“Azadlıq”ların bloklanması üzrə apellyasiya məhkəməsində nələr baş verdi?
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan ərazisindən bir sıra saytlara, o cümlədən “Azadlıq” qəzetinin “azadliq.info” saytına girişin bloklanması haqda şikayətə baxılıb. Apellyasiya şikayəti Səbail Rayon Məhkəməsinin 12may 2017-ci il tarixli qətnaməsindən verilib.
Qərardan narazı qalıb apellyasiya şikayəti verən təkcə “azadliq.info deyil”. “Azadlıq” radiosunun “azadliq.org” saytına giriş bloklandığına görə bu qurum da qətnamədən narazı qalıb, şikayət verib. Məlumata görə, “Meydan TV”, “Turan TV” və “Azərbaycan saatı” televiziya proqramının saytlarına girişin məhdudlaşdırılması ilə əlaqədar da şikayət veriləcək. Amma adları çəkilən qurumların təmsilçilərinə məhkəmə qərarı gec təqdim olunduğundan, onlar hələlik şikayət edə bilməyiblər.
“Azadliq.info” və “azadliq.org” saytlarının şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində hakim Abiddin Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmədə iddiaçı tərəfi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Bəxtiyar Məmmədov və Leyla Şərifova təmsil edib. Nazirliyin tabeliyində fəaliyyət göstərən və saytlara girişi əngəlləyən Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşı Ləman Hüseynzadə idə məhkəmədə üçüncü şəxs qismində iştirak edib.
Rabitə Nazirliyi qanunun tələblərini pozub
“Azadlıq” radiosunun (RFE/RL.inc) nümayəndəsi, vəkil Adil İsmayılov “azadliq.org”la bağlı məsələyə ayrıca baxılması haqda vəsatət qaldırıb. Vəsatətini əsaslandıraraq bildirib ki, bir saytın yazdıqlarının başqasına aidiyyəti yoxdur, ona görə də işlərə ayrı-ayrılıqda baxılmalıdır: “Bu məntiqlə, gərək bank bütün borlu müştərilərə qarşı bir iddia qaldırıb, hamısını orada birləşdirsin”.
“Azadliq.info”nun nümayəndəsi Səməd Rəhimli də razılaşaraq söyləyib ki, hər işlə bağlı hallar fərqli olur. Ona görə də vəsatətin təmin olunmasını istəyib.
İddiaçının nümayəndəsi Bəxtiyar Məmmədov bildirib ki, onlar Baş Prokurorluqdan gələn məktub əsasında saytları bloklayıblar. Prokurorluğun məktubunda da bloklanmış beş saytın hamısı və onlarda yayımlanmış yazılar birləşdirilərək, ümumi şəkildə göstərilib. Onlar da bu səbəbdən eyni qaydada – ümumiləşdirilmiş şəkildə məhkəməyə müraciət ediblər. Bəxtiyar Məmmədov onu da qeyd edib ki, gələcəkdə bu məsələni nəzərə alacaqlar. Vəsatətlə bağlı konkret söz deməyib, məsələni məhkəmənin mülahizəsinə buraxıb.
Hakimlər də elə yerlərində müşavirə edib, vəsatəti təmin etmədiklərini açıqlayıblar.
Ardınca hakim Abiddin Hüseynov apellyasiya şikayətində göstərilən dəlilləri elan edib. Saytların şikayətində göstərilib ki, iddiaçı nazirlik əvvəlcə saytlara xəbərdarlıq edilməsi haqda qanunun tələbinə əməl etməyib. Bu cür işlərə məhkəmələrin baxması üçün beş günlük müddət nəzərdə tutulub ki, qanunun bu tələbi də pozulub.
Prokurorluq cavab versin…
“Azadlıq” radiosunun nümayəndəsi daha sonra bir vəsatət də qaldırıb. Bu vəsatət isə prokurorluğun üçüncü şəxs qismində bu məhkəmə prosesinə cəlb olunması barədə olub. Adil İsmayılov bildirib ki, iddiaçının nümayəndəsi həm Səbail Rayon Məhkəməsində bu işə baxılanda, həm də indi Bakı Apellyasiya Məhkəməsində prokurorluğun müraciəti əsasında addım atdıqlarını söyləyir. Bildirir ki, özləri heç bir araşdırma aparmayıblar, prokurorluq məktubda nə yazıbsa onunla kifayətləniblər. Vəkil prokurorluğun nümayəndəsinin gəlib saytların bloklanması üçün istinad olunmuş yazılardakı qanun pozuntularını əsaslandırmasını istəyib. Çünki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələni əsaslandıra bilmir.
