Sevgi və nifrət qədər təzadlı…
Dövlət başçısı ölkənin simvoludur, milyonlarla insanın taleyinə cavabdeh şəxsdir. Dövlət başçısı sosial statusuna, cəmiyyətdəki yerinə, düşüncəsinə, siyasi mövqeyinə fərq qoymadan hər kəsi sevgi ilə qucaqlamağı bacarmalıdır. Dövlət başçısı ona səs vermiş milyonların qarşısında içdiyi anda sadiq qalaraq, onlara xidməti bir şərəf işi saymalıdır. Bir xalq və ölkə adına çiyninə götürdüyü məsuliyyətin böyüklüyünü dərk edərək, öz nitqini və davranışını buna uyğunlaşdırmalıdır. Yüksək kürsülərdə öz vətəndaşına nifrət püskürən adamdan dövlət başçısı olmaz. Müxalif düşüncəli rəqiblərini hər fürsətdə aşağılayan, təhqir edən, onların ünvanına olmazın həqarətlər yağdıran adam dövlət adına ləkədir. Siz heç İlham Əliyevi AXC hakimiyyəti dövrünün prezident Əbülfəz Elçibəylə müqayisə edə bilərsiniz? Doğrudan da, xalqın qanı üzərində hakimiyyətə gəlmiş bir diktatorla milyonların könlünü fəth edərək prezident seçilmiş bir demokratın nəyini müqayisə edəsən? “Xalq”, “vətən”, “torpaq” deyəndə gözləri işıqlanan bir mənəviyyat adamı ilə, ağlında hakimiyyət, pul və lüks həyatdan başqa heç nə olmayan maddiyyat adamının nəyini müqayisə edəsən? Xarici sərmayədarlarla Azərbaycan neftinin hər bareli uğrunda mübahisə edən bir şəxsiyyətlə, neftdən gələn 148 milyardı övladlarının adına açılan ofşor şirkətlərinə köçürən korrupsionerin nəyini müqayisə edəsən? “Buraxın, kim harda etiraz aksiyası keçirir, keçirsin, kim məni söyür, söysün” deyən prezidentlə, müxalif fikirli insanları həbsxanada çürüdən feodalın nəyini müqayisə edəsən? Ayaqqabı istəyən qızına “maaşı gözlə” deyən dövlət adamı ilə, heç bir yerdə işləməyən meşşan qızlarının adına milyardlıq şirkətlər açan cinayətkarın nəyini müqayisə edəsən? Azərbaycan insanı iyirmi altı illik Əliyev hakimiyyət zamanında ona sevgi ilə səslənən dövlət adamına həsrət qaldı. Bu hakimiyyət ölkəyə nifrət və düşmənçilikdən başqa bir şey gətirmədi. Zorakı yolla hakimiyyəti qəsb etmiş İlham Əliyevin illər boyu təhqiramiz sözlərini eşitdi yüksək kürsülərdən insanlar.
Tarixin qara ləkəsi bu hakimiyyət deyilmi?
İlham Əliyevin siyasi opponentlərinə qarşı nümayiş etdirdiyi düşmən münasibəti gördü bu 16 ildə. Baxın, onun xalqa, xalq hakimiyyətinə münasibəti bu ifadələrdə əksini tapıb: “Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi.” Başqa bir nitqində o, ölkənin müstəqillik tarixinə adını qızıl hərflərlə yazdırmış insanlar haqqında belə deyir: “Bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və böyük dərəcədə buna nail ola bilmişik… O ki, qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb və bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır.” Əliyevin dövlətçilikdən və dövlət adamlığı anlayışından xəbəri olsaydı, 16 illik prezident kürsüsündə 27 il əvvəlin bir illik AXC hakimiyyətini ittiham etməzdi. Həm də bunu prezidentə yaraşmayan küçə ritorikası ilə təhqiramiz şəkildə etməzdi. On altı ildə on altı qəpiklik iş görmədən özünü 3 dəfə ard-arda prezident elan etmək də bunun açıq sübutudur. Əliyev niyə hər addımda ölkəyə müstəqillik qazandırmış ilk xalq hakimiyyətini təhqir edir? Onun AXC hakimiyyəti ilə bağlı yaşadığı kompleks nədir belə? Əslində, cavab sadədir, o, xalqın seçmədiyi biridir və on altı ildir bunun kompleksini yaşayır. Adam on altı ildir “ondan siyasətçi çıxmaz” deyimini isbatlamağın yolunu xalqa qan uddurmaqda görür. Adam xalqdan qisas alırmış kimi, qanunu, məhkəməni, polisi oyuncağa çevirib, onları şəxsi xidmətçisi səviyyəsinə qədər endirib.
Əliyev Elçibəyə olan xalq sevgisinə qəzəblidir
İlham Əliyev anlamır ki, onun fəaliyyətini Elçibəy hakimiyyəti ilə müqayisə etmək ona xeyir gətirməz. O, on altı ildir öz yalanları ilə xalqı aldadır və onları əzib ram etmək üçün bütün irticaçı üsullardan istifadə edir. Ata Əliyevin on illik hakimiyyətini də üstünə gəlsək, iyirmi altı il keçib, neftdən gələn 148 milyard havaya sovrulub, Qarabağ nağılları yalan çıxıb, yüz minlərlə həyatlar məhv olub. Ölkə insanı qan donduran bir yoxsulluq və zəlalət girdabında. Milli maraqlar ayaqlar altında, ortada dövlət və dövlətçilik adına heç nə yox. Və belə bir acınacaqlı mənzərə qarşısında İlham Əliyev çıxıb bir illik AXC hakimiyyətini lənətləyir. O birillik AXC hakimiyyəti dövründə nələr edildiyini bir də qısaca xatırlayaq. Azərbaycan Silahlı Qüvvələri yaradıldı və ilk milli parad keçirildi, sovet respublikaları arasında rus ordusu ilk olaraq Azərbaycan ərazisindən çıxarıldı, Brüsseldə Avropa İttifaqı Dağlıq Qarabağa dair ilk bəyanat qəbul, Qarabağ müharibəsi zamanı genişmiqyaslı uğurlu hərbi əməliyyatlar aparıldı (Ağdərə bölgəsi, Goranboy ərazisi, Laçının 33 kəndi, Cəbrayılın 10 kəndi erməni və rus silahlı birləşmələrindən təmizləndi), keçmiş sovet dövlətləri arasında ilk dəfə test üsulu ali təhsil ocaqlarına imtahanın keçirilməsi baş tutdu, mindən çox gəncə onlarca xarici ölkədə nadir ixtisaslar üzrə təhsil almaq imkanı, uzun müddət müzakirə obyekti olmuş latın əlifbasına keçidə nail olundu, Milli Bankda valyuta ehtiyatı 156 milyon dollara çatdı, 1.5 ton qızıl və digər qiymətli metalların toplandığı Dövlət Ləl-cəvahirat Fondu yaradıldı. Əslində, İlham Əliyev Elçibəyə olan xalq sevgisinə qəzəblidir. O, diktator atasının belə bütün hallarda Rəsulzadə dəyərlərinin varisi, böyük demokrat və vətənpərvər Əbülfəz Elçibəyə uduzduğunu bilir. Tarix də onları olduğu kimi qiymətləndirəcək. Birini ailə hakimiyyətinin əsasını qoyan diktator kimi, birini isə xalqın sevgisi ilə könüllərdə taxt qurmuş demokrat kimi.