Azərbaycan teatrı və kinosunda bir-birindən maraqlı, yadda qalan obrazlar yaratmış Fuad Poladov 70 yaşında vəfat edib.
O, yerli mətbuata müsahibələrində xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirmişdi.
Fuad Poladov 1948-ci ilin mayında Bakıda anadan olub.
Azərbaycan xalq artisti “Atayevlər ailəsi”, “Alov”, “Qaynana”, “Güllələnmə təxirə salınır”, “Ovsunçu” kimi onlarla televiziya tamaşası və filmlərdə yaddaqalan obrazlar yaradıb.
Fuad Poladov təkcə aktyor kimi yox, həm də haqsızlığa, ədalətsizliyə qarşı sərt mövqe göstərməsi ilə tanınırdı.
2016-cı ildə o, Azərbaycan Milli Dram Teatrından bir aktyorun işdən çıxarılmasını haqsız saydığı üçün teatrdan istefa vermiş, fəaliyyətini Rus Dram Teatrında davam etdirmişdi.
“Gendən baxanda deyirdilər ki…”
Azərbaycanın xalq artisti Rasim Balayev hesab edir ki, mərhum həm böyük aktyor həm də ki, böyük şəxsiyyət idi.
“Bütün müsahibələrdə də demişəm: aktyorlar sənət dünyasında müəyyən maqamlara çata bilər. Ama şəxsiyyət olmaya da bilərlər. Fuad həm də böyük şəxsiyyət idi”, – Rasim Balayev BBC Azərbaycancaya bildirib.
“Aktyorlar var iki özünü camaatın içində apara bilmir. Ama Fuad Poladovu görəndə elələri özünü yığışdırırdılar. O, cəmiyyətdə özünü apara bilirdi. Bununla da aktyor sənətinə adamlarda hörmət yaradırdı. Gendən baxanda deyirdilər ki, aktyor da ciddi şəxsiyyət olarmış”.
Rasim Balayevin sözlərinə görə mərhumla sonuncu filmdə birgə çəkilərkən “çoxlu dərddəşirdilər”.
“O, həyatda aktyorluq etmirdi. Yalnız səhnədə oynayırdı. Düşünüb düşündürən aktyor idi. Pərişanam”.
bbc azərbaycanca