![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/12/IMG-20191216-WA0008.jpg)
Mübahisəsiz, bu il tarixdə sürprizlərlə dolu bir il olaraq qalacaq. Özü də təkcə əvvəlcədən proqnoz olunan hadisələrə, kadr dəyişikliklərinə görə deyil, həm də gözlənilməz təyinatlara görə. Bəziləri deyir ki, Parlamentin buraxılması bir şou idi, bəziləri isə deyir islahatlar idi. Vaxt göstərəcək. Əslinə qalsa, son ayların siyasi təlatümləri xeyli öncədən gözlənirdi və bu haqda mətbuat dönə-dönə yazırdı. Payız aylarında parlamentin buraxılması ilə bağlı proqnozlar hələ yayın sonlarında verilmişdi. Deyirdilər ki, Əliyevlər deputatları qəzəvli idilər. Kadr dəyişikliklərini zəruri edən səbəblər də çoxdan ortada idi. Xalqın gündən-günə artan narazılığı qarşısında hakimiyyət kimlərisə qurban vermək məcburiyyətindəydi. Bir yandan da, bu dəyişiklikləri prezidentlik iddiasında olan xanım Əliyeva istəyirdi. O, klanlararası savaşda tərəf olaraq, yolundakı qaratikanları çoxdan qoparmağı planlaşdırırdı. Beləliklə, təmizlənməyə lap yuxarıdan – PA-dan başladılar. Əsl sürpriz də bu zaman baş verdi. Azərbaycan siyasətində saç ağartmış 81 yaşlı qosqoca “boz kardinalı” təqaüdə göndərib, yerinə 44 yaşlı cavan savadlı bir oğlan gətirdilər. Heç kəsin tanımadığı, ağlından keçirmədiyi, adını belə duymadığı birini. Prezident Administrasiyasına rəhbər təyin olunan Samir Nuriyevin adı nə həmin vəzifə üçün ehtimal edilən üçlükdə vardı, nə də siyasi fiqurların siyahısında. Buna deyərlər, kinder yumurtasından çıxan sürpriz fiqur! Elə bir fiqur ki, həyatı boyunca, ümumiyyətlə, peşəkar siyasətlə məşğul olmayıb. Bu təyinatdan əvvəl Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini tutub. 2018-ci il tarixli sərəncamla Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olunub. Çox ehtimal ki, son təyinatına qədər siyasətdən kənar vəzifələrdə çalışan Nuriyevə belə yüksək postun təklif olunması onun özü üçün də gözlənilməz olub.
Samir Nuriyev vitse-prezident xanımın kadrı olduğuna görə, seçimini də o özü edib. Bioqrafiyasına nəzər salanda, onun Mehriban Əliyevanın bəlli kriteriyalarına cavab verdiyi də aydın olur. Yeni PA rəhbərinin Naxçıvan klanı ilə bağlılığı yoxdur. Bakıda anadan olub. Xarici universitet diplomu var. İxtisası Mühəndis biznesi və menecmentlik olsa da, sonradan siyasət üzrə təhsil alıb. ABŞ-ın Dyuk Universitetində Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsi qazanıb. Beynəlxalq təşkilatlarla iş təcrübəsi var və xülasə, Əliyevanın komandasını təmsil edəcək biridir. Görünür, onların tanışlıqlarında Nuriyevin İçərişəhərlə bağlı fəaliyyəti də mühüm rol oynayıb. O, 2009-cu ildən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildən isə həmin İdarənin rəisi vəzifəsində çalışıb. Bu dövrlər də elə birinci ledinin İçərişəhərlə bağlı fəal fəaliyyət dövrünə təsadüf edir. 2009-cu il həm də İçərişəhərin YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılaraq əvvəlki statusunun bərpa edilməsi tarixi sayılır. Əlqərəz, hakimiyyət bənzər sürprizlərlə kadr islahatı görüntüsü yaradıb yenə insanları uyutmaq istəyir. Amma bu gözlənilməz təyinatlar da bir daha sübut edir ki, xanım Əliyevanın komandası üçün kadr qıtlığı yaşanır. Nuriyevin təyin olunduğu vəzifə məhz dərin siyasi biliklər, siyasi prosesləri analiz etmə bacarığı və mühakimə yürütmə qabiliyyəti tələb edən işdir. Belə yüksək bir post üçün bu kriteriyalara cavab verən başqa uyğun bir kadr tapmaq olmazdımı? Yəqin ki, tapsaydılar, təyin edərdilər. Sağlıq olsun, yaxın gələcəkdə sürpriz fiqurun işini də yaşayarıq, görərik. Amma, qeyd olunmalıdır ki, Samir Nuriyevin bu vəzifəyə təyin olunmasını xalq dəstəklədi. Əsad budur.