Müxalifət liderindən 19 oktyabra təsirli çağırış
Azərbaycan böyük dəyişikliklər ərəfəsindədir. Bunu anlamaq üçün politoloq olmağa ehtiyac yox. Artıq ölkənin ucqar dağ kəndində yaşayan çoban da anlayır ki, bu düzənin dəyişməsi uzun sürməz. Əslində, 19 yanvardan sonra dinc aksiyaların qarşısı alınmasaydı, ölkə köklü dəyişikliklərə doğru daha böyük məsafə qət etmiş olacaqdı. Amma hakimiyyət adəti üzrə zora sığınıb bir az da zaman qazandı. Hərçənd, bu dirənişin uzun davam etməyəcəyini də sistemin böyüyündən kiçiyinə qədər hamısı bilir. 8 oktyabrda aksiyalara qoyulan qadağanın aradan qalxması hakimiyyətin məlum durumdan xəbərdar olduğuna daha bir sübutdur. Şəhərin mərkəzində keçirilən həmin aksiyadan 19 oktyabr mitinqinə müraciət cəmiyyətdə bir az da canlanma yaratdı. Dünən AXCP sədri Əli Kərimlinin canlı yayımdan mitinqin istənilən halda keçiriləcəyi haqqında verdiyi bəyanat isə məsələyə son nöqtəni qoydu. Müxalifət lideri “biz bu müddətdə çox güzəştə getdik, səbr göstərdik, amma 19 oktyabr aksiyası mütləq keçiriləcək, o bizim konstitusion hüququmuzdur” dedi. “Biz birmənalı olaraq dinc aksiyaların tərəfdarıyıq, heç bir zorakılıqdan, qarşıdurmadan söhbət gedə bilməz, hakimiyyət də məsuliyyət hiss edib xalqın mitinq tələbi ilə razılaşmalıdır ” dedi. Ə. Kərimli bildirdi ki, müxalifət mitinq üçün şəhərin mərkəzinə yaxın bir meydan veriləcəyini gözləyir, əks halda, aksiya 28 meydanında keçiriləcək.
“Bu yolda həbsimə, canımı fəda etməyə hazıram…”
Artıq bütün bulanıq sular durulmuş sayılır. Ə. Kərimli o gün əsl liderə yaraşan hər şeyi dedi. Dedikləri ilə uzun illər apardığı ardıcıl mübarizəyə bir daha sadiq olduğunu sübuta yetirdi. Bir daha isbat etdi ki, sədaqət hissi bir diktatora, bir bütə deyil, prinsiplərə, dövlətə və dövlətçiliyə olmalıdır. Şəxsi maraqlar naminə yarıtmaz birinin uzun illər hakimiyyət başında qalmasına vasitəçi olub, bunu dövlətçiliyə xidmət adlandırmaq sədaqət deyil, xəyanətdir. Birini bütləşdirib, ətrafında qapalı dairə yaratmaqla ölkəni talayıb dağıtmaq, milli maraqları ayaqlar altına atmaq bir şəxsə sədaqət sayılarsa, bir xalqa arxadan xaincə vurulan güllə sayılar. On illərdir bu ölkənin anasını ağlar qoyanlardan o təmənnalı, saxta “sədaqətin” və xəyanətin hesabını sormaq zamanı gəldi artıq. “O gün mən özüm də meydanda olacam, siz də gəlin, əgər mən həbs olunaramsa, aksiyanın kütləviliyinə yardım edin. Bu yolda həbsimə, canımı fəda etməyə hazıram. Yüzlərlə Əli Kərimlilər qurban olsun bu millətə”- dedi müxalifət lideri tarixi çıxışında.
Lider meydanda və onunla tarix yazmağın zamanıdır!
Əli Kərimli 19 oktyabr mitinqinə çağırışı ilə bütün ölkə vətəndaşlarına mesajını verdi. O mesaj ölkə başçısından tutmuş polisə və orduya, müəllimindən tutmuş fəhlə və kəndliyə kimi hər kəsə ünvanlanmışdı. O mesaj dövlətə, xalqa, ölkəyə, əqidəyə sədaqətin əsl nümunəsini ortaya qoydu. O gün xalq əmin oldu ki, qarşısında gerçəkdən xalqına və dövlətinə təmənnasız xidmət edən bir lider var. Xalq həmin gün inandı ki, o çağırışı edən böyük ideallara, millətə, dövlətçiliyə sədaqətin ən gözəl nümunəsini yarada bilən bir mübarizə adamıdır. Həmin tarixi çıxışı sosial şəbəkə üzərindən canlı izləyən minlərlə insan aksiya günü axın edib, öz liderini evinin qarşısından meydana qədər qoruyacağını bəyan etdi. Minlərlə izləyici o gün liderini meydanda müdafiəsiz qoymayacağını bildirdi. İndi sədaqət nümunəsi göstərmək sırası səndə, Azərbaycan xalqı! O gün öz liderinin yanında olub taleyini dəyişmək sənə düşür! İnan ki, artıq bu ölkədə dəyişim an məsələsidir. Artıq bunu dünyanın şərtləri və zaman diktə edir. 26 illik mürtəce rejimdən xilas olmağın məqamıdır. Meydanlar səni gözləyir, böyük xalq!