Sənətin içinə…200 min. Sənətin başına… 300 min.
Sənətin evi yıxılıb. Kino sənətinin, teatrın, rəssamlığın, heykəltəraşlığın, bəstəkarlığın, deyək , musiqinin. Ortada görünən tək memarlıqdır, o da incəsənətdən çox biznesin uğurudur. Kino ölüb, teatr ölüb. O birilər can verir. Sənət adına, mədəniyyət tarixinə yazılası bircə örnək göstərin. Örnək nə gəzir. Örnək kimdir.
Nəcibə Məlikovadan yadigar “Ögey ana”da “Arifin evi yıxıldı” cümləsi hansı emosiya ilə deyilibsə, sənətin də evi eyni tonda yıxılıb. Dağ başında sənət olmaz ki… Azərbaycan mədəniyyəti, incəsənəti Azərbaycandan çox Fransada var. Vardır. Vardırlar.
Bu gün teatr tamaşasız, tamaşaçısızdır. Olmayan yüksək sənətin aktyorları tamaşaçı azlığından şikayətçidir. Söhbət teatr vurğunu tənqidi tamaşaçıdan gedir. Yoxsa elə bilməyin teatr tamaşalarında salon boş qalır. Qalmır. Teatrların qapıçısı, xadiməsi, texniki heyəti başda olmaqla, yaradıcılar bunu özlərinə yaraşdırmırlar, hər kəs el birliyi ilə tamaşaya dost-tanış yığır. Arada tanış universitetlərlə razılaşmalar üzrə tələbələrə, ayrıca qızlarə dəvət göndərirlər. Salon boş qalarsa, ayıb olar, səhnədəkilər üzü hənitri gəlməyən alaqaranlığa necə rola girsinlər, oyun oynasınlar. Teatr tamaşaçısını itirib. Tək ona görə yox ki, ciddi əsərlər yazılmır, səviyyəli tamaşalar qoyulmur. Bunun üçün gərəkən vəsait yoxdur. Olanı bölüşdürə bilmirlər. Həm də ona görə ki, səhnə aktyorsuz qalıb. Aktyorların başı söyüşməyə-döyüşməyə qarışıb. Aktyorların beyni, yaddaşı qazanc yolları axtarır. Aktyorun səsi toybəyilikdən gəlir, sorağı rayon icra hakimiyyətlərinin qəbul otağından eşidilir. Ucuz kafelərdə görünürlər. Serroz axtarışında. Arada qalmaqal, qalma, qal, qalma, qal…
Bu məmləkətdə iki aktyor var-Rəfael və Coşqun. Qalanlar sənətlərini dondurublar. Kim necə başa düşür, elə. Boş şeydir. Qonşuda coğrafiya müəllimi diplomlu bir makler var, ağıllı söz eşidən kimi deyir “boşş şşeydir, puldan başqa nə varsa boşş şşeydir”. Qabaqlar hər söhbətə belə deməsi mənə qəribə gələrdi. Indi mən ona qəribə gəlirəm.
Bu yaşımacan tək bircə tamaşasına baxdığım, Mikayıl Mirzə ilə “Aydın” tamaşasını oynayanda, Məleykə Əsədovanı tamaşaçı, tv-lərin “çörək ağacı” şoulu-şousuz proqramlarda elə geyimdə, elə danışıqda, elə saxta “faciə”də, “komediya”da görür ki, səhnədə görmək istəmir. Görməsə yaxşıdır. Çünki Məleykə həmkarı Ramiz Məlikdən 200 min istəyir. Bir də deyir, gedib anamın qəbrindən üzr istəsin. İddiaya fikir verirsizmi. Qəbirdən üzr istəmək. Belə bir düşüncəylə Dezdemona olmaq olar, boğub öldürsünlər. İraq, Hökumə Qurbanovadan. Xatırladım, Məleykə Əlifağa qızı Əsədova Azərbaycanın Xalq artistidir. 2000-də veriblər.
Ramiz Məlik də Xalq artistidir. Ramiz Ağarza oğlu Məlikov. 1998-də veriblər adı ona. Əsədovadan fərqli onun piarı alınmayıb, teatrda tamaşasına baxmamışam. O Əsədovanın 200 mininin qarşısına 300 min çıxarıb. İşə bax ey. Tərzə bax, səviyyəyə bax. Əslində 500 min də olsaydı fərq etməzdi. Ramiz Məlik bu 300 mini bir yerdə görübmü görəsən? Çəkisini bilirmi? Sənət olmayan yerdə ümid “ölmüş Xaçaturun xəncəri”nə qalır. Xalq artistlərinin xalq artisti olmayan Nazəninlə Təranədən fərqi nə? Siz deyin, bilək, “rola girək”. Pardon, fərq iddianın məbləğindədir.
Kimin neylədiyini, kimin ona nə dediyini, kimin kimdən nəyi nə qədər, hansı formada, hansı məqsədlə istədiyini bilənlər bilir. Mənə maddi təzminat maraqlıdır, bu rəqəmlər xalq artistlərinin, onların vəkillərinin ağlına hardan gəlir? Nə o buna 200 min verəsidi, nə bu ona 300 min. Elə isə niyə 1 000 000 olmasın . Daha çəkici deyilmi. Hollivudsayağı. Teatrdakılar üçün də maddi maraqlı olardı.
“Oskar”ı neynirik. Yaşasın “Kelebek”!
İddialarla bağlı nazir Əbülfəs Qarayevi əsla qınamıram. Onun üçün 200-300 min beş-on manatdır. Məleykə Əsədovanın da arxasının yanında sözü keçməz. Adamın Bakıda havası çatmır; burdakı olaylardan fransız qalır . İstər günorta tamaşasına Böyük teatra gedər, axşama özünü La Skalaya çatdırar. Dram? Fuuu!
Bu arada, Nəsibə xanım, Hacıbaba Bağırov, Yaşar Nuri, Siyavuş Aslan yaxşı aradan çıxdılar. Teatrda qalmaqdansa, tarixdə qalıb getmək yaxşıdır. Tanrı Fuad Poladovu qorusun!
Xalq artistlərinin qırğına çıxdığı teatrın dağılsın, məmləkət! Dayağın uçsun, “Böyük dayaq”! Tanrı kişi bilir neynir; Ələsgər Ələkbərovu 21-ci əsrə saxlamayıb. Əminəm, səhnədə ürəyi partlayıb ölməsin deyə…
Oxunub: 230