Prokurorun 19 il iş istədiyi qatilə hakim 5 il cəza verib
Dekabrın 14-ü Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şair Fikrət Qocanın oğlu Yalçının qatillərinə hökm oxunub. Təqsirləndirilən şəxslərdən Elnur Nəhmədov 5 il, Ruslan Məmmədov 2 il 6 ay, Pərviz Hüseynov 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan bir ay qabaq, noyabrın 13-ü dövlət ittihamçısı Elnur Nəhmədovun 19 il, Ruslan Məmmədovun 4 il, Pərviz Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Yalçın Qocayev 2017-ci il martın 11-i saat 2 radələrində öldürülüb. Daxili İşlər Nazirliyinin martın 14-də yaydığı məlumatda deyilir ki, hadisə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında baş verib. Yalçın Qocayevlə tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovun arasında mübahisə düşüb. Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə zərbə yetirilib və o, hadisə yerində ölüb.
İstintaq Yalçın Qocayevi Elnur Nəhmədovun döyüb öldürdüyünü bildirirdi. İstintaq onu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edirdi. Məhkəmə isə Elnur Nəhmədovu da Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib(novator.az).
Oxunub: 12