Fikrət Hüseynli
QIRILIB QURTARMAYACAQ QIRIM, DÖNÜŞ MÜTLƏQ OLACAQ!
2017-nin uzun olan 7 günü!
Uzaq yola çıxmaq çətindir. Çünki gedişi olsa da, dönüşü olmaya bilər. Ona görə yolu yaxından salmaq istəyirsən. Və birdə görürsən ki, 7 günlük getdiyin yerdən 7 aya zorla dönürsən. Necə ki, mən Ukraynaya 2017-ci ilin oktyabrın 7-sində 7 günlük səfər edib, 14 oktyabrda Kiyevdən Düsseldorfa dönərkən həbs edildim. Və bu 7 ayda böyük bir savaş verdim. Təbii, indi əksəriyyət mənim Ukraynada başıma gələnlərlə bağlı yazacağımı düşünür. O ağır və maraqlı günlərdən mütləq yazacam. Amma ən öncəsi 7 ayda məni daha çox narahat edən mövzudan yazmasam vicdanım rahatlıq tapmaz. O mövzu ki, hər dəfə yadıma düşəndə istər istəməz ürəyimdən bir sızıltı keçir. Özümü günahkar bilirəm. Rahatlıq tapa bilmirəm…
Demokratiyanın daralan sərhədləri
İllərdir başımızı özümüzə o qədər qatıblar ki, kənara boylanıb baxa bilmirik. Bizim olanları belə unutmuşuq. Son 25 ildə Azərbaycan inkişaf edib əzilmək də olan xalqlara əl tutmaqdansa, daxildə bir-birimizi əzməyə başladıq. Daha doğrusu, yuxarıdakılar aşağıdakıları əzməyə çalışdılar. Əzdilər, öldürdülər, xilas üçün baş alıb məmləkətdən getdik. Amma bu vuruşma beynəlxalq miqyasa çıxdı. Və günün birində Azərbaycanda başımızın üstündə dayanan domokl qılıncının Ukraynada da önümü kəsdiyini gördüm…
Bilirsiniz, dəhşət odur ki, dünyada sərhədlərin açılıb, parçalanmış xalqların, ölkələrin birləşdiyi bir zamanda bizlərin sərhədləri getdikcə daralır. Bir zamanlar doğulduğum Ermənistana gedə bilmirdimsə, sonra İran, Rusiya buna əlavə olundu. İndi də Ukrayna, Türkiyə və Gürcüstan. Göründüyü kimi, demokratiyanın sərhədləri bizim üçün getdikcə daralır. Azadlığımız dünyanın bir küncünə sıxılır. Və bu sıxılmaların fonunda son 200 ildə ən müxtəlif faciələrlə üz-üzə qalan Krım tatarlarının harayına yetmək də aciz qalmağımı özümə bağışlaya bilmirəm. O torpaqlarla təbii ki, məni birləşdirən bir genetik bağ da var… Eyni zamanda ancaq virtual olaraq gördüyüm o torpaqların əsl sahiblərinin – Krım tatarlarının faciəli tarixi və taleyi məni rahat buraxmır.
Çardan sonra ilk cümhuriyyət
Bilirəm, sizlərin bir çoxu da Kreml təbliğatının təsirindəsiniz. Düşünürsünüz ki keçmiş sovetlərin rəhbəri Nikita Xuruşov tərəfindən Krım Ukraynaya verilib. Ona qədər isə Krım Rusiya Federasiyasının ərazisi olub. Bu, Kremlin təbliğatıdır. İllərdir 26 min 100 kvadrat kilometr olan bu torpaqları Kreml hər kəsə Rusiya ərazisi kimi sırımağa çalışır. Azərbaycan kimi yarımqapalı dövlətlərdə təbii ki, belə təsirə düşənlər çoxdurlar. Amma məsələ burasındadır ki, 1917-ci ilin dekabrında keçmiş Rusiya Çarlığı ərazisində qurulan ilk cümhuriyyət Qırım (Kırım) Tatar Halk Cümhuriyyətidir. Cümhuriyyətin paytaxtı Baxçasaray, cümhuriyyətin rəhbəri isə Noman Çələbiçihan (Noman Çələbiçi Xan) olub. 1918-ci ilin yanvarında Tavridi adlı qondarma sovet respublikası adıyla bolşevik işğalına məruz qalıb. 1921-ci ilə qədər Kırımda müstəqillik savaşları aparılıb. Lakin bolşeviklərin qalib gəlməsi, Osmanlı İmperiyasının Krım Tatarlarına sahib durmaq gücünü itirməsi 1921-ci ildə Krımın öncə Rusiya Sovet Federativ Respublikasının, qısa müddətdən sonra isə Ukrayna Sovet Respublikasının tərkibinə daxil olmasına səbəb oldu. Amma Krım yenə də muxtar respublika kimi ərazi olaraq sərhədlərilə birlikdə tanınırdı.
