Azərbaycanla İranın birgə layihəsi olan Neftçala avtomobil zavodunun açılışı olub. İranın “İran Khodro” və Azərbaycanın “AzEuroCar LLC” şirkətlərinin birgə inşa etdiyi zavodun ildə 10 min avtomobil istehsal etmək gücünə malik olduğu bəyan edilir. Xəbər verildiyinə görə, zavodda İranın “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobilləri istehsal ediləcək. Avtomobillərin ehtiyat hissələri Azərbaycandakı zavodlarda istehsal ediləcək, istehsal olunacaq avtomobillər isə MDB və Mərkəzi Asiya ölkələrinə ixrac ediləcək.
Ortaya maraqlı bir sual çıxır? Layihə nə dərəcədə uğurlu olacaq, onun taleyi də bundan əvvəlki “Azsamand”ın taleyinə bənzəməyəcək ki? Axı Azərbaycanla İranın bundan əvvəlki bənzər “Azsamand” layihəsi uğursuz olmuşdu. O zaman da 2005-ci ildə fəaliyyətə başlayan zavod 2010-cu ildə fəaliyyətini dayandırmışdı. Bəs Azərbaycan hökumətini bu uğursuzluqdan sonra təkrar İranla eyni sahəyə investisiya qoymağa vadar edən nədir? Səbəb sadədir. Azərbaycana artıq ciddi investorlar gəlmir və kimsə sərmayəsini bu ölkəyə etibar etmir. Odur ki, İran kimi sərmayələrini başqa ölkələrə qoya bilməyən, texnoloji geriliyinə görə dünya bazarına çıxa bilməyən, yalnız Azərbaycan kimi ölkələrə siyasi təminatla kapital qoyan ölkələr bizə gəlir. İran 10 illərdir ki, hətta daxili bazar üçün minimum standartlara belə cavab verən avtomobil buraxa bilmir.
“Azsamand” zavodu ona görə fəaliyyətini dayandırmışdı ki, avtomobillərini alan yox idi. İndi də elə həmin “İran Khodro” şirkəti ilə birgə “Xəzər” avtomobil zavodu tikirlər. İqtisadçılar da hesab edir ki, bu, mənasiz sərmayədir, nə Azərbaycan, nə İran, nə Rusiya, nə də Türkiyə avtomobil bazarına girə bilməyəcək. Hələ bizdən fərqli olaraq türklər, ruslar on illərdir bu sahəylə məşğul olurlar, hansı nəticəsni əldə ediblər? Ümumiyyətlə, oliqopol bazarlara girmək mümkün deyil, onun ən yaxşı yolu həmin bazarda yer alan şirkətlərlə əməkdaşlıqıdr. Onlar isə hətta Özbəkistanla da əməkdaşlıq edir, bizimlə yox. Çünki biznes mühiti və korrupsiya ilə yanaşı bazar problemi də var. Azərbaycan bazarı çox kiçikdir. Bu ölkə Ümumdünya Ticarət Mərkəzinə də girməyib ki, belə böyük sərmayəçilər sərmayələrini beynəlxalq arbitrajlardan qarant alsınlar.
azadliq.info