Milli Şura hakimiyyətin repressiv addımları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Ötən həftə Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində Fərhad Mürsəlov adlı dustağın döyülərək öldürülməsi haqda məlumat yayıldı. Ölüm faktının özü rəsmən təsdiqlənsə də, səbəb kimi dustağın ürək çatışmazlığından vəfat etdiyi göstərildi.
Milli Şura rəsmi orqanların belə hallarda adətən həqiqəti gizlətməyə çalışdığını nəzərə alaraq, dustağın ürək çatışmazlığından vəfat etdiyinə şübhəylə yanaşır. Milli Şura son illərdə cəzaçəkmə müəssisələrində (və başqa saxlanma yerlərində) saxlanılanlara qarşı işgəncə və zorakılıq hallarının tez-tez təkrarlandığını, siyasi məhbus Mehman Qələndərovun həbsxanada müəmmalı şəkildə ölməsini və ya öldürülməsini, onun ölümünə görə məsuliyyət daşımalı olan vəzifəli şəxslərin cəzadan yayındırıldığını nəzərə alaraq, F.Mürsəlovun məhz zorakılıq nəticəsində vəfat edə biləcəyini, ürək çatışmazlığı izahatının məsuliyyətdən qaçmaq üçün düşünüldüyünü qəbul edir. Üstəlik eyni cəzaçəkmə müəssisəsində saxlanılan “heykəl məhbusu” Bayram Məmmədov 30 gün müddətinə “karsa” salınıb və yaxınları onun məhz dustağın öldürülməsinə etiraz etdiyi üçün cəzalandırıldığını bildirir. Milli Şura bundan əvvəl də bir neçə dustağın müxtəlif saxlanma yerlərində müəmmalı şəkildə öldüyünü xatırladaraq tələb edir ki, işgəncə ilə öldürmə hallarının ört-basdır edilməsi praktikasına son qoyulsun! Milli Şura bu ölüm faktına görə hərtərəfli, dürüst və şəffaf araşdırma aparılmasını və günahkarların layiqli şəkildə cəzalandırılmasını tələb edir.
Milli Şura “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova qarşı rejimin açıq qisas əməliyyatlarından narahatlığını ifadə edir. Heç bir cinayət törətməyən, sadəcə indiki prezidentin atasının abidəsi üzərinə etiraz şüarı yazdıqları üçün 10 il müddətinə azadlıqdan məhrum edilən bu gənclərdən hələ də qisas almağa davam edirlər. Qiyas İbrahimov yenidən və bu dəfə atası ilə birlikdə məhkəməyə çəkilib və tamamilə absurd ittihamla onlara cəza verilib. 10 il müddətinə azadlıqdan məhrum edilmiş Qiyas İbrahimovun cəzası daha 3 ay müddətinə artırılmışdır. Bayram Məmmədov isə həbsxanada növbəti dəfə, həm də 30 gün müddətinə cərimə kamerasına (“karsa”) salınıb. Belə görünür ki, həbsxanada bayram Məmmədovun həyatına real təhlükə yaranıb. Milli Şura bu iki gəncə qarşı dövlət səviyyədində aparılan qisasçılıq əməliyyatlarının dərhal dayandırılmasını və onların azad olunmasını tələb edir.
