də kobud müdaxilə. Ev bölgüsündə Ələsgərov ona yaxın olan jurnalistlərin, sayt rəhbərlərinin, hətta onların sürücülərinin də adını ev alanların siyahısına salmaqla Əli Həsənovun bostanının yarısını işğal etmişdi. Bəzi jurnalistlərin isə Əli Həsənovun siyahısından çıxarılmasına da Ələsgərov nail ola bilmişdi.
Əliyevin baltası kimi tanınmaq həvəsi
Amma prezident köməkçisinin məqsədi ölkənin siyasi həyatına bu qədər təsir imkanlarına malik olduğunu, özünü klanın post Əliyev dövrü üçün namizədi kimi təsdiq etməkdir. Ortada Əli Həsənov kimi tez-tez görsənməsə də, Ələsgərovun hədəfi ictimai-siyasi şöbənin patronundan fərqli və daha yüksəklər uğrundadır.
Qanunların mürtəce formada dəyişdirilməsi ideyalarını da işləyib başa çatdırmaq, məhz, Ələsgərova həvalə edilib. Əməliyyatın praktik icrası ilə də o məşğul olur. Sonuncu – nümayəndələrin məhkəmələrə çıxışını əngəlləyən qanun da Ələsgərovun başının altından çıxıb, Hətta o da məlumdur ki, Prezident Administrasiyasında hüquq işlərinə məsul olan şəxslər yeni qanunun mürtəce olduğunu dəfələrlə daha yuxarı instansiyalara çatdırsalar da, xeyri olmayıb…
Əlahəzrət Ələsgərov qarşısında hələlik qapılar taybatay açıqdır. Onun strateji niyyətləri daxilində isə sonuncu qapının açılması iddiası da çox real görünür.
azadliq.info
Oxunub: 848