Qərbə “Rusiya ilə yola davam” mesajı
Mehriban Əliyeva illərdir ətək-ətək pul töküb reklamını apardığı Avropadan niyə üz döndərdi görəsən? Azərbaycan xalqının qanından-canından çıxan bu pullar boşamı getdi yəni? Birinci ledinin xüsusi qadın hiyləgərliyi ilə “xeyirxahlığı satın alaraq” Əliyevlər hakimiyyətinin ömrünü uzatmaq planı iflasamı uğradı? Belə görünür. Görünür ki, Əliyevlərin bütün hiyləgərlikləri dünyada ifşa olunub, bütün iplər qopub və öz prezidentliyi üçün qərbdən təminat ala bilməyən xanım üz tutub Rusiyaya. Ər-arvad Əliyevlərin Rusiyaya sığınaraq, onlardan imdad diləməsi nələrin bahasına başa gəlib, təsəvvür edirik. İllərdir bu antimilli rejim Putin hakimiyyətini yedirməklə məşğuldur. On illərdir Ermənistanı silahlandıran, Xocalı faciəsinin birbaşa iştirakçısı olan və son mesajında “Qarabağdan gözünüzü çəkin” ultimatumu verən Rusiya son sığınacağıdır bu xain rejimin. Mehriban Əliyeva Kreml səfəri ilə mesaj verdi ki, o, bütün alçaldıcı şərtlərlə ərindən sonra hakimiyyəti ələ almağa hazırlaşır və bu işdə ona Putin dəstək verəcək. Yazdığımız kimi, Əliyeva çox məkrli qadındır, moda düşkünü və estetik əməliyyatlar xəstəsidir, amma o hər nədirsə, siyasətçi deyil. O da polis gücünə sığınmış despot əri kimi vitse-prezident adına siyasi karikaturadır. Nə yazıq, 100 il bundan əvvəl cümhuriyyət prinsipləri əsasında bünövrəsi qoyulmuş, 70 illik rus əsarətindən sonra bərpa edilmiş Azərbaycan hakimiyyətinin başında belə adamların dayanmasına! Xanım Əliyevanın Rusiyadan aldığı “Dostluq” ordeni də, onun Kremldə şəxsən Vladimir Putinlə görüşməyi də “Rusiya ilə yola davam” mesajıdır. Bu təkcə hikkəli xanımın hakimiyyəti ərindən miras almaq iddiası deyil, həm də xalqa meydan oxumaqdır, “sizin Avropaya inteqrasiya istəyiniz bizim vecimizə deyil, hakimiyyətimizə dayaq duran kimdirsə, onun yanındayıq” həyasızlığıdır.
100 illik cümhuriyyət dəyərlərindən imtina
Bir 100 il əvvəlki cümhuriyyət dövrünün vətən fədailərini xatırlayın, bir də rus köləliyi üçün Kremlə sürünən bu antimilli hakimiyyət hərislərini. Bir o dövrün baş naziri Nəsib bəy Yusifbəylinin atasına maddi yardım üçün yazdığı məktubu xatırlayın, bir də bunların dövlət büdcəsindən ataları üçün xərclədiyi milyardlara baxıb köks ötürün. Bir uzaq sürgündə ölkə-ölkə dolaşıb, Azərbaycanın müstəqilliyi üçün lobbiçilik edən böyük Rəsulzadəni xatırlayın, bir də 26 illik ailə hakimiyyətinin uzadılması üçün xaricdə min cür hoqqadan çıxan Əliyevlər cütlüyünə nəzər salıb göz yaşı axıdın.
Görün, bu ölkə 100 ildə hardan hara gəlib?
Görün, demokratik cümhuriyyət dəyərlərinin bərqərar olması üçün həyatından keçən babalarımızın yerini kimlər alıb! Dövrəyə ailəsinin 26 illik hakimiyyətini davam etdirmək havasına girən hikkəli xanım girib. O, ölkənin xəzinəsini təkcə öz bahalı qarderobuna və plastik əməliyyatlarına xərcləməklə kifayətlənmir, həm də böyük israfçılıqla siyasi ambisiyalarına xərcləyir. Ölkənin milyardları karyerist Əliyevanın orden-medal və titul xəstəliyinə israf olunur. Vitse-prezident xanımın hazırda böyük orden-medal kolleksiyası yaranıb. Bu ordenləri manken xanıma hansı xidmətləri sayəsində veriblər, sizcə? Bəli, Heydər Əliyev Fondunun xarici ölkələrə səpdiyi milyardlar, lobbiçilik adı altında xəzindən oğurlanan rüşvət pulları, “kürü diplomatiyası” sayəsində. Əliyeva siyasi karyerası üçün xalqın iradəsini ayağının altına qoyan o qadındır ki, YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri adlarını belə rüşvətlə alıb. “Kürü diplomatiyası” biabırçılığının içindən YUNESKO-nun rəhbəri İrina Bokovanın adı da çıxmadımı? Onun həyat yoldaşının gizli hesablarına oğurluq köçürmələr getdiyi sənədli-sübutlu ifşa olunmadımı? Kremldən gələn “Dostluq” ordeni də ucuz başa gəlməyib, şübhəsiz. Rusiya boşuna kimə nə verər ki?
Əlbət ki, bu da sıradan bir orden deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edir, onun ardınca Rusiya Duması komitə sədrinin müavini Zatulin “Azərbaycan Qarabağ, Kəlbəcər və Laçından əl çəkməlidir, Azərbaycana yalnız 5 rayon qaytarıla bilər” deyir. Bunun ardınca Mehriban Əliyeva gedib Kremldən orden alır. Ölkənin hara yönləndirildiyinin, hansı təslimçi müstəviyə çəkildiyinin fərqində deyilmisiniz?
Şimal gəmisində kimlər batacaq?
Ölkədə hakimiyyətin vitse-prezident xanıma ötürülməsi ilə bağlı açıq bir təbliğat gedir. Bunun hansı zərurətdən doğduğunu bilmirik. Amma prezidentin “kadr islahatı” imitasiyası da, parlamentin buraxılması da onun hakimiyyət yolunu açmağa hesablanıb. Görünən odur ki, Əliyeva gəminin rotasını ərinin əlindən alıb üzü şimala tərəf aparır. Kremllə dostlaşmağa işarət edən medal da siyasi mesajdır. Əliyeva bununla həm ölkə daxilində onun prezidentliyini istəməyən Rusiya canişinlərinə, həm də “sərt” demokratik şərtlərlə Avropaya inteqrasiya tələb edən beynəlxalq güclərə yumruq göstərir. Ölkəni öz acgöz sülaləsinin şəxsi mülkü hesab edən karyerist xanım mesaj verir ki, onun hakimiyyət hirsi qarşısına çıxan hər kəsi əzməyə hazırdır. Burnu havalı və arsız vitse-diktator bunun ölkə üçün hansı ağır nəticələr verəcəyini belə hesaba almır. Hakimiyyət hərisliyi onun gözünü kor edib və ələ aldığı gəmidə çox uğursuz istiqamət götürdüyünü də anlamır. Anlamır ki, şimala doğru üzdürdüyü gəmidə birinci batan elə özü ola bilər.