![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2018/07/ilham-huseyn-1.jpg)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn bu gün, dekabrın 15-də həbsdən buraxılıb. Bu barədə İlham Hüseyn özü məlumat verib.
O bildirib ki, oktyabrın 16-da saxlanıb. Deməsinə görə, əvvəl Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb, 7 saat orada saxlandıqdan sonra Respublika Narkoloji Mərkəzinə gətirilib, oradan rəy alınıb ki, guya qanında narkotik var.
Bunu uydurma sayan AXCP funksionerinin vurğulamasına görə, o, İnzibati Xətalar Məcəlləsinin 206 ( Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə günahlandırılıb.
İlham Hüseyn 2 ay həbsdə qaldığını əlavə edib. Onun deməsinə görə, Sabunçu rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbsindən apelyasiya şikayəti versə də, rədd cavabı alıb. İlham Hüseyn Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini söyləyib.
İnzibati həbsini siyasi fəaliyyəti ilə izah edən AXCP funksioneri qeyd edib ki, o küçədə evə çörək alarkən saxlanıb.
AXCP funksionerinin bu açıqlamasına, hələlik, Sabunçu Rayon Məhkəmsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Amma rəsmilər bir qayda olaraq ölkədə insanların şərlənərək, dinc siyasi fəaliyyətlərinə görə, həbs edilməsi ilə bağlı deyilənləri təkzib edirlər.
Azadliq Radiosu