Vitse-prezidenti Rusiya ilə mehribanlaşdıran vacib məqam
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/12/IMG-20191215-WA0027.jpg)
Əliyev hakimiyyəti uzun illərdir qərblə Rusiya arasında manevr etsə də, önəmli məsələlərdə hər zaman Kremlin yanında yer alıb. Bu ailəylə Rusiya arasında mistik bağlılıq, filan yoxdur. Onları sadəcə, mürtəce siyasi baxışları birləşdirir. Aydındır, sovet imperiyasının varisi burnunun ucunda Avropa dəyərlərini mənimsəmiş demokratik bir dövlət istəmir. Bu məqam eyni prinsiplərin daşıyıcısı olan cəmiyyəti istəməyən Əliyev hakimiyyətinin də işinə yarayır. Beləcə, iki totalitar sistem əl-ələ verib, bir-birinə nəfəs verə-verə yaşayır. Rusiya hər zaman birmənalı şəkildə bu hakimiyyətin dayağı olub. Bəli, ölkənin, xalqın deyil, məhz hakimiyyətin. Sələfləri kimi Putin də hər zaman ölkəsinin işğalçılıq siyasətini davam etdirib, işğalçı erməni ordusunu ölkəmizə qarşı silahlandırıb, onların yanında olub və özünün əliylə yaradılan Qarabağ münaqişəsində də onların tərəfində dayanıb. Bütün bunlar belə, antimilli Əliyev hakimiyyətinin Rusiyadan uzaqlaşmasına yetərli olmayıb. Bütün zamanlarda ölkənin maraqlarından deyil, şəxsi maraqlarından çıxış edən ailə hakimiyyəti ora son sığınacaqları kimi baxıblar. Yəqin ki, son məqamda güvənib üz tutacaqları məkan olaraq da oranı görürlər. Son zamanlar Azərbaycan hakimiyyəti daxilində dərinləşən ziddiyyətlər və hakimiyyətin ötürülməsi planına soyuq yanaşan Avropanın mövqeyi onları bir az da yaxınlaşdırıb. Xanım Əliyevanın Kremldən “Dostluq medalı” alması və ölkələrimiz arasında münasibətlərin ən yaxşı səviyyədə olmasını deməsi də bunun əyani sübutudur. Amma Əliyevlər cütlüyünü son zamanlar Kremlə çəkən başqa önəmli bir səbəb də var. Hakimiyyətin ailənin üçüncü təmsilçisinə, yəni Mehriban Əliyevaya ötürülməsini yalnız Rusiya dəstəkləyə bilər.
Rusiya istehsalı olan həmin köhnə “film”
Biz artıq Rusiya istehsalı olan bu “filmi” görmüşük. On bir il əvvəl səlahiyyət müddəti bitəndə Putin də eyni rolu oynamışdı. Prezidentliyi ən yaxın adamı Dmitri Medvedyevə ötürüb, növbəti seçkidə yenidən zühur etmişdi. O zaman Hayfa Universitetinin keçmiş SSRİ ölkələri üzrə eksperti Avinoam İdan bu ötürülməni belə şərh etmişdi: “Hazırda Rusiyada söhbət irsən alınan siyasi kursun aradan qaldırılmasından deyil, onun davam etdirilməsindən gedir. Bu vəzifəni yerinə yetirmək üçün heç də yeni siyasi profil yox, yeni sima lazımdır. Medvedyevin parlaq profilinin olmaması problem sayıla bilməz.” Əslində, Azərbaycanda baş verənlər də bənzər ssenari üzrə gedir. Hakimiyyətin nədən tələm-tələsik Əliyevaya ötürülməsi zərurəti hələ də müəmma olaraq qalır. Bu məsələ ilə bağlı bir çox versiyalar var ki, onların üzərində dayanmaq istəmirik. Amma fakt odur ki, Əliyevlər cütlüyü Rusiya ilə birlikdə Azərbaycan üçün yeni siyasi planlar cızır. Adı çəkilən ekspertin dediyi kimi, söhbət də irsən alınan siyasi kursun aradan qaldırılmasından deyil, onun davam etdirilməsindən gedir. Plana görə, bu yer üçün yeni sima sayılan Əliyevanın parlaq profilinin olmaması da problem sayılmamalıdır. Onsuz da, başından bəri Əliyevlər hakimiyyətin ailədən kənar birinə ötürülməsi planını heç yaxına belə buraxmaq istəmir. Ancaq arada Rusiya ilə Azərbaycanın durumunu fərqləndirən bir məqam var. Rusiyada on illərdir Putin tərəfdarlarının səs çoxluğunu təmin edən bir amil var-şovinizm. Ölkədə sovet təfəkküründən xilas ola bilməyən böyük çoxluq düşünür ki, hakimiyyətin demokratların əlinə keçməsi Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Bu düşüncədə olan insanların hamısı səsini Putinə verir. Azərbaycanda isə on illərdir seçki institutları məhv edilib və Əliyevlərin xalqdan səs alması imkansız məsələdir. İlham Əliyevin ilk seçkisi belə xalqın səsinin kütləvi oğurlanması ilə qanlı şəkildə başa çatıb. O vaxtdan bu yana 16 ildir eyni şeylər təkrarlanır.
Əlqərəz, Kremlin xeyir-duası ilə Mehriban Əliyeva prezidentlik vəzifəsini ərindən təhvil almağa hazırlaşır. Hikkəli xanım bu arzusuna çatmaq üçün on illərdir Ermənistanı silahlandıran, Xocalı faciəsinin birbaşa iştirakçısı olan və son mesajında “Qarabağdan gözünüzü çəkin” ultimatumu verən Rusiyaya sığınmağı da məqbul sayır. Əliyevlər cütlüyü bu plan üçün artıq Rusiyanın bütün alçaldıcı şərtlərini qəbul etmiş görünür.