Məscidin imamının İlham Əliyevə səs istəməsi namaza gələnlər arasında narazılıq yaratdı
Bu gün Bakıda Əjdərbəy məscidində (Göy məscid) Cümə namazı zamanı xoşagəlməz, eyni zamanda qanunvericiliyə də zidd hadisə yaşanıb. Məscidin imamı əvvəlcə Cümə namazının fəzilətlərindən, məscid ədəb-ərkanından danışandan sonra prezident seçkilərinə keçib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bir neçə gün əvvəlki çağırışını yada salıb. Bildirib ki, bir neçə gün öncə Şeyxin məscidlərin imamları ilə görüşü olub, həmin görüşdə prezident seçkiləri haqda ətraflı danışılıb.
Fevralın 14-də baş tutan həmin görüşdə A.Paşazadə axund və imamlara göstəriş vermişdi ki, bütün məscidlərdə bu həftənin cümə günü xütbələrdə seçkilərdə İlham Əliyevin namizədliyinə səs verilməsi üçün çağırış etsinlər.
Görünür, məscidin imamı A.Paşazadə ilə görüşü yada salaraq, demək istəyirdi ki, bundan sonrakı çıxışı onun öz təşəbbüsü yox, Şeyxin göstərişidir.
Şeyxlə görüş haqda bir qədər danışandan sonra isə konkret ad çəkməsə də, dolayısıyla İlham Əliyevə səs verməyə belə çağırış edib: “Bu məscidləri tikən, təmir etdirən, azan səslərinin ucalmasına şərait yaradan, torpaqları işğaldan azad edən, bizə yaxşı yaşamağa şərait yaradan adama siz də arxa durmalısınız, bu, sizin borcunuzdur…”
İmamın bu cür çıxışı namaza gələnlərin bir çoxunun narazılığına səbəb olub. O, ad çəkmədən “məscidləri tikən, yaşamağa şərait yaradan şəxs” haqqında danışanda Cümə namazına gələnlərdən biri yerindən müdaxilə edib: “Bunları eləyən Allahdır…”
Daha bir nəfər isə dinin siyasətə qatılmasına etiraz edib: “Adamların heysiyyəti ilə oynamayın…”
Hətta bir neçə nəfər bundan sonra həmin məscidə namaza gəlməyəcəyini bildirib.
Azadliq.info
Oxunub: 796