QIRIM HALK CÜMHURİYYƏTİNİN BAYRAĞI
QIRIM HALK CÜMHURİYYƏTİNİN GERBİ
Milli çoxluqdan etnik azlığa doğru
Bolşevikləri işğalından sonra Kırım Muxtar Sovet Sosialist Respublikasında davamlı olaraq repressiyalar aparıldı. Xilas ola bilən bəy və xan nəsilləri, nisbətən imkanlı təbəqə o zamanlar yeni qurulan Türkiyə Cümhuriyyətinə və bəzi Avropa ölkələrinə qaçdılar. Yeni qurulan Türkiyə Cümhuriyyətinin Sovetlər Birliyi ilə münasibətlərinin yaxşı olması, Krım tatarlarına qarşı olan basqılara diqqət ayırmağa imkan vermədi. Bolşevik ruslar isə qolçomaqçılıqla mübarizə adı altında 1921-ci ildən 1940-cı illə qədər davamlı olaraq Kırım tatarlarından nüfuzlu ailələri və insanları Urala, Sibirə sürgün edirdi. Məhz bunun nəticəsində ada işğal olunana qədər əgər, əhalinin 70 faizi Krım tatarları idisə, 1930-cu illərdə artıq yerli əhalinin 25-30 faizini tatarlar təşkil eidrdi. Sürgün edilmiş tatarların evləri Orta Şərqdən gətirilmiş ermənilərə və rus hərbçilərinə verilirdi. Bununla da tatarların əmlakı talan edilir, özləri isə adada etnik azlığa çevrilməyə başlayırdılar. Bütün bu repressiyaların qarşılığında belə, Krım tatarları davamlı olaraq müstəqillik uğrunda mübarizə aparırdılar. 1932-33-cü illərdə Sovet Rusiyası Ukrayna ərazisində – xüsusilə Krımda əhalinin sayını azaltmaq üçün “QOLOOMOR” adlanan süni aclıq proqramını həyata keçirdi. Nəticədə sürgündən xilas ola bilən xeyli tatar da bu prosesdə həyatını itirdi. Lakin faciələr bununla yekunlaşmadı. Sovetlər tərəfindən hər cür təzyiqə məruz qalmış tatar xalqı vəziyyətdən çıxış yolu axtarırdı. 1922-ci il qərarına görə, rəsmi olaraq adanın aborigen xalqı olaraq tanınırdılar. Ancaq qeyd etdiyim kimi, Kreml onları məhv etmək də israrlı idi…
48 saata sürgün edilən Krım
2-ci dünya müharibəsinin başlaması və almanların Kırımı sovet işğalından azad etməsi yenidən müstəqillik məsələlərini gündəmə gətirdi. Sovetlər tərəfindən davamlı olaraq əzilən Kırım tatarları haqlı olaraq almanların gəlişilə yenidən müstəqil cümhuriyyət qurmaq planlarını gündəm gətirdilər. Lakin almanların müharibədə uduzması və Krımın yenidən sovetlərin nəzarətinə keçməsi tatarların faciəsilə nəticələndi.
