Artıq velosipedçilər buraxılsa da, velosipedlər hələ də cərimə meydançasında saxlanılıb. Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “facebook” hesabında məlumat verib. Onun sözlərinə görə, polis cərimə meydançasında saxlanılan velosipedlərin təhlükəsizliyinə zəmanət vermir:
“Velosipedlər aktlaşdırılaraq cərimə meydançasında saxlanıldı, velosipedçilər isə yola salındı. Gülməli burasıdı ki, velosipedlərin təhlükəsizliyinə zəmanət verilmir”.
***
Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu haqda Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev sosial şəbəkədə məlumat verib.
O bildirib ki, onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb:
“Məlumat üçün bildirmək istəyirəm ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər.
Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir baş verir. Bilmirsən güləsən, yoxsa ağlayasan?”, – deyə P.Musayev yazıb.
Pərviz Musayev haqlıdır, velosipedçilər qayda pozmayıb, “qaydanı” onların prezidenti pozub. Bildiyiniz kimi, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti keçmiş nazir Fazil Məmmədovdur – Vergilərin keçmiş rəhbəri. İndi onun əlində səlahiyyət yoxdur, əmlakıyla bağlı araşdırmaların getdiyi deyilir. Hakimiyyət komandasında vurulan şəxslərə qarşı həmişə belə münasibət olub. Əslində, onun federasiyadan getməsinə hazırlıq hələ nazir olduğu çağlarda başlamışdı. Sahib Ələkbərov əvvəlcə ona Vergilər Nazirliyinə müavin göndərildi, sonra Velosiped İdmanı Federasiyasında Fazil Məmmədovun I müavini oldu. Yavaş-yavaş yerini göstərirdilər. Ola bilsin nazir postunun əlindən çıxmasıyla barışsa da, Fazil müəllim federasiyada qalmaq istəyib. Bu gün ona cavabı YPX vasitəsilə veriblər. Yəqin nəticə çıxarar…
Oxunub: 732