Sərxoş sürücünü təqib edən YPX serjantı hamilə qadının mənzilinə basqın edib
Gəncə şəhəri, 4-cü mikrorayon ərazisində çox nadir hallarda rast gəlinən olay yaşanıb. Hadisə ötən ay baş verib. Sakinlərin sözlərinə görə, gecə saat 23 radələrində Yol Patrul Xidməti (YPX) əməkdaşları bir sürücünü 4-cü mikrorayon ərazisindəki yaşayış binasınadək təqib ediblər. Təqib olunan sürücünün arxasınca 12 saylı binaya daxil olan polislər bir neçə mənzilin qapısını döyüb evlərdə axtarış aparmaq istəyiblər. Sakinlərdən Aytən Əliyeva qapını polis serjantına açarkən zorakılığa məruz qalıb. YPX əməkdaşı icazəsiz onun mənzilinə daxil olaraq evdə axtarış aparıb.
Aytən Əliyevanın dediklərindən: “Gecə saat 23 radələrində qapı döyülməyə başladı. Evdə uşaqla tək idim. Qapını mənə tərəf itələyərdilər. İki nəfər polis əməkdaşıydı. Serjant məni əli ilə itələyərək mənzilə daxil oldu. Onu bayıra çıxartdım. Üstlərinə qışqırdım. Dedim, siz kimsiniz ki, icazəm olmadan evimə girirsiniz? Cavab verdilər ki, xanım, biz bir nəfəri axtarırıq, ona görə evinizdə axtarış aparmalıyıq. Həyat yoldaşımın evdə olmadığını deyib axtarış aparmalarına icazə vermədim. Bərk qorxub həyəcan keçirtmişdim. Bundan sonra onlar yuxarı mərtəbəyə qalxdılar. Bir neçə dəqiqə sonra tanımadığım bir nəfəri qollarından tutub tələsik aşağı düşürtdüklərini gördüm. Binanın qarşısında YPX avtomobili dayanmışdı. Polislər həmin adamı zorla avtomobilə əyləşdirmək istəyirdilər. Qapısı döyülən qonşular da binanın həyətindəydi”.
A.Əliyevanın sözlərinə görə, qonşusu Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş vermiş hadisəylə əlaqədar geniş məlumat verdiyi üçün o buna ehtiyac duymayıb: “Hamı eyni situasiyayla qarşılaşmışdı. Mən hərbçi ailəsiyəm. Altı aylıq hamiləyəm. Bir oğlum var. Aprel döyüşləri zamanı Qazax rayonunun cəbhə bölgəsində yaşamışıq. Qəlpə yarası alıb əməliyyat olunmuşam. Aprel döyüşləri zamanı yetərincə qorxu, stress altında yaşamışam. O səbəbdən uşağımda qorxudan talassemiya xəstəliyi var. Şəhid bacısıyam. Nəyə görə polislər gecə vaxtı məni narahat etməli, özbaşınalıq edib həyatımızı təhlükə altına atmalıdır? Mənim icazəm olmadan polis niyə evimə girməli, məni qorxutmalı, zorakılığa məruz qoymalıdır? Onlar məni itələyən zaman yıxıla bilərdim, bətnimdəki uşaq tələf ola bilərdi”.
Hadisə şahidi Nəriman Quliyevin dediklərindən: “Evə tərəf gedirdim. Bir nəfər mənim qabağımla qaçır, arxasınca da yüksək sürətlə YPX maşını şütüyürdü. Mən binaya çatanda YPX avtomobili blokumuzun qarşısnda dayanmışdı. Bir az öncə qabağımla qaçan həmin adamı polislər avtomobilə tərəf gətirirdilər. O, avtomobilə əyləşmək istəmirdi. Qonşular da həyətdə idi. Nə baş verdiyini soruşdum. Polislərin qapıları döyərək evlərdə axtarış apardıqlarını o zaman öyrəndim”.
