Mayın 4-də Cəlilabad rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə Azel.tv saytının rəhbəri Əfqan Sadıqovun işi üzrə məhkəmə başlayıb. Məhkəmə iclası zamanı jurnalistin səhhəti pisləşdiyindən məhkəmə mayın 11-i saat 12-dək təxirə salınıb. Bu barədə Amerikanın Səsinə jurnalistin ailəsindən məlumat veriblər.
Bu gün proses başlayan kimi qarşı tərəfin vəkili məhkəmənin qapalı keçirilməsi barədə vəsatət verib və hakim vəsatəti təmin edib. Bundan sonra Əfqan Sadıqovun valideynləri ilə yanaşı digər şəxslər də zaldan çıxarılıb.
Azel.tv saytının rəhbəri Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb, 2.5 il həbsə məhkum edilib. Jurnalist Cəlilabad rayon İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub.
Hüquq-müdafiə təşkilatları jurnalisti “siyasi məhbus” kimi tanıyıb.
2017-ci ilin noyabrında Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2,5 ildən 1,5 ilədək azaldıb. Mayın 23-də onun cəza müddəti bitir. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiası bərpa edilib. İddianı Cəlilabad rayonunun keçmiş icra hakimiyyəti başçısı Əziz Əzizov (o hazıtda Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısıdır-red) qaldırıb.
Ailə üzvləri Əfqan Sadıqovun qan təzyiqinin yüksək olması və ürəyində kəskin ağrılardan əziyyət çəkdiyini bildirir. Jurnalistin qan təzyiqinin yüksək olmasını Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsi də təsdiq edib. Bununla yanaşı, Əfqan Sadıqov mayın 1-dən aclıq aksiyasına başadığını elan edib. Onun aclığa başlaması ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasının rəisini əvəz edən şəxsə müraciəti sosial şəbəkələrdə yayılıb.
Penitensiar Xidmət isə jurnalistin aclıq etməsi xəbərini təsdiq etməyib.