Milli Şura AXCP lideri Əli Kərimlinin qohumlarına qarşı repressiyasnın davam etməsini qətiyyətlə pisləyir və bunu həm də Əli Kərimlinin özünə təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirir. Artıq 6 ildir ki, AXCP sədrinin qaynı Elnur Seyidov günahsız halda həbsdə saxlanılır. Rejim Əli Kərimlidən qisas almaq üçün ağır xəstəlikdən əziyyət çəkən günahsız bir şəxsi illərdir girov saxlamağı özünə rəva bilir. İndi də Əli Kərimlinin bacanağı Rauf Hüseynovu İnterpol vasitəsilə həbs edib ölkəyə gətirmək istəyirlər. Rauf Hüseynov Azərbaycanda AXCP-nin faəl üzvlərindən biri kimi tanınıb və fəaliyyət göstərib, Milli Şuranın mitinqlərində texniki təchizat işlərilə məşğul olub və həbs olunacağını hiss edərək Avropaya mühacirətə gedib. Baş Prokurorluq isə onu, nə qədər qeyri-ciddi səslənsə də, saxtakarlıq edərək, mühacirətə qanunsuz getməkdə suçlayır və cinayət işi açaraq, İnterpol xətti ilə beynəlxalq axtarışa verib. Milli Şura bəyan edir ki, hakimiyyətin bu hərəkəti açıq-aşkar AXCP sədrindən yaxın qohumları vasitəsilə qisas almaq cəhdidir.
Milli Şura “Kanal-13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun qurama ittihamla 6 il həbs cəzasına məhkum edilməsini də hiddətlə qarşılayır. Milli Şura bildirir ki, hakimiyyət bununla ondan asılı olmayan media qurumlarına qarşı müharibəni davam etdirdiyini göstərir. “Kanal-13” heç də müxalifətçi media qurumu deyil. Lakin buna baxmayaraq, hakimiyyət bu kanalın özünü nisbətən müstəqil hiss etməsini də həzm edə bilmədi və icraçı direktorunu uzun müddətə həbs etməklə onu cəzalandırdı. Milli Şura təəssüf edir ki, çoxsaylı çağırışlara baxmayaraq Bakı Apellyasiya məhkəməsi tanınmış bloqçu Mehman Hüseynovun haqqında çıxarılmış əsasız ittiham hökmünü dəyişdirilmədən saxlayıb. Milli Şura hakim rejimin azad mətbuat təmsilçilərinə qarşı davam etdirdiyi repressiyanı qəti şəkildə pisləyir.
Milli Şura narahatlıqla bəyan edir ki, Azərbaycan hakimiyyəti klassik avtoritar idarəçiliyi daha da sərtləşdirərək, diktatura rejiminə keçid xətti götürüb. Qanunvericiliyin daha mürtəce hala salınması (o cümlədən Silahlı Qüvvələrə daxili siyasi proseslərə qarışmaq səlahiyyətinin verilməsi, polis və prokurorluğun səlahiyyətlərinin artırılması), vəkillik institutunun hədəf alınaraq sıradan çıxarılması, azad media imkanlarının, insan hüquq və azadlıqlarının daha da məhdudlaşdırılması, siyasi həbslərin davam etməsi, siyasi məhbuslara qarşı qəddarlığın artması və s. məhz bu siyasətə xidmət edir.
Milli Şura bəyan edir ki, hakimiyyətin bu siyasəti dövlətin və xalqın taleyinə çox ağır zərbə vurmaqla, onun özünə də hər hansı yaxşı perspektiv vəd etmir. Təəssüf ki, Azərbaycan rəhbərliyi reallıq və məsuliyyət hissini itirib, çağdaş dövrün tələblərini görə bilmək bir yana, heç tarixdən ibrət də götürə bilmir. Buna görə də Milli Şura Azərbaycan hakimiyyətini bu fəlakət vəd edən yoldan saxlamaq üçün beynəlxalq birliyə və ölkə ictimaiyyətinə mürəacitə edir. Beynəlxalq birlik ümumi demokratik dəyərlər, eləcə də Azərbaycan xalqı qarşısında öhdəliklərinə uyğun olaraq, İlham Əliyev hakimiyyətinin cəmiyyətə divan tutmasını, ölkədə klassik diktatura qurmasını durdurmaq üçün bütün təsirli mexanizmləri işə salmalıdır. Azərbaycan cəmiyyəti də baş verənlərin mahiyyətini aydın dərk etməli, hakimiyyətin bu təhlükəli siyasətinə qarşı hamılıqla səfərbər olmalıdır.
Oxunub: 992