Yeni orfoqrafiya qaydaları layihəsi müzakirəyə çıxarılandan redaksiyamızın telefonunun, pardon, yanbızı yerə dəymir. Zəng zəng ardınca, məktublar da öz yerində — e-poçtumuz elə şişib, deyirsən bu gün-sabah bari-həmlini yerə qoyacaq… Cəmiyyətin müxtəlif kəsimləri, fərqli düşüncə və temperament sahibləri orfoqrafiya dəyişiklikləri ilə bağlı öz fikirlərini bölüşürlər. Onlardan bəzi seçmələri ərz eləyək qulluğunuza…
Adının çəkilməsini istəməyən oxucu deyir ki, orfoqrafiya qaydalarının tez-tez dəyişdirilməsinə çox sevinir: “Atalarımız deyib ki, su da bir yerdə duranda iylənər”. Mən «Сamei-Abbas»dan savayı bir kitab oxumamışam, amma şükür, dağdan ağır alimlərimiz var. Xüsusən AMEA-nın müxbir üzvü Kamran Əliyevin təklifi mənim qəlbimdən xəbər verdi. O yazıb ki, “Sözün “lutsey” forması həmin tipli məktəblərə və ümumiyyətlə, təhsilə olan marağı artırmaq gücünə və enerjisinə malikdir”. Sizə bir əhvalat danışım. Ayıb olmasın, uşaqların anasının bir qohumu Finlandiyada yaşayır. Mənim sizdə bir andım yoxdu, bax, bu qənd kimi gözüm ağarsın ki (əvvəlcə qənddan cınqıltısı, sonra qənd danqıltısı eşidilir, hiss edilir ki, gerçəkdən qəndi döşəməyə firladır), o danışıb. Deyir, Finlandiyada təhsil çox geri qalıbmış. Nə illah edirlər, irəli getmir: müəllimlərin maaşını artırırlar, xeyri olmur, təzə məktəblər tikirlər, fayda vermir. Uşaqlara şokolad paylayırlar – çifayda. Uşaqlar məktəbə davam etmir, dərsə gələnlər də oxumur, müəllim sual verəndə çəmkirirmişlər. Lapdan bir ağıllı alim çıxır deyir ki, orforqafiya qaydalarına dəyişiklik edək. Götürüb “lisey”i “litsey” edən kimi, təhsil başlayıb ildırım sürəti ilə inkişafa. Həri… Ona görə təklif edirəm ki, bu söz “litsey” kimi yazılsın…”
Filosof oxucu yazır: “Dünyada hər nə ki olub, olacaq və hər şey ki gərək olsun, elə helə də olasıdı və o şey ki gərək olardı, gərək elə də olsun və olan şey olasıdı, olmuyan şey də olmayacaq və ola da bilməz və bir şey ki ola bilməz, o heç vaxt olmayacaq”.
Hiddətli oxucunun zəngi. Bir uşaq zəng edib babasının bizimlə danışmaq istədiyini dedi. Sonra zəhmli bir səs gəldi: “A bala, siz kim olursunuz ki, Əflatunun bəyəndiyi Layihəyə dil uzadırsınız? Özünüzə yığışın…” Düüt-düüt-düt. Ardınca yenə zəng, yenə həmin uşaq: “Əmi, bağışlayın, babam alzhaymer, bir az da şizofreniya xəstəsidir. Elə bilir ki, hazırda eramızdan əvvəl IV əsrdir. Özünü Aristotel, deputat Əflatun Amaşovu isə müəllimi Platon hesab edir”.
Qənaətcil oxucu yazır: “Aqillər deyib ki, qənaət kimyadır. Yəni bir şeyi çox sərf edəndə qurtarar. Ona görə ağırçəkili məmurlarımızın çoxu, xüsusən iqtisadiyyata rəhbərlik edən baş nazir (2013-cü ildən Baş nazir, 2018-ci ildən Baş Nazir) rusca danışır. Məncə, iki “y”dən birinin ixtisar edilməsi iqtisadi mülahizələrlə, yəni dünyadakı qlobal iqtisadi böhranla bağlıdır. Ona görə təklif edirəm ki, sözlərin hamısı deyildiyi kimi yazılsın, sonra bu lüğətləri birləşdirib bir dənə Orfoepoqrafiya lüğəti yaradaq. İki lüğətə nə ehtiyac var?
Müəllim olduğunu deyən oxucu. “Keçən il bizim qəsəbədə belə bir əhvalat baş vermişdi. Gənclərdən biri bir qıza aşiq olmuşdu. Amma atası qızı vermək istəmirdi. Hətta FB-da gədəni blok ediblərmiş. Oğlan da Məcnun kimi düşmüşdü çöllərə. Bir gün polislər bunun qırımından şübhələnib aparıblar “uçastkovı”nın yanına. “Uçastkovı” soruşur: “Yaşayış yeriniz”.
Oğlan cavab verir: “Əhli-təmkinəm, məni bənzətmə, ey gül bülbülə…
Uçastkovı yazır: “Bül-bü-lə qəsəbəsi. Küçənizin adı?”
Oğlan deyir: “Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil.
Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor”.
Uçastkovı qələmi stola çırpıb bağırır: “Aya, məni doluyufsan? Bəax deerdin Bülbülədənəm, indi deersən Füzulidən?”
