Rusiyanı Avropa Şurası Parlament Assambleyasına bərpa etmək hüququn aliliyinə zərbə riski yaradır. Bunu “The Financial Times” qəzetində müstəqil təhlilçi Willem Aldershoff və Université Libre de Bruxelles-də Avropa hüququ üzrə fəxri professor Michel Waelbroeck yazırlar.
Müəlliflər Avropa Şurasının 1949-cu ildən bəri Avropa qitəsində insan haqları, demokratiya və hüququn aliliyini təbliğ etdiyini vurğulayırlar. Və şuranın əsas uğurlarından biri kimi Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) yaradılmasına qeyd edirlər, bu qurum öz ölkələrində ədalətsizliklə üzləşmiş vətəndaşların hüquqlarını bərpa etməyə çalışır.
AZƏRBAYCAN VƏ RUSİYA ÖRNƏYİ
“1991-ci ildə Sovet İttifaqı dağılandan sonrakı genişlənmə yeni üzvlərin demokratik təcrübəsinin yoxluğu səbəbindən riskli sayılırdı. Ancaq yenə də çoxları ümid edirdi ki, üzvlük onları demokratiya yolunda addımlamağa həvəsləndirəcək.
Amma Azərbaycan və Rusiyayla bağlı təcrübə heç xoş olmayıb.
Bu gün Azərbaycan irsən keçmiş diktatura, Rusiya isə getdikcə daha da avtoritarlaşan bir ölkədir. Hər ikisi ölkəiçi siyasətin, demək olar, hər bir sahəsində qurumun fundamental prinsiplərinə sayqısızlıq sərgiləyir. Rusiyanın 2015-ci ildə qəbul etdiyi qanun Konstitusiya Məhkəməsinə imkan verir ki, AHİM-in qərarlarını Rusiyada hüquqi baxımdan qüvvəsiz saysın.
Di gəl, hər iki ölkə özlərini tam demokratik kimi təqdim edir, Avropa Şurası üzvlüyünü saxlamağa çalışırlar”, – müəlliflər yazır.
Daha sonra məqalədə Azərbaycanın AŞPA üzvlərinə rüşvət verməsinə dair iddialar yada salınır.
AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt-un rusiyalı siyasətçilərlə sıx münasibətləri, Rusiyanın təşkilatçılığı Suriyaya səfəri üzündən sonucda istefa verdiyi vurğulanır.
Rusiyanın 2014-cü ildə Ukraynanın Krım vilayətini tutması onun AŞPA-da səsvermə hüququnun alınmasına gətirdi. Amma Moskva ötən ilin ortasından AŞPA-a yenidən qəbul olunmağa maraq göstərir.
JAGLAND-IN MÖVQEYİ
Müəlliflər bu məqamda Avropa Şurasının baş katibi Thorborn Jagland-ın mövqeyinin narahatlıq doğurduğunu qeyd edirlər. Çünki onun fikrincə, Rusiyanın 140 milyon vətəndaşını AHİM-in qorumasından məhrum etmək yanlış olardı.
“Cənab Jagland yaddan çıxarır ki, Rusiya özü bu qorumanı ləğv edib. 2015-ci ilin dekabrında qərar verib ki, AHİM-in qərarlarının Rusiyada icra olunmasına Rusiya Konstitusiya Məhkəməsi qərar verə bilər. Bu, AHİM-in yaradılmasına dair sazişin kobud pozuntusudur.
Durum aydındır: Rusiya Krım və Ukraynanın şərqində durumu kökündən dəyişməyincə, rusiyalı parlamentarilərin AŞPA-da səsvermə hüququ bərpa olunmamalıdır. Rusiyanın əsgərləri hər iki regionda qalmaqdadır…
2014-cü il qətnaməsiylə AŞPA Avropa vətəndaşlarına göstərdi ki, insan haqları, demokratiya və hüququn aliliyini qorumaq missiyasına ciddi yanaşır.
Qurum bu qərarına sadiq qalmalıdır. Əks halda, Avropanın fundamental dəyərlərinin çempionu kimi etibarını itirər, hüququn aliliyinin, sıravi vətəndaşların hüquqi qorumasının tədrici aşınma riskini artırar, qanunsuz yollarla sərvət və nüfuz yığanları dəstəkləmiş olar”, – müəlliflər yazır.
Oxunub: 1190