Sahibkar deyir ki, icra başçısı onları intihar həddinə çatdırıb
Oktyabrın sonundan Sumqayıt-Saray-Bakı istiqamətində fəaliyyət göstərən 501 marşrut xətti bağlanıb. Bu marşrut xəttinin sahibi olan “Amal-D” şirkətinin direktor müavini Pənah Quliyev deyir ki, xətt Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi əsasında bağlanıb.
Avtobusların lisenziyası olduğunu, texniki baxışdan keçdiyini deyən sahibkarın sözlərinə əsas səbəb şirkətin Zakir Fərəcovun qoyduğu tələbləri ödəyə bilməməsidir. Pənah Quliyev deyir ki, icra başçısı Dövlət Yol Polisinin Sumqayıt şəhər İdarəsinə göstəriş verib. Həmin göstəriş əsasında da yol polisi həmin marşrut xəttində işləyən avtobusların üçünü Nəqliyyat Departamentinin həyətinə aparıb: “Bunu biz görəndən sonra qalan 17 avtobusu da gətirib qarajda saxlamışıq. Zakir Fərəcov nə istəyir, onu da eləyir. Qaydalar, əhalinin durumu, onların nəqliyyat sahəsində əziyyət çəkməsi onu maraqlandırmır. Sanki Sumqayıtda dövlətin qanunları yox, Zakir Fərəcovun öz qanunları işləyir”.
İcra başçısının tələbinə gəlincə, sahibkar deyir ki, bu məsələ əksər iş adamlarına bəllidir: “Zakir Fərəcov öz maraqlarına görə dəfələrlə şirkət rəhbərlərini sıxışdırıb. Bu gün də eyni mövqedədir. Bizim rəhbərlik etdiyimiz “Amal-D” şirkətinin 20-yə yaxın avtobusu vətəndaşların gediş-gəlişini tənzimləyir. Həmin xətdə 503 saylı marşrutda “Hyundai” markalı avtobuslar işləyir, onlar oturacaqlar dolandan sonra sərnişin götürə bilmirlər. Çünki oturacaqlar o qədər sıxdır. “Amal-D” şirkətinə məxsus “Daewoo” markalı avtobusların ümumi tutumu 37 nəfərdir. Oturacaq sıralarındakı ara geniş olduğu üçün yoldakı dayanacaqlardan da sərnişin götürə bilir. Bizim marşrut xəttinin bağlanması sərnişinlərə çox ciddi problem yaradıb. Saray sakinləri Xırdalana gedir, oradan daha bir avtobusa minib Bakıya çatırlar. Eyni cür də qayıdırlar. Yaxud da taksilərdən istifadə etmək məcburiyyətində qalırlar. Saray qəsəbəsinin 30 mindən çox əhalisi var. Bu qədər adam Zakir Fərəcovun maraqlarının qurbanına çevrilib. Onun maraqlarına tabe olmaq istəməyən iş adamlarının fəaliyyətinə imkan vermir”.
İş adamı prezident İlham Əliyevə, onun xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, məmur özmaşınalığının qarşısının alınması üçün onlardan kğmək istəyir. O həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə, Baş nazir Artur Rəsizadəyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə də teleqramlar göndərib.
“Biz dövlət orqanlarından müraciətlərimizə cavab gözləyirik. İş kritik həddə çatıb. Əgər problem həllini tapmasa, sərnişinlərin, sahibkarların maraqları Zakir Fərəcova qurban verilsə, şirkətin rəhbəri Dönməz Məmmədov intihara əl atacaq. Çünki başqa yol qoymurlar”, – Pənah Quliyev bildirib.
Qeyd edək ki, Pənah Quliyev bundan öncə də fəaəliyyətinə yaradılan maneələrə etiraz olaraq, aclıq aksiyası keçirib, hətta bir dəfə özünü yandırmağa cəhd göstərib.
azadliq.info
Oxunub: 250