Nardaran məhbuslarından Sahil Rzayevin həbsxanada intihara cəhd etdiyi deyilir. Məhbusun atası Xalid Rzayev Rakurs TV-ə bildirib ki, oğlu “karsa” salınıb və həbsxanadan aldığı məlumata görə, orada intihara cəhd edib. X.Rzayev deyib ki, oğlu 15 saylı Cəza Çəkmə Müəssisəsinə köçürülən gündən həbsxana rəhbərliyinin təzyiqlərinə məruz qalır:
“Martın 28-i Sahilə 15 gün “kars” cəzasının verildiyini öyrəndim. Məsələni öyrənmək üçün həbsxanaya getdim. Həbsxananın qarşısında həbsxana rəisini gördüm. Ondan Sahilin nə üçün “kars”a salındığını soruşanda, mənə “oğlun dövlətin işlərinə qarışır, camaatı mitinqə dəvət edir”, – deyə cavab verdi. Bu gün isə öyrəndim ki, Sahil “kars”da intihara cəhd edib. Həbsxanadan belə dedilər”.
Xalid Rzayevin sözlərinə görə, Sahilin vəziyyəti ağır olaraq qalır. O, Sahilə işgəncələr verilə bilinəcəyini də istisna etmir. X. Rzayev baş vermiş hadisə ilə bağlı Ombudsman aparatına və Qızıl Xaç Komitəsinə müraciət edəcəyini deyib.
Sahil Rzayev 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanıldığı Sabunçu Rayon Polis İdarəsinin qarşısında gözləyərkən həbs olunub. 30 sutka inzibati həbs cəzası alan məhbus Nardaran hadisələrindən sonra yaşadığı Lənkəran şəhərində yenidən saxlanılıb. Ona Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 6 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov əməkdaşımıza bildirib ki, S.Rzayevin intihara cəhd etdiyi haqda məlumat doğru deyil: “Araşdırdım, belə bir hal yoxdur”.