Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb – ona ittiham olunduğu maddələrdən biri ilə bəraət verilib, o biri ilə isə 6 il həbs cəzası kəsilib.
Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.
Hökmdən öncə prokuror çıxış edib. Prokuror Nail Allahverdiyevə CM-nin 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə verilmiş ittihamdan imtina edib. Deyib ki, bu ittiham məhkəmə araşdırmasında təsdiqini tapmadı. Onun sözlərinə görə, Allahverdiyevin özü də qəzada xəsarət alıb və özündə olmayıb. Belə vəziyyətdə onun digər zərərçəkmişlərə kömək etmək imkanı olmayıb.
Prokuror Allahverdiyevin CM-nin 263.3 (iki və daha çox şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilinib, 7 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin onun üç il də sürücülük hüququndan məhrum edilməsini təklif edib.
Ardınca qəza zamanı Nail Allahverdiyevin maşınında olmuş və dünyasını dəyişmiş 31 yaşlı Mehdi Əliyevin xanımı və atası danışıb. Onlar təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər, yüngül cəza verilməsini istəyiblər.
Mərhumun atası jurnalistlərdən gileylənib. Deyib ki, Allahverdiyevin yaxınlarının onların ailəsinə böyük pullar, ev və s. verməsi haqda yayılan məlumatlar doğru deyil. Bununla belə, təsdiqləyib ki, təqsirləndirilənin yaxınları hadisədən sonra onun qızını işə düzəldiblər.
Elə 23 yaşlı Allahverdiyevin özü də son sözündə deyib ki, zərərçəkmişlərə dəymiş ziyan maddi baxımdan tam ödənilib. O, istintaq və məhkəmə araşdırmalarından narazılıq edib. Deyib ki, Mehdi Əsədov bəlkə də qəza baş verməmişdən öncə ürək tutmasından dünyasını dəyişmişdi: “Ekspertiza keçirib müəyyənləşdirmədilər ki, o, hadisədən əvvəl keçinmişdi, yoxsa qəzadan sonra. Mən hesab edirəm ki, o, qəzadan ölməyib. Çünki qəzadan əvvəl Mehdini çağıranda o, artıq özündə deyildi”.
Təqsirləndirilən şəxs həmçinin avtotexniki ekspertiza keçirilməməsindən də şikayətlənib. Deyib ki, idarə etdiyi maşının təkəri partlayıb, onun avtomobili saxlamaq imkanı olmayıb. Amma bu məsələ araşdırılmayıb.
Nail Allahverdiyev çıxışının sonunda məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.
Qısa müşavirədən sonra hakimlər hökmü elan edib.
Oxunub: 838