Milli Şuranın 19 oktyabra təyin etdiyi mitinq 28 May metrostansiyasının qraşısındakı meydanda olacaq. Aksiya saat 15:00-da başlayacaq. Mitinq üçün bu ərazinin seçilməsinə səbəb hakimiyyətin mitinqlə bağlı təşkilatçılara verdiyi dolayı “yox” cavabıdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı müraciətə cavabında yenə də aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib. Milli Şura isə bu təklifi əvvəldən elan etdiyi kimi, rədd edib.
Milli Şuranın mövqeyini AXCP sədri Əli Kərimli feysbuk səhifəsində paylaşıb:
“19 oktyabr mitinqi keçiriləcək! Rejim növbəti dəfə Konstitusiyanı pozdu. Bakı Şəhər İcra Hakimiyyəti 19 oktyabr mitinqini Lökbatanda keçirməyi təklif edib. Əvvəlcədən demişdik, Lökbatan mitinq yeri ola bilməz. Ümumiyyətlə Bakı Şəhər İcra Hakimiyyəti mitinqin yerini və vaxtını dəyişə bilməz. Biz Konstitusiyaya uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətini xəbərdar etmişdik ki, Milli Şura olaraq mitinqimizi 19 oktyabr, saat 15:00-da 28 may metrosunun qarşısındakı meydanda keçirəcəyik. Həmin vaxtda, həmin yerdə (həmin yerə nə qədər yaxınlaşa bilsək) mitinqimizi keçirib, şüarlarımızı səsləndirəcəyik. Mitinqimiz istisnasız olaraq dinc olacaq. Xalqımız dinc, lakin kütləvi mübarizəyə sədaqətini göstərəcək. Xalqımız konstitusion hüququnun məmurlar tərəfindən əlindən alınması ilə barışmamalıdır!”.