Moskvada – Puşkin meydanında aksiyanın təşkilatçısı – müxalifət lideri Aleksey Navalnı saxlanıb. O, aksiyaya gələn kimi saxlanılaraq naməlum istiqamətdə aparılıb.
***
Rusiyada müxalifət lideri Aleksey Navalnının tərəfdarları mayın 5-də ölkə boyu etiraz aksiyalarına başlayıb. “O, bizim üçün çar deyil” şüarı ilə keçirilən aksiyalar Rusiya prezidenti Vladimir Putinə qarşı yönəlib.
Aksiyalar paytaxt Moskva da daxil olmaqla bir sıra şəhərlərdə keçirilir.
Moskvadakı aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmadığından polis onun qarşısını alıb, iştirakçıları dağılmağa çağırır.
Aksiyaçılar “Putin bizim prezident deyil”, “Putin – oğrudur” şüarları qışqırırlar. Moskva polisi Puşkin meydanı yaxınlığında etirazçıları saxlamağa başlayıb.
Hakimiyyətyönümlü fəallar da buraya gəlib Navalnı tərəfdarlarına qarşı şüarlar səsləndirirlər.
Aksiyalar barədə CANLI YAYIM:
Sankt-Peterburqda da Navalnının tərəfdarları küçələrə çıxıb. Amma polis onların getmək istədiyi Saray meydanını (Dvortsovaya ploshad) bağlayıb.
Yakutskda yerli hakimiyyət orqanları ilə razılaşdırılmamış aksiyada 75 nəfər saxlanıb. Bu barədə Azadlıq Radiosunun rus xidmətinə Navalnının tərəfdarları məlumat veriblər. Saxlanmalar zamanı polis fiziki gücdən istifadə edib.
Novosibirskdə yerli icra hakimiyyəti ilə razılaşdırılmış mitinqə, polisin məlumatına görə 400 nəfər çıxıb.