İqtisadçı-ekspert Vahid Məhərrəmov
Apardığımız hesablamalar göstərdi ki, pambıqçılıqla məşğul olan fermerlər, kəndlilər ümumi ölkə üzrə 12 milyon 277 min 170 manat məbləğində zərərə məruz qalıblar.
Dekabr ayının 15-nə olan məlumata görə 136 413 hektar pambıq sahəsindən 202 012 min ton pambıq əldə olunub. Bu o deməkdir ki, indiyi kimi ölkə üzrə hər hektardan 14,8 sentner məhsul yığılıb. Bu göstərici ən yaxşı halda ilin sonuna qədər 0,01-0,02 sentner arta bilər. Lakin bu ümumi göstəricilərə nəzərə çarpmayacaq dərəcədə təsir göstərə bilər. Artıq qeyd etmək olar ki, keçən illə müqayisədə bu il hər hektardan 250 kiloqram az pambıq əldə olunub. Baxmayaraq ki, 2016-cı ilin istehsal göstəricisi son 5 ilin ən aşağı göstəricisi idi. Misal üçün, 2012-ci ildə hər hektardan 19,5 sentner, yəni indikindən 4,7 sentner artıq məhsul əldə olunmuşdur. Bu il məhsulun az, alış qiymətinin ucuz olması on minlərlə kəndlilərin müflis olmasına səbəb olmuşdur. Qeyd etməliyəm ki, yüksək keyfiyyətli pambığın 1 kiloqramının alış qiyməti 50 qəpik müəyyən edilmişdir. Halbuki qonşu İranda və Türkiyədə
pambığın alış qiyməti Azərbaycandakından 3 dəfə bahadır.
Bu il pambığın becərmə xərci ümumi ölkə üzrə hər hektar üçün 830 manat təşkil edib. Bunu nəzərə alsaq, çəkilən xərcin ödənilməsi üçün fermer, kəndli emal müəsisəsinə hektardan 1 ton 660 kiloqram məhsul təhvil verilməli idi. Lakin bu qədər məhsul əldə etmək mümkün olmayıb. Orta hesabla hər hektardan 1 ton 480 kiloqram pambıq yığılıb. Çatışmayan fərq 180 kiloqram pambıq və yaxud nağd pul ekvivalentində 90 manat təşkil edib. Beləliklə fermerlər, kəndlilər orta hesabla hər hektardan 90 manat zərərə məruz qalıblar. Bu da ölkə üzrə 12 milyon 277 min 170 manat təşkil edir.
Oxunub: 226