Prezident İlham Əliyev Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikləri imzalayıb. Yeniliklərdən biri həbs qətimkan tədbirini məhdudlaşdırır. Qanun dəyişikliyinə əsasən, həbs qətimkan tədbiri yalnız 2 ildən artıq müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətdə ittiham olunan şəxs; cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə 2 ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətdə ittiham olunan şəxs; əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş şəxs barədə seçilə bilər.
Dövlət başçısı Cəzaların İcrası Məcəlləsində yenilikləri də imzalayıb. Qanun probasiya nəzarətini rəsmiləşdirir. Probasiya nəzarəti azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə ictimai işlər növündə, Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma növündə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəza çəkən şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.
Probasiya nəzarəti bu şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış şəxslər; alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər.
Ötən ay prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklikləri də imzalayıb. Yeniliklər azadlıqdan məhrumetmə sanksiyalarının azaldılmasını, alternativ cəzaların tətbiqini də nəzərdə tutur, bəzi əməllər dekriminallaşdırılır.
Sənədə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə dövlət hesabına stasionar müalicəyə cəlb olunacaq, sağalanda və tibbi xarakterli qərarlar ləğv olunanda cinayət məsuliyyətindən azad ediləcək.
Cinayət Məcəlləsinə dəyişikliklərə cəzaların icrası və qətimkan tədbirləri zamanı elektron nəzarət vasitələrinin tətbiq olunması, alternativ cəza tətbiqinin genişləndirilməsi, iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumluq institutlarının daha geniş tətbiq edilməsi məsələləri daxildir.
Məcəllənin 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni bənd əlavə olunub. Həmin bəndə əsasən, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınacaq.
57-ci maddədə yeniliyə görə, məhkəmə ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun ən azı 25 il həbsdə olduğunu, cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq azadlıqdan məhrumetməni 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Qanun azadlığın məhdudlaşdırılması adlı yeni cəzanı rəsmiləşdirir. Bu cəza məhkumun yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə bu tələblər qoyulur: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.
Məhkəmə məhkum üçün bu vəzifələri müəyyən edə bilər: kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək.
Azadlığın məhdudlaşdırılması cəzasının şamil olunacağı cinayət əməlləri siyahısında ananın yeni doğduğu uşağı qəsdən öldürməsi; qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə; ehtiyatsızlıqdan adam öldürmə; adam oğurluğu; böhtan cinayətləri də var.
Qaçaqmalçılıq; xuliqanlıq; yanğın təhlükəsizliyi qaydalarını pozma; qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə kimi əməllərə də azadlığın məhdudlaşdırılması cəzaları verilə bilər. (Novator.az)
Oxunub: 394