Cəmil Həsənli, Milli Şura sədri
Bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrasının dördüncü ilinin yekunlarına həsr edilmiş konfrans keçirilib və İlham Əliyev də orda optimist bir nitq söyləyib. Amma nədənsə dövlət başçısı bu dördüncü ilin yekunlarını 14 ilin yekunlarına qarışdırıb. Vaxtilə Sovet lideri Nikita Xruşşov altıncı beşilliyin (1956-1960) planlarının yerinə yetirilməyəcəyni görəndə altıncı beşilliyin son iki ilini qatdı yeddiiliyin (1959-1965) içinə və beşilliyin yekunlarına dair hesabat verməkdən yayındı. İndi İlham Əliyev də, deyəsən, regionların inkişafına dair 2014-2018-ci illərin inkişaf proqramının dördüncü ilinin yekunlarını 14 ilin içərisində itirmək istəyir.
Əvvəlcə görək bu regionların sosial iqtisadi inkişafına aşağı-yuxarı nə qədər vəsait xərclənib? 65 milyard manat. Böyük hissəsi də manatın manat olan vaxtında. Nəhəng məbləğdir. Amma hanı bunun iqtisadi səmərəsi? Məsələn, bu 65 milyard xərcin müqabilində regionlardan ölkə büdcəsinə nə qədər vəsait daxil olur? Əgər budcə daxilolmalarının 93 faizə qədəri Bakının payına düşürsə (neftin hesabına), təxminin 7 faizi Gəncə, Sumqayıt da daxil Bakıdan kənar bütün Azərbaycanın payına düşür? Xərclənmiş bu 65 milyardın müqabilində neçə rayon özünü maliyələşdirə bilir? Və iddia edilən “inkişafın” müqabilində niyə rayonların əksəriyyəti neft büdcəsindən verilən dotasiyalar hesabına yaşayır?
Regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində açılmış müəssisələrin az bir müddət ərzində qapanması nə ilə bağlıdır? Məsələn, Nazlifan, Gəncə avtomobil zavodu, İsmayıllı velosiped zavodu hansı səbəbdən elə bu proqramın 4-cü ilində qapandı? Bu dördüncü il ərzində Azərbaycan hakimiyyətinin repressiyaları, talançılığı, tamahkarlığı, yarıtmazlığı ucbatından yalnız Bakıdan deyil, regionlardan nə qədər kapital qonşu ölkələrə axdı, nə qədər iş adamı başını, başı ilə bərabər olan-qalan kapitalını da götürüb regionları tərk etməli oldu? Elə bu dördüncü ildə regionlarda neçə bank və bank filialı fəaliyyətini dayandırmalı olub?
Bu proqram işə başlayanda onun hədəflərindən biri də əhalinin çörəklə təminatını yerli taxıl hesabına ödəməkdən ibarət idi. Amma İlham Əliyevin hesabatını verməli olduğu 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı proqramının 4-cü ilində Azərbaycan çörək taxılını 100 faiz idxal hesabına ödəyib və xaricdən 1 milyon 274 min ton çörək taxılı alınıb. İlham Əliyevin 14 illik idarəçiliyi dövründə ərzaq buğdası idxalı iki dəfə artıb. Bəs bu 65 milyardın iqtisadi səmərəsi hanı?
Son iki ildə ÜDM nə az, nə çox 2 dəfə azalıb, buna uyğun olaraq adambaşına düşən məhsul və əhalinin gəlirləri də 2 dəfə aşağı düşüb. Bu fəlakətli azalmalarda regionların payı nə qədərdir? 76 dollardan ibarət olan aşağı əmək haqqı alanların neçə faizi regionların payına düşür? Regionlarda əhalinin səhiyyə təminatı yararsız vəziyyətə düşdüyündən, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı proqramının 4-cü ilində qonşu İran hökuməti regionlarına 65 milyard vəsait xərcləmiş Azərbaycan Respublikasından gələn pasientlərə tibbi xidmət göstərmək üçün sərhəd şəhərlərində 16 klinikanın tikilməsinə qərar verib. Bax, bütün bunlara aydınlıq gətirmək lazım idi.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.
Oxunub: 790