Almanların tatarlardan ibarət özünü müdafiə dəstələrində təxminən 20 min tatarın olmasını bəhanə edən sovet rəhbərliyi 1944-cü il mayın 18-də Sovet Dövlət Müdafiə Komitəsinin qərarı ilə tatarların Orta Asiya, Ural və Sibirə sürgün edilməsiylə bağlı dəhşətli bir qərar verdi. Sürgün prosesini həyata keçirmək üçün 32 mindən çox sovet əsgəri prosesə cəlb edildi. Kırmdakı 140 kənd və qəsəbədə məskunlaşmış tatarlar səhər gözlərini açanda artıq ordu birləşmələri onların evlərinin qarşısını kəsmişdi. İnsanları evlərindən zorla çölə atıb, kənd, şəhər qəsəbə mərkəzlərinə toplayırdılar. Əmrə görə, insanlara evlərini tərk etməyə 20 dəqiqə vaxt verilməli idi. Amma bu vaxt da onlara tanınmırdı. Adamları yerlərindən qaldırıb, paltarlarını belə geyinməyə imkan vermirdilər. Əmrə tabe olmayanlar güllələnir, öldürülür, işgəncəyə məruz qalırdılar. 1944-ci il mayın 18-də başlayan sürgün əməliyyatı 1944-cü il mayın 20-də yekunlaşdı.
Rəsmi rəqəmlərə görə, 238 min 500, qeyri-rəsmi rəqəmlərə görə isə 350 mindən artıq tatar sürgün edilmiş, 10 minə yaxın tatar itgin adıyla yoxa çıxmışdı. Tatarların evlərinə isə Rusiyanın müxtəlif yerlərindən gətirilən rus ailələri və Orta Şərqdən gətirilmiş erməni və digər etnik azlıqların yerləşdirilməsi davam edirdi. Nəticədə Kreml, Stalin istəyinə nail oldu. Tatarlar adada etnik azlığa çevrildi. Bu prosesdə mən kimisə günahlandımaq istəmirəm. Lakin fakt ondadır ki, həmin dövrdə tatarların bir çoxu həm də Türkiyə casusu adıyla sürgün edilib, öldürülüb işgəncələrə məruz qalsalar da, həmin dövrdə Türkiyə Cümhuriyyətinə rəhbərlik edənlər buna etiraz etməmiş, bütün bu faciəni görməzdən gəliblər təəssüf ki…
Məhv edilən tatar nəsli..
Bu sürgündən çox keçməmiş Orta Asiyada və Sibirdə, Uralda tatarların 25-30 faizi aclıq və xəstəliklərdən öldülər. Ölənlərin əksəriyyəti 20 yaşına qədər olan yeniyetmələr idi.
Tatarlar sürgün olunduqları Qazxstan, Özbəkstan, Sibir, Mari Muxtar Respublikasında, Uralda xüsusi düşərgələrdə saxlanılır, heç bir əmək haqqı verilmədən ən ağır işlərdə işlədilirdi.
Bütöv bir xalq məhv edilir, lakin kimsə buna etiraz etmir, insanlar sovetlərin qüdrətindən danışırdılar. Qırmızı bolşevizmi isə tatarları məhv edirdi… Krım Rusiya Sovet Sosialist Respublikasının tərkibinə qatıldı, muxtariyyət ləğv edildi və o vilayətə çevrildi.
Stalin öldü, sürgün isə davam edir!
Stalinin ölümündən sonra Xuruşovun aqressiya və qorxunu azaltmaq üçün həyata keçirdiyi stalinsizləşdirmə siyasəti nəticəsində Krım Muxtar Respublika olaraq təkrar Ukrayna Sovet Respublikasının tərkibinə qayıtsa da, tatarların öz yurdlarına qayıtmasına icazə verilmədi. Stalinin qoyduğu qadağa 1989-cu ilə qədər davam etdi. Tatarlar Özbəkistan və Qazaxstanda dəfələrlə aksiya keçirsə də, bu etirazlar hər dəfə sərt formada yatırılırdı. Lakin sovetlərin çöküşü tatarların dönüşü oldu. Rəsmi məlumata görə, 1990-cı illərdən sonra 250 mindən çox tatar Krıma döndü. Muxtar Respublikada yenidən aborigen xalq öz haqlarına sahib olmağa başladı. Doğrudur, geri dönənlər yurlarını, evlərini talan edilmiş, başqalarının sahibləndiyini sahibləndiyini gördülər. Amma tatar əzmkarlığı onlara ruh verdi. Yenidən özlərinə yurd etdilər.
