Azərbaycan Respublikasının bütün sahələrdə böhran “dənizinin” ən dərin yerində üzməsi danılmaz faktdır. Bu böhrandan çıxmağımız üçünsə, təbii ki, mövcud iqtidar siyasi həyatdan getməlidir. Çünki, sivil sabahımız, sivil gələcəyimiz üçün hakimiyyət maneə, maneə, yenə də maneədir. İdarəçilikdə formasızlıq, məzmunsuzluq siyasi baxımdan Ölkəni təbii axarından qoparıb. Nəticədə, Vətən, Vətəndaşlıq öz mahiyyətini itirib. Cəmiyyət “gərəkli” və “gərəksiz” insanlara bölünüb. Guya “gərəksizlər” “gərəkli” olmadıqlarına görə rəzil gündə yaşamağı haqq etmişlər. Və onlar barəsində düşünməyə dəyməz. Bu xəstə təxəyyüllə insanları lazımlı və təsadüfi adamlara ayırmaq cəmiyyətin vahid olan orqanizmini parçalayır, onda yaralar açır. Bunun nəticəsi kimi, Respublika- sərhədləri hüdudlarında cəmiyyətin təşkilsizliyinin, Xalq olaraq isə bütövsüzlüyünün qurbanına çevrilir. Hakimiyyətin məmur dəyişikliyi idarəçiliyə yenilik gətirməsi deyil. Yenilik tam başqa məzmundur. Bacarıqsız kadrlardan ibarət olan iqtidarın nə yaxın, nə uzaq məsafəli məqsədləri yox .(dövlətçilik baxımından deyirəm) Deməli, hakimiyyətin uğursuzluğu məqsədsizliyindədir. Mənim üçün çox qəribədir, görəsən, idarəçilikdə təmsil olunan böyük və ya kiçik məmurlardan biri, heç olmasa, bir dövlətşünasın, bir politoloqun kitabını oxuyublarmı ? Oxuyublarsa, o kitablardan bir cümlə, bir kəlmə, bir söz deyə bilərlərmi? İnanmıram. Axı, kimlərinsə “adamı” olmaq, kimlərləsə qohumlaşmaq, qudalaşmaq idarəçilikdə təmsil olunmağa kifayət edir. Məhz bu baxımdan da bizdə qanun, qayda, ədalət ailə hakimiyyətinin elə özüdür. İdarəçilikdə üsulsuzluq, istiqamətsizlik cəmiyyəti yeni-yeni problemlərlə üz-üzə qoyur. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə istəyinə nail olmaq bu hakimiyyətin gücü daxilində deyil. Xarici siyasətdə uğursuzluq məngənəsində olduğumuz kimi, daxili həyatda da seçgi sisteminin, iqtisadi proseslərin, siyasi münasibətlərin məhv olmasına şahidlik etməkdəyik. Bu gün MM Qanunların qorunduğu muzey kimi fəaliyyət göstərir desəm, məni haqsızlıqda, yəqin ki. qınayan tapılmaz. Çünki, o qanunlar MM-in pilləkənlərindən enmir. Deputatlar o qanunları cəmiyyətə “daşımır”. O qanunlar da Konstitusiyamızın günündədir. Sadəcə, adı var. Xarici ölkələrdə hakimiyyətin özünü təbliğınə, özünü tərifinə xərclənən pulları , məsələn, çörək tapmaq ümidiylə zibil qutusunu axtaran insanlara xərcləyə bilməzsinizmi? Xərclədiklərinizin lobbiçiliyə nə aidiyyatı var? Bu, bir həqiqətdir ki, Respublikada hakimiyyət bölgüsü deyilən bir şey yoxdur. İqtidarın idarəçilik təsəvvürsüzlüyü nəticəsində siyasi sistem “buxarlanmış”, “ərinmiş” durumdadır. Nəticədə, Azərbaycan dövlətsizləşib, hakimiyyətsizləşib. İnsanlar vətəndaşlıqlarını itirib. Ölkədə hamı, sadəcə, fərddir. Fərdlər isə hamı. Deməli, bu gün biz Sadəcə, hamıyıq. Hakimiyyət isə cəmiyyəti , “bəh-bəhlə” guya ki, gələcəyinə aparır, əgər, hakimiyyət demək mümkündürsə
Oxunub: 154