Köməkçisi qayıdır ki, rəis, yəqin, qaçqındı, Bülbülədə yaşayır. Əlqərəz, bu vaxt Mişoppa gəlib çıxır. Mişoppa ali təhsilli filoloqdu, iki institut bitirib. Uçastkovıya əlaltılıq edir, maşınını yuyur, bazarlıq edir, kiçik sahibkarlıq subyektlərindən, küçə alverçilərindən pul yığıb, uçastkovıya çatdırır və özünə də pa verirlər. Nə isə. Mişoppa vəziyyəti xilas edir, yiyəsi gəlib bir az xərclə uşağı aparır evə. Əlqərəz, dediyim odur ki, gənclər klassik ədəbiyyatı oxuyur, onun təsiri altına düşür, nəticədə belə anlaşılmazlıqlar yaranır. Mən Firudin Ağasıoğlunun dedikləri ilə tam razıyam: “Əruzla yazan şairlər dilimizi kirləndirib”. Ərəbcədən keçən sözlər “bizim gələnəksəl kültür yöntəmlərinə” ziddir. Ona görə onların hamısını lüğətdən çıxarıb atmaq lazımdır”.
Həkim olduğunu deyən oxucu: “Layihə müəlliflərinin mövqeyi ilə tam razıyam. “Hicran” tamaşasındakı həkimin dediyi kimi, dildəki sözləri iki yerə bölmək, taxikardiya olan hissəni ayrı, bradikardiya olan hissəni ayrıca müalicə etmək lazımdır. Bəzi sözlərin ürəyi qoca adamlar kimi yavaş döyünür, yəni onlarda bradikardiya olur. Bəzilərininki isə uşaq ürəyi kimi tez-tez döyünür. Buna görə yavaş-yavaş tarixi-ənənəvi prinsiplə yazılanları fonetik, fonetik prinsiplə yazılanları tarixi-ənənəvi prinsipə keçirmək lazımdır. “I əməliyyatı və Şurikin başqa macəraları”nda deyildiyi kimi, “koqda naşi kosmiçeskiye korabli borozdyat prostorı vselennoy…” bir yerdə dayanmaq olmaz. Nado idti v noqu so vremenem”.
Qəlbiqara oxucu orfoqrafiya qaydalarının dəyişdirilməsini düzgün saymır:
“Məşhur deyim var: “Siciliyada “İehova şahidləri” sektası yoxdur. Çünki Siciliyada, ümumiyyətlə, şahidləri sevmirlər”.
Nə vaxtsa oxumuşdum. İran şahı hakimiyyətə gələndən sonra bir çox dostlarını, o cümlədən ona yaxşılıqlar etmiş kafe sahibini öldürtdürür. Səbəb isə dostunun onun bəzi əməllərinə şahid olması imiş. Belə nümunələr çoxdur.
Məncə, orfoqrafiyada edilən dəyişikliklər də şahidliklə bağlıdır. Ölkədə nə qədər əyri yollarla elmi ad alıb yüksək məqam tutan adamlar var. Qorxurlar ki, opponentləri bir gün bu səhvləri ictimailəşdirib onları ifşa edər. Vəzifələri, katibələri, xidməti maşınları, deputat mandatları əllərindən çıxar. Gecələr yuxularını qarışdırır, qan-tər içində oyanırlar… Korazehin şagirdlər məktəbdə, adətən, hansı səhvlərə yol verirlər? “Sür`ət” əvəzinə “sürət”, “ədəbiyyat” əvəzinə “ədəbyat”, “əsgər” əvəzinə “əskər” yazırlar, eləmi? Hazırda dəyişdirilən də həmin sözlərdir. O sözlər bu gün onların cəhalətinin şahididir, amma orfoqrafiyada istədikləri dəyişikliklər edilsə, həmin sözlər onların bəsirətinin şahidi olacaq. Dava bunun davasıdır… Sual meydana çıxa bilər: növbəti dəfə orfoqrafiya lüğətinə hansı dəyişiklik təklifi ediləcək? İndidən deyim: “sentyabr” yox, “sentiyabır”, “ailə” yox, “ayilə”, “layihə” yox, “lahiyə” və s… “
Nəzakətli oxucu yazır: “Bağışlayın, redaksiyanızın harda olduğunu bilmirəm. Birdən arxamı sizə çevirib yazıramsa, üzrlü sayın. Mən bir dənə lətifə danışmaq istəyirəm. Kəndin birində bir xəndək varmış. Tez-tez sakinlər ora düşüb yaralanırmış. Kəndin böyüklərindən üç nəfər həll yolu axtarmağa başlyır. Birincisi deyir ki, çüxurun yanında bir təcili yardım maşını gözləsin. Xəndəyə düşənləri tezcə xəstəxanaya aparsın. İkincisi deyir ki, yaxşısı budur, xəndəyin yanında xəstəxana açaq, yola vaxt getməsin. Növbə Təmələ çatır: “Sizin başınız işləmir. O boyda həngamə nəyə lazım? Bunu dolduraq, gedək xəstəxananın yanında xəndək qazaq” Allah işinizi avand eləsin”.
Həri. Daha bir günün sonuna gəldik. Yum verəyim, xanım!
Qarşı yatan qara dağlarımız yıxılmasın!
Kölgәlicә qaba ağacımız kәsilməsin!
Qamәn axan görklü suyumuz qurumasın!
Qadir Allah bizi namәrdə möһtac eləmәsnn!
Orfoqrafiyamızı yaman günə qoymaq istəyənlər arzusuna çatmasın!
“Amin, amin” deyәnlәr didar görsün!
Allaһ verәn umudumuz üzülmәsin.
Cüməniz mübarək olsun….
Oxunub: 310