Diktatorlar ölər, planlar ölməz!
Təəssüf ki, Kremlin yenidən imperiya hisslərinin qızışması Krımın 2014-ci il martın 17-sində saxta və heç bir hüquqi qüvvəsi olmayan referendumla Rusiya işğalına düşməsilə nəticələndi. İndi tatarlar öz hüquqları uğrunda savaşır. Bu gün Ukraynada on minlərlə tatar qaçqını var. Bütün həyatını Krım tatarlarının yurdlarına qayıdışına həsr etmiş Mustafa Cəmil Kırımoğlu bu gün Rusiya tərəfindən düşmən elan edilib. Hər gün tatarlar Krımda Kremlin siyasi və hərbi basqısına məruz qalırlar. Stalin repressiyalarının ildönümünü belə qeyd etməyə icazə vermirlər. Kəndlərin, yaşayış və qeyri-yaşayış yerlərinin adları ruslaşdırılır..
Böyük öndər Mustafa Ağa
2017-ci il, dekabr, Ukrayna, Kiyev. Mustafa Kırımoğlu ilə
Ötən ilin dekabrında mən Ukraynada Mustafa bəylə görüşdüm. Görüşdə məqsədim ondan bir ağsaqqal kimi kömək istəmək idi. Təbii, mənim üçün ağır idi. Müstəqil Azərbaycanda dövlət başında oturanların vəya dövləti vəzifələri ələ keçirib Azərbaycan adından çıxış edənlərin təqiblərilə üz-üzə idim. Azərbaycan rəhbərliyi Ukrayna rəhbərliyilə razılaşıb mənim məhvimə qərar vermişdilər. Bu olaylarda məni ən yaxşı anlaya biləcək şəxs Mustafa bəy idi. Onunla görüşdə ömrünün 74-cü baharını yaşayan ağsaqqalın bir gənc kimi yenə özgürlük savaşının önündə olduğunu gördüm. Amma gözlərində bir hüzn var idi. Əslində mən ona bu görüşdə “Krımın azadlığı üçün nə edə bilərəm” deməli idim. Amma Azərbaycan hakimiyyətinin Ermənistandan qaçqın düşmüş bir azərbaycanlını Ukraynada erməni prokurorla əzmək istəməsi bunu deməyə imkan vermədi. Mustafa ağadan Ukrayna baş prokuroru Luçenkoya məktub yazmasını xahiş etdim.
Dinlədi məni, qaşlarını çatdı. Köməkçisinə zəng vurub Arsen bəyə tapşırdı ki, məktubu hazırlasın. Dedi Luçenkoya zəng vuracam. 2 günə məktub hazırlandı və ünvana göndərildi. Mustafa ağa Luçenkoya zəng vurub məni Azərbaycana ekstradisiya etməməyi xahiş etdi. Nəticədə Ukrayna baş prokurorunun azərbaycanlı həmkarı Zakir Qaralova qolu qandallı məhbus hədiyyəsi göndəriləsi olmadı.
Bağışlamayın bizi..
Bu xilasdan sonra düşündüm. Tarixdə müstəqil cümhuriyyyət qurmaq çətindir, ağırdır, qismətdir. Və qismətə bax ki, bütün tarixi boyu azadlıq savaşı verən Krım xalqı bir gün olsa belə, azad olmaq istəyir. Azərbaycan isə müstəqil cümhuriyyət kimi öz azad insanlarını əzməklə məşğuldur. Bu tarixinmi ironiyasıdır, yoxsa sadəcə, faciəli tarixdir bilmirəm. Onu bilirəm ki, sürgünün 74-cü il dönümündə mən özümü Krım tatarlarının qarşısında günahkar bilirəm. Əfv istəmirəm, güclənib, birləşib, arzularımızı reallaşdırmağı istəyirəm.
Məqaləni sürgün və faciə qurbanlarının xatirələrinə həsr edirəm.
Bağışlamayın bizi…