Səməd Rəhimli də prokurorluğun bu prosesə cəlb olunmasını vacib sayır. Çünki prokurorluğun müraciətində də, nazirliyin iddiasında da, nəhayət, məhkəmənin qətnaməsində də yazılarda hansı qanun pozuntusuna yol verildiyi əsaslandırılmayıb. Sadəcə, yazılar əlavə olunub, başqa heç bir addım atılmayıb.
“Azadliq.info”nun digər nümayəndəsi Təzəxan Mirələmli bildirib ki, iddia ərizəsində prokurorluğun saytlarla bağlı tədbir görülməsi üçün nazirliyə martın 27-də məktub göndərdiyi yazılıb. Amma prokurorluğun məktubuna elə yazılar əlavə olunub ki, onlar martın 27-dən sonra, aprelin əvvəllərində yayımlanıb.
Amma hakimlər kollegiyası prokurorluğun prosesə cəlbi haqda vəsatəti də təmin etməyib.
“Biz bloklayandan sonra bu saytların izləyiciləri artdı”
Daha sonra çıxışlar zamanı nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədov bir daha vurğulayıb ki, onlar prokurorluğun yazdığına uyğun hərəkət ediblər, özləri heç bir araşdırma aparmayıblar. İddiaçının nümayəndəsi deyir ki, baxmayaraq ki, onlar sözügedən saytlara girişi məhdudlaşdırıblar, amma Azərbaycan ərazisindən istifadəçilər bu internet resursuna daxil ola bilirlər. Hətta bloklanma məsələsindən sonra həmin saytlara maraq artıb, onların hesablamalarına görə, bloklanmış saytların izləyicilərinin sayı çoxalıb: “Bəlkə də bizim gördüyümüz tədbir reklam olub onlar üçün…”
Bəxtiyar Məmmədov məhkəmədə bloklanma haqda iddia qaldırmamışdan əvvəl saytlara xəbərdarlıq məktubu göndərilməməsi və digər tədbirlərdən istifadə olunmaması, birbaşa ən sərt tədbirə əl atılması haqda iradlara cavab olaraq bildirib ki,bu, təcrübələrində saytlara girişin məhdudlaşdırılması ilə bağlı ilk iş idi. Gələcəkdə qanunun bu müddəalarını da nəzərə alacaqlar.
“Məqsəd tənqidçi saytları susdurmaqdır”
“Azadlıq” radiosunun nümayəndəsi isə bildirib ki, Səbail Rayon Məhkəməsinin qətnaməsində bu saytların bloklanmasının əsl səbəbi dolayısıyla göstərilib. Adil İsmayılovun sözlərinə görə, qətnamədə belə bir cümlə var ki, “həmin saytlarda Azərbaycan Respublikası dövlətinin hökuməti və hökumətinin nümayəndələri haqda müxtəlif informasiyalar yer alıb”. Yəni söhbət hökumət və hökumət nümayəndələri haqda materiallardan gedir. Vəkil deyir ki, bu, biabırçılıqdır: “Heç bir yazı ilə bağlı əsaslandırma yoxdur ki, görə harada zorakılıq və dini ekstremizmə çağırış var, hansı yazıda dini, milli, irqi nifrət əks olunub… Göstərsinlər, biz də bilək ki, dövlətin konstitusion quruluşunu dəyişməyə, hakimiyyəti zorla ələ keçirməyə çağırış hansı yazıdadır? Ancaq ümumi sözlərdir…”
Adil ismayılov iddiaçının nümayəndəsinə belə bir sual verib: “Bir halda ki, həmin saytlara adamlar bu gün də daxil olub, yazılanları oxuya bilirlər, sizin də dediyiniz kimi, əksinə, izləyicilərin sayı artıb, o zaman bu məhdudiyyəti tətbiq etməkdə məqsədiniz nə idi?”
İddiaçının nümayəndəsi ümumi cavab verib: “İnternetdə yayılan məlumatlarda da qanunauyğunluq gözlənilməlidir”.
“Azadliq.info”nun nümayəndəsi Səməd Rəhimli də hesab edir ki, iddia ərizəsinə əlavə olunmuş yazıların heç birində qanun pozuntusu, bloklanmaya əsas yoxdur. Ona görə də qarşı tərəf heç nəyi əsaslandıra bilməyib. Hüquqşünasın sözlərinə görə, məqsəd tənqidçi saytları susdurma olub: “Adları çəkilən saytların Azərbaycan ərazisində bloklanması xoş məramdan irəli gəlmir. Bu bəd niyyətlə atılmış addımdır. Məqsəd də tənqidçi saytları susdurmaqdır”.
Çıxışlardan sonra hakimlər müşavirəyə gedib və təxminən beş dəqiqə sonra geri qayıdaraq, apellyasiya şikayətlərinin təmin olunmadığını elan ediblər.
Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Azadliq.info
Azadliq.info
Oxunub: 194