Suriya böhranından Rusiya öz hərbi və diplomatik nüfuzunu xeyli gücləndirərək çıxıb.
Lakin bu, böyük ziddiyyət və beynəlxalq tənqid hesabına əldə olunub.
Bu məsələnin diplomatik tərəfi də var.
Əsas oyunçu rolunu ABŞ yox, Rusiya oynayır.
Suriyanın gələcəyi Rusiyanın İran və Türkiyə ilə qurduğu alyans tərəfindən müəyyən edilir.
Hətta səudiyyəlilər də Moskvanın qapısına aparan yolu ölçməyə başlayıb.
Rusiya son 20 il ərzində Qərbin hərbi müdaxilələrindən özünə dərs götürüb.
Yaxın Şərqdə ABŞ və onun müttəfiqlərinin Ərəb Baharını yeni, demokratiya erasının başlanğıcı kimi alqışlamasını Moskva təşvişlə izləyib.
Rusiyanın çıxardığı nəticə daha praqmatik və daha bədbin olub.
Rusiya Yaxın Şərqdə xalq üsyanını yeni demokratik quruluşun yox, regional qeyri-sabitliyin başlanğıcı kimi qiymətləndirib və bu dalğanın Rusiya sərhədlərini də aşa biləcəyindən ehtiyat edib.
Rusiya praqmatik seçim edərək və beynəlxalq tənqidə məhəl qoymayaraq, Suriyada hərbi “qələbəyə” nail olub, lakin “sülhü” də qazanmağa nail ola biləcəkmi?
Bu böhrandan Rusiya diplomatiyası bərkimiş çıxdı, diplomatik oyunda Suriyada müxalifəti nizamlayıb onu silahlandırmaq istiqamətində uğursuz cəhdlər etmiş Obama adminstrasiyasına üstün qəldi və indi də prezident Trump-ın komandasını Suriya məsələsində qabaqlayır.
Washington-un müttəfiqi olan Türkiyə, prezident Əsədi devirməyə xeyli çağırışlar etdikdən sonra nəhayət, öz maraqları barədə düşünmək qərarına gəldi.
Kürd muxtariyyətinin yaranmasına yol verməmək üçün Ankara Moskva və Tehranla işbirliyi qurdu.
Trump administrasiyası Suriyaya dair və ya daha geniş miqyasda götürülsə, bu regionda İranın nüfuzun artmasının qarşısının alınması məqsədi ilə məntiqli siyasətini hələ işləyib hazırlamalıdır.
İmkanlar elə də geniş deyil.
ABŞ siyasətinin yeganə uğurlu elementi kürd döyüşçülərinə dəstək verilməsi və onların silahlandırılması olmuşdur.
Oklahoma Universitetinin Suriya üzrə eksperti professor Joshua Landis hesab edir ki, ABŞ kürdlərə dəstək göstərməkdə davam etsə, Washington “Suriya hökümətini dilənçi kökünə sala və regiona nəzarətini saxlaya bilər”.
ABŞ kürdlərə Suriyanın əksər neft və qaz yataqlarına nəzarəti ələ keçirməyə kömək edib. Bu isə Suriya üçün müharibədən sonrakı bərpa işlərinin xeyli ləngiməsi deməkdir.
“ABŞ-ın Dəməşqi zəif və yoxsul durumda saxlaması səyləri Rusiya və İranın regionda qələbəsini də məhdudlaşdıracaq, – professor Landis qeyd edir. – Lakin kürdləri dəstəkləməklə Washington özündən Türkiyə, Suriya və İranı uzaqlaşdırmaqda davam edəcək”.
Lakin Trump-ın kürdlərə dair siyasəti qeyri-müəyyən görünür.
Trump Türkiyəni arxayın edib ki, özünü İslam Dövləti adlandıran qruplaşma məğlubiyyətə uğradıqdan sonra kürdlərə silah təchizatı dayandırılacaq.
Bu addım Ankaranı sakitləşdirəcəksə, kürdlər bunu xəyanət kimi qiymətləndirəcək və əgər Suriya höküməti kürdlərə qarşı hücuma keçərsə, bu, onları zəiflədəcək.
Rusiyanın da diplomatik problemləri ola bilər.
Moskva, Dəməşq, Ankara və Tehran indi işbirliyi yaratsalar da, onların orta müddətli hədəfləri fərqli ola bilər.
Suriyada İranın təsirini məhdudlaşdırmaq məqsədi ilə İsrail Rusiyaya təzyiq edir, bunun üçün İsrailin hərbi imkanları da var.
Görəsən, Turkiyə, Rusiya və İran yekdil olmaqda nə qədər davam edəcəklər?
Rusiyanın Suriya ilə bağlı gələcək planları aydın deyil.
Moskva bəzi müxalifət qruplarını atəşkəs razılığına qoşmaq üçün səylər göstərir, lakin bu, qısa müddətə nəzərdə tutulan sövdələşmədir. Görəsən, bu razılaşmaya əməl olunacaqmı?
Suriya rejiminin nəzarət bərpa edilən əraziləri idarə etmək üçün insan qüvvəsi kifayətdərmi?
Şiə silahlıları və Hizbullah ölkədə qalacaqmı? Və onlar kimin marağlarına xidmət göstərəcək – Suriyanın, yoxsa İranın?
Rusiyanın, belə demək olarsa, “qələbəsi” tamamlıqdan hələ xeyli geridədir.
Moskvanın Suriyaya dair gerçək bir planı varsa, həmin planın, hələlik, yalnız cəmi bir neçə detalı məlumdur.
Suriyada sülh prosesinə hazırda, həqiqətən də, Rusiya rəhbərlik edir, lakin onun məqsədləri qaranlıq qalır.
Prezident Əsəd hakimiyyətdə qalacaqmı və ya yalnız onun təmsil etdiyi hökümətin qalmasından söhbət gedir?
Bununla belə, Vladimir Putin Suriya kampaniyasında bir sıra nailiyyətlər əldə edib.
Rusiya etibarlı müttəfiq olduğunu sübut edib.
Onun silahlı qüvvələri xaricdə mürəkkəb hərbi əməliyyatlar həyata keçirməyə qadir olduqlarını nümayiş etdirib.
Bu mənada, Suriya müasir Rusiya silahı üçün “sərgi vitrini” rolunu oynayıb.
Rusiya yenidən Yaxın Şərqin mühüm oyunçusuna çevrilir.
Moskvanın bu regionda təsiri 1970-ci illərdən başlayaraq ardıcıl olaraq zəifləyirdi, indi isə əksinə, Rusiyanın burada nüfuzu, ABŞ-ın qeyri-ardıcıl siyasəti fonunda, getdikcə güclənir.
Rusiya beynəlxalq arenaya qayıdır.
Suriyada əzab-əziyyət və iztirabın yaşanmasında bütün xarici oyunçuların rolu olub.
Bu mənfilik nəzərə alınmamaq şərtilə, Suriyada əldə olunmuş nəticə Valdimir Putinin nailiyyətlər siyahısına daxil olunasıdır. (BBC)
Oxunub: 186