Siyasi baxımdan heçləşən, mənasını və mahiyyətini itirən idarəçiliyin gərəksiz durumu, acınacaqlı vəziyyəti faktdır. Səbəbi bu hakimiyyətin ruhunda həqiqət və gerçəkliyin olmamasıdır. Ölkəmizə bir qədər uzaqdan baxdıqda, görərik ki, Respublikadan daha çox teatrı xatırladır. İdarəçilik məğlub edilməz, yenilməz rolunun ifaçısı, vətəndaşlar da tamaşaçı rolunda. Tamaşanı həqiqi həyat kimi qəbul edən sadəlövhlər də var, bunun tamaşa olduğunu bilənlər də var. Biz belə bir həyat yaşayırıq. Hələ də hakimiyyət gerçəkliyə söykənməyən “tamaşalarını” oynayır. Hələ də öz yalanlarından vəcdə gəlir. Teatr adlı məkanda idarəçilikdə təmsil olunmaq nə qədər bədbəxtlikdirsə, tamaşaçı qismində olmaq da faciədir. Axı yüz belə tamaşalar Azərbaycan cəmiyyətinin bir problemini həll etmək qüdrətində deyil. Siyasətdə bacarıqsızlığını başa düşən idarəçilik Respublikamızı məzmunca siyasi hərəkatlılığından qoparıb ona mahiyyətcə idman hərəkatçılığı verib. Və bu hərəkatçılıqda hakimiyyətin “uğurlarının” görünməsi üçün idman federasiyalarında və komitələrində vəzifələri mənimsəyərək birinci şəxsə çevrilmişlər. Və elə hesab edirlər ki, uğursuzlqlarını Xalqdan gizlətmiş olurlar, çünki, hər hansı bir idman qələbəsində iqtidar özünü “uğuruyla” yada salır. İdman hara, hakimiyyətlilik hara ! İdman tarix yaratmır axı ! ABŞ prezidentləri C. Karter, eləcə də R. Reyqanın hakimiyəti zamanında o cəmiyyətin idman uğurları haqda təsəvvürüm belə yoxdur. Yəqin ki, bu, mənə qınaq gətirməz. Çünki, hər bir dövlət siyasi uğurlarıyla, iqtisadi, hüquqi, elmi sahədəki irəliləyişləriylə digər ölkələrlə müqayisə edilir. İdarəçilik çox bəsitdir. Bu komanda elə bu gün Futbol Federasiyasını futbol nazirliyinə, Qılınc oynatma Federasiyasını Qılınc oynatma nazirliyinə çevirsə və təsəvvür etsə ki, belə düzgündür, mənə təəccüblü gəlməz. Eləcə də bu gün Vergilər nazirliyini Vergi oynatma Federasiyası adlandırmış olsalar yenə də mənə təəccüblü gəlməz. Çünki, hər kəs düşünəcəyi yerə qədərdir. Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti üçün komanda əhəmiyyətini itirib. Komanda özünü cəmiyyətdən uzaq salıb, Xalqın Konstitusion hüquqlarını pozmaqla,primitivliyi ilə və sairlə. Uğursuzluqlarımız isə davam edir. Hətta ictimai-siyasi həyatımız tarixçə də deyil, o da qalmışdı tarix ola.(mən fikirlərimdə səmimiyəm) Azərbaycan xalqının tarixini yaza bilməyən hakimiyyət onun gündəliyini yazır. Deməli, Azərbaycan bu gün ömür tarixini yox, ömür gündəliyini yaşayır. İlluziyalarla dövlət qurulmaz. İlluziyalarla yaşamaq mümkünsüzdür. Bir Xalq kimi uşaqlığımız nağıllarda, böyük vaxtlarımız da illuziyalarda keçir.(urra, biz lider dövlətik.illuziya deyilmi? ) Vaxtı ilə bu idarəçilik niyyətinə çatmaq üçün İ.Əliyevdən illuziya kimi istifadə etdi. Düzdür, hakimiyyət istəyinə çatsa da Xalq İ.Əliyevin “rəhbərliyi” ilə siyasi istək və arzularına çata bilmədi. Bu gün həmin hakimiyyət 1-2 naziri “qurban” verməklə, indi də istəyinə çatmaq üçün 1-ci vitse prezidentdən illuziya kimi istifadə etmək niyyətindədir. İnanmayın, yoxsa yenə də aldanacağıq. Onsuz da ölkəni 10 ildir 1-ci vitse prezident idarə edir. Hakimiyyət yenilənməlidir. Tarix ilə tarixçəni, tarix ilə gündəliyi dəyişik salmayan, onların fərqinə varan, cəmiyyəti düşüncə baxımdan məhəlləlikdən alıb xalqlılığına qaytaran təfəkkürlü hakimiyyət ! Azərbaycan xalqını mütərəqqi xalqların önünə çıxaran bir idarəçilik ! Azərbaycanı alqı- satqı predmetindən qoparan, ona dövlət, ona Respublika görkəmi verən bir idarəçilik ! Var ikən heç olan, heç ikən var kimi görsənən idarəçiliyə yox deyək ! Mütləq, yox!
Oxunub: 740