“Yeni Azərbaycanın səsi” qəzetinin baş redaktoru Hafiz Yusifovun sözlərinə görə, hadisə vaxtı qardaşıgildə olub: “Saat 23 radələrində qapı yumruqla döyüldü. Kim olduğunu soruşdum. Bildirdilər ki, polisdirlər, evdə axtarış aparmalıdırlar. Gözlükdən baxdım. Qapıda polis formasında iki nəfər dayanmışdı. Qapı gec açıldı. Bu vaxt polislər tələsik aşağı düşdülər. Onların gəlişinin səbəbini öyrənmək üçün həyətə düşdüm. İkinci mərtəbədə yaşayan qonşu da əsəbi vəziyyətdə şikayətlənirdi. O zaman bildim ki, polis onu itələyərək icazəsiz mənzilinə girib, axtarış aparıb”.
H.Yusifovun dediklərinə görə, YPX əməkdaşları bir nəfəri zorla xidməti avtomobilə əyləşdirmək istəyirdilər: “Belə başa düşdüm ki, polislər evlərdə axtardıqları adamı blokda tapıblar. Polislərə yaxınlaşıb gecə vaxtı nə üçün qapıları döydüklərini, bunun üşün əllərində hər hansı bir əsasın olub-olmadığını soruşdum. Cavab verdilər ki, biz qapı döyməmişik, get burdan. Həmin binada yaşadığımı, jurnalist olduğumu deyib özümü təqdim etdim və sualı təkrar verdim. Əlavə olaraq soruşdum ki, nəyə görə vətəndaşa zor tətbiq edərək avtomobilə əyləşdirmək istəyirsiniz? Dedilər ki, qanunu pozub, spirtli içki içib. Dedim, qaydanı pozubsa cəriməsini yazın. Axı sizin hər kəsin gözü önündə zorakılıq etməyiniz insanlarda polisə qarşı aqressivlik yaradır”.
H.Yusifov bildirir ki, şahid olduğu özbaşınalıqlarla bağlı DİN-in “102” xidmətini məlumatlandırıb: “Şikayətimin qeydə alındığını dedikdən bir neçə dəqiqə sonra 99 YP 221 dövlət nişanlı YPX avtomobilinin serjantı hamının gözü qarşısında məni hədələyərək “başının ağrımağını istəmirsənsə get, evində rahat yat” dedi. Serjantın bu hədəsindən sonra təkrar “102” xidmətinə zəng etdim. Bu dəfə də şikayətimin qeydə alındığını bildirdilər”. Az sonra binanın qarşısına daha 2 YPX avtomobili gəldi. Təxminən gecə saat 00:30 radələrində YPX əməkdaşları vətəndaşı xidməti avtomobilə əyləşdirib getdilər”.
H.Yusifovun sözlərinə görə, hadisədən bir neçə gün sonra Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunub: “Aidiyyatı üzrə işi araşdıran, mayor Rövşən Mürşüdov “102” xidmətindən daxil olan bildirişi mənə göstərib hadisəylə bağlı izahat verməyimi istədi. Bildirişdə mənim “102” xəttinə bir dəfə və bir hala görə şikayət etdiyim yazılmışdı. R.Mürşüdova bildirdim ki, “102”-yə 2 dəfə şikayət etmişəm, amma bildirişdə bir dəfə şikayət etdiyim yazılıb: “Əgər mənim şikayətim olduğu kimi qeyd edilməyibsə, siz araşdırmanı necə doğru-düzgün aparacaqsınız?” Cavab verdi ki, “102” xidmətindən bizə daxil olan şikayətin mövzusu bu şəkildədir.
Baş verənləri olduğu kimi mayor R.Mürşüdova danışdım. R.Mürşüdov yekunda mənə bunları söylədi: “Hər bir vətəndaş polisin işinə dəstək verməlidir. Əsas məsələ, əgər sürücü sərxoşdursa və polisdən qaçırsa, səhəri gün onu cərimə etmək çətin olar. Bu səbəbdən də sürücü sərxoş olduqda, YPX əməkdaşları sürücünü təqib edə bilər. Qaldı ki, YPX əməkdaşları tərəfindən mənzillərdə axtarış aparılma tələbləri, hamilə qadına qarşı zor tətbiq edərək mənzilinə icazəsiz daxil olma, jurnalistin hədələnməsi və təqib edilən sürücünün qollarının bir saat burulu vəziyyətdə saxlanılması haqda siz şikayətinizi etmisiniz. Hələ görək polislər buna nə deyəcəklər. Onların deyəcəklərindən çox şey asılıdır”.
H.Yusifov deyir ki, polis mayorunun bu sözləri qarşısında çaşıb qalıb: “Rövşən Mürşüdovun məntiqiylə hər bir vətəndaş polisin adını eşidəndə evinin qapılarını taybatay açmalıdır ki, onlar istədiyi kimi evlərə girib-çıxsın, axtarış apara bilsin. Polislər qayda pozanın cərimələnməsi üçün günahı olmayan şəxsə qarşı zor tətbiq edə bilə, istədikləri şəkildə qanunu poza bilərlər”.
Baş vermiş hadisəyə münasibət bildirən ekspertin rəyinə görə, yol patrul xidməti əməkdaşları tərəfindən gecə saatlarında vətəndaşların yaşadıqları mənzillərdə narahat edilmələri, mənzillərdə axtarış aparma tələbləri, hamilə qadına qarşı zor tətbiq edərək icazəsiz mənzilinə daxil olma və jurnalistin hədələnməsi qanunla yol verilməzdir: “Onların bu kimi hüquqları tamamilə yoxdur. Belə qanunsuz hallara yol vermiş polis əməkdaşlarının cəzalandırılması və ictimaiyyətə açıqlanması vacibdir. Əgər YPX əməkdaşları təqib etdiyi avtomobilin sürücüsü yaşayış binasına daxil olaraq gözdən itirsə, o zaman əraziyə Post Patrul Xidməti və ya digər aidiyyatı üzrə “Xidmət və ya qurumların əməkdaşlarını” çağırmalı idilər. Həmin naməlum şəxsi tapıb aşkar etmək isə əraziyə çağırılan “səlahiyyətli şəxslərin” işidir. Hər-hansı bir şəxsin yaşadığı mənzildə axtarış aparmaq tələbləri isə aidiyyatı üzrə rəsmi dövlət qurumu tərəfindən “sanksiya” verildikdən sonra mümkün ola bilər.
Şəhər daxilində avtomobillərin təqib olunması (istisna hallardan başqa) da yolverilməzdir və bu, qəza şəraiti yaradır. Ola bilsin, həmin avtomobil heç qəza törətməsin, amma yol polisinin avtomobili təqib etməsi sonda qəza ilə nəticələnər və digərləri üçün də təhlükə yarada bilər. İstisnalar, yol polisi əməkdaşının sui-istifadə hallarına yol verməsinə əsas olmamalıdır.
Dayanma barədə göstərişə tabe olmayan nəqliyyat vasitəsi qanunla yalnız 2 halda təqib edilə bilər:
1) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;
2) nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda.
Bu hallarda YPX inspektoru əvvəlcə DYP orqanının vəzifəli şəxsinə radio-cihaz vasitəsi ilə məlumat verməlidir. Digər hər hansı vəziyyət, o cümlədən sürücünün törətdiyi heç bir inzibati xəta (yəni adi qayda pozuntuları: svetoforun göstərişinə tabe olmama, sürət rejimini, ötmə qaydalarını pozma, qoşa xətti tapdalama və s.), hətta real qəzaya gətirəcək təhlükəli manevrlər edilmədiyi halda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə də təqib üçün əsas ola bilməz. Belə hallarda dayanma barədə göstəriş vermiş DYP əməkdaşı qanunvericiliyə uyğun raport tərtib etməli və onun əsasında tabe olmayan sürücünün inzibati məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır.
Təbii, biz sürücülərin günahsız olduğunu iddia etmirik. Yollarda baş verən hadisələrdə sürücülərin də günahı var. Sürücülər anlamalıdır ki, yol polisi onu saxlayırsa, qanuna riayət edib avtomobili saxlamalıdır. Polisə tabe olmamaqla sürücü ikiqat qanun pozuntusu etmiş olur”.
Sonda qeyd edək ki, bina sakinləri baş vermiş hadisənin obyektiv araşdırılması üçün ölkə başçısına, daxili işlər nazirinə və baş prokurora ərizə ilə müraciət ediblər.
Azər
Oxunub: 684