Həzi Bəy
Millət vəkillərinin maaşlarının artırıldığını oxudum, çox heyrətə gəldim. Demək olar ki, bu adamların hər birinin şəxsi biznesi, aylıq ciddi məbləğdə gəlirləri var. Axı nə gərək var idi ki, maaş məsələsi onları narahat etdi? Təbii ki, məsələnin siyasi tərəfiləri var və bu barədə politoloqlar danışsa, daha yaxşı olar. Mən isə başqa yöndə danışacam.
Deməli, informasiyada deyilir ki, “Maaş artımına əsasən, Milli Məclisin komitə sədrləri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrlərinin müavinləri isə, 1 856 manat maaş alacaqlar”.
Eləmədim tənbəllik, Milli Məclisin komitələrinə göz gəzdirdim.
Birincisi, mən anlamıram, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya Energetika Nazirliyi varsa, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi nəyə lazımdır? Və ya Qafqaz Müsəlmanlar İdarəsi, eyni zamanda Dini İşlər üzrə Dövlət Komitəsi varsa, Milli Məclisin dini qurumlar komitəsinə nə gərək var? Bundan başqa, Dövlət Təhlükəsizlik Xidməti və ya Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi varsa, Milli Məclisin təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi nəyə lazımdır axı?
Bu idarələr özlərinin peşə kodeksini, fəaliyyətini təkmilləşdirmək üçün hansı qanunların dəyişdirilməsini və ya təkmilləşdirilməsini müəyyənləşdirə, təklif edə bilərlər axı? Bu boyda həngamə yaratmağa nə gərək var?
Bura qədəri hadisədir, faciə bundan sonrasıdır.
Deməli, millət vəkili Tahir Musa oğlu Rzayev. “Ailə, qadın və uşaq məsələləri komitəsi”nin üzvüdür. Çox normaldır eləmi? Amma adam həm də, Milli Məclisin “Regional məsələlər” komitəsinin üzvüdür. Ay zalımı çıxmışlar, Ailə, qadın və uşaq məsələləri hara, Regional məsələlər hara? Yox, bura qədər də deyil, müəllimin istedadları bunlarla da bitmir hələ. Tahir müəllim həm də AYB-nin üzvüdür, şairdir. Dahi Nizami burda deyib e:
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan….
Gələk, daha bir personal millət vəkilimizə – Cavanşir Hümmət oğlu Paşazadə. Milli Məclisin “İctimai birliklər və dini qurumlar komitəsi”nin üzvüdür. Müəllim həm də kənddə böyüyüb deyəsən – adam həm də Milli Məclisin “Aqrar siyasət” komitəsinin üzvüdür! İctimai birliklər və dini qurumlar komitəsi ilə Aqrar siyasətin nə əlaqəsi var bilmirəm, amma məntiqlə, Poltexnik Universitetini bitirən bir adamın bu sahələrlə ümumiyyətlə əlaqəsi olmamalıdır axı…
Həəəəəə, gələk belə ən qəribə hissəsinə. Axı hələ gənc ikən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin sıradan bir tələbəsi nə biləcəkdi ki, o gələcəkdə binalar inşa etməyəcək, çertiyojlar cızmayacaq, bundan da əlamətdar və çətin bir işlə məşqul olacaq. Söhbət millət vəkili Xanlar Nuru oğlu Fətiyevdən gedir. İxtisası memar olan bir şəxs, Milli Məclisin “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”nə kimi necə gəlib çıxıb, anlamıram. İndi bilirsiniz niyə, rüşvətin hələ də kökü kəsilməyib? Yox, adamın Allahı var, zəhmətkeş adamdır. Memarlıqdan Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə kimi gəlib çıxan adam, bundan o tərəfə də keçə bilərdi. Sağ olsun, müəllim də kümfürsətçilik etmədən, elə yolüstü “İctimai birliklər və dini qurumlar komitəsi”nə də girə bilib. “İşləyəndə” dişləmək belə olur…
Dostlar, indi görürsünüz Azərbaycan Milli Məclisi nə gündədir? Bu hələ çox kiçik araşdırmadır, daha genişinə hələlik vaxt yoxdur. Elə gülməli və acınacaqlı vəziyyət var, bu parlameti buraxıb, təzədən tutub, sonra təzədən yenə buraxmaq lazımdır. Hələ utanmırlar, maaşlarından da şikayətlənirlər.
Çətindir e